Fiziki və mənəvi baxımdan sağlam böyüyən Azərbaycan gənclərinin hərbi münaqişələrdə göstərdiyi qəhrəmanlığı unuda bilmərik

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir dövlətin gələcəyi onun gənclərindən asılıdır. Ancaq vacibdir ki, gənclər də sağlam ruhda böyüyüb dövlətinə, xalqına layiqli vətəndaş kimi yetişsinlər. Bunun üçünsə gənclərin fiziki və mənəvi inkişafına diqqət ayırmaq lazımdır. Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir.

Siyasi ekspert Mübariz Göyüşlü qeyd edir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün ölkəmizdə xüsusi olaraq dövlət proqramları icra olunur, layihələr həyata keçirilir, tədbirlər gerçəkləşdirilir:

"Ən müxtəlif istiqamətlər üzrə çalışmalar gerçəkləşdirilib. Bu işdə təbii ki, əsas olaraq  aparıcı qurumlara Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi və müxtəlif aidiyyəti dövlət qurumları, Qeyri Hökumət Təşkilatlarını və digər istiqamətlərdə olan qurumları misal göstərmək olar.
Azərbaycan əhalisinin aparıcı bir qismini gənclər, uşaqlar təşkil edir. Azərbaycan əhalisi, dövləti uşaqların, gənclərin inkişafına, o cümlədən formalaşmasına xüsusi diqqət yetirir.

Onu qeyd edək ki, gənclərlə bağlı görülən işlərin içərisində gənclərin inkişafı üzrə  dövlət proqramları icra olunur. Bu proqramda gənclərin təhsil, idman, yeniyetmələrin inkişafı, sağlam böyüməsi, formalaşması üçün kompleks tədbirlər məsələsi əks olunub.
Dövlət Azərbaycan gənclərinin, uşaqlarının  vətənpərvər böyüməsi üçün çox ciddi çalışmalar həyata keçirir. İstər məktəblərdə bu istiqamətdə təbliğat aparılır, istər əlavə olaraq dərsdənkənar tədbirlərdə, çalışmalarda da bu istiqamətdə çox ciddi fəaliyyətlər həyata keçirilir.
Biz fiziki və mənəvi baxımdan sağlam böyüyən, eyni zamanda milli dəyərlərinə sadiq olan Azərbaycan gənclərinin 44 günlük müharibədə, ondan sonrakı hərbi münaqişələrdə göstərdiyi qəhrəmanlığı unuda bilmərik. Azərbaycan dövlətinin gənclərə və uşaqlara fiziki və mənəvi tərbiyəsinə ayırdığı diqqətin nəticəsidir ki, bu qrupa daxil olan soydaşlarımız, vətəndaşlarımız istər yerli, istər beynəlxalq idman yarışlarında, istər təhsillə bağlı olimpiadalarda çox böyük yüksək nəticələr göstərə bilirlər. Azərbaycan dövlətinin idman nailiyyətləri məhz fiziki və mənəvi tərbiyəsinə çox diqqət yetirdiyimiz gənclərimizin ortaya qoyduğu nəticələrdir.
Ölkəmizdə uşaq və gənclərin fiziki inkişafı üçün regionlarda olimpiya kompleksləri yaradılıb, müxtəlif idman mərkəzləri istifadəyə verilib. Onlardan istifadə edən gənclərimiz öz sağlamlıqlarının, fiziki tərbiyələrinin qeydinə qala bilirlər. Bu olimpiya komplekslərinin tikilməsi və istifadəyə verilməsi, hesab edirəm ki, böyük, önəmli bir məsələdir.
Biz gəncləri xarici təsirlərdən qorumaqdan ötrü, uşaqlarımızın yad təsirlərə, xüsusən ideoloji təsirlərə düşməsinin qarşısını almaqdan ötrü azərbaycançılıq ideologiyasını gənclərimizə çox ciddi şəkildə təbliğ edirik. Bu azərbaycançılıq ideologiyası gənclərimizin milli-mənəvi dəyərlərə sadiq və dövlətçiliyə sadiq bir şəkildə yetişməsinə, formalaşmasına səbəb olur.
Dövlət gənclər siyasəti ilə bağlı proqramları qeyd elədik. Xaricdə təhsil proqramları həyata keçirilir ki, onlar da istedadlı gənclərin xaricdə təhsil almasına və layiqli cəmiyyətə geri dönərək Azərbaycanda cəmiyyətdə layiqli yer tutmasına səbəb olur. İstedadlı gənclərin üzə çıxarılması üçün çox böyük işlər həyata keçirilir və istedadlı gənclərə həqiqətən də Azərbaycan dövlətinin qayğısını hiss edə bilirlər. Onlar məhz Azərbaycan dövlətinin diqqəti nəticəsində üzə çıxarılıb, cəmiyyətə tanıtdırılır.
Heydər Əliyev Fondu gənclərimizin, xüsusən uşaqlarımızın fiziki və mənəvi inkişafına çox böyük diqqət ayırır. Uşaq bağçalarının, övladlarımızın, valideyn himayəsindən məhrum uşaqların qayğı ilə, dövlətin qayğısı ilə əhatə olunması, onların fiziki və mənəvi inkişafı üçün Heydər Əliyev Fondu ilə yanaşı aidiyyəti qurumlarımızın göstərdiyi diqqət və qayğı təbii ki, azərbaycanlı uşaqların adekvat şəkildə böyüməsinə, müasir zamanın tələbinə uyğun şəkildə yetişməsinə təsir edir. Azərbaycan dövləti bu məsələlərə çox böyük diqqət ayırır.
Yeni bağçaların tikilməsi, yeni uşaq, gənclər inkişaf mərkəzlərinin istifadəyə verilməsi və s.bütün bunlar hamısı dövlətimizin qayğısının nəticəsində başa gəlir. Bağçalarda adət-ənənələrimizdən tutmuş, vətənə, millətə sevgi, dəyər anlayışlarının aşılanması, milli irsimizdə olan bayram və matəm günlərinin qeyd olunması, sonra məktəbdə də bunların davam etdirilməsi, bütün bunlar hamısı fiziki və mənəvi inkişafa ciddi müsbət təsir edən amillərdəndir.
Ölkəmizdə uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili üçün qeyd elədiyimiz, istər əyləncə məqamında, istər olimpiya idman komplekslərinin mövcudluğunun təsiri önəmli bir yer tutur. Alkıqolizm, narkomaniya kimi məsələlərdən gənclərimizin uzaq tutulması üçün həm təbliğat aparılır, həm də bu istiqamətdə çox ciddi şəkildə işlər həyata keçirilir.
Bütün bu məsələlər hamısı, kompleks tədbirləri özündə əhatə edən dövlət proqramında əks olunur və eyni zamanda ayrı-ayrı belə qurumların çalışmalarında da bu fəaliyyətlər əks olunur və bütün bunlar hamısı uşaq və gənclərimizin mənəvi, fiziki inkişafının təmin olunmasında, sağlam bədəndə sağlam ruhun böyüməsinə gətirib çıxaran amillər".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31