JN.1 virusunun Azərbaycana gəlmə ehtimalı var - Mərdan Əliyev - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"JN.1 variantının aşkar olunduğu gündən bəri yüksək yoluxdurucu qabiliyyətə malik olduğu bildirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) diqqət edilməli olan bir virus ştammı olduğu xəbərdarlığını edib."

Bu sözləri Olaylar.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib:

"İndi bir çox ölkələrdə yayıldığını görürük. ABŞ, Hindistan, Çin və Avropanın bəzi ölkələrində yoluxma halları qeydə alınıb, amma virulent və patogenliyi yüksək deyil. Bu yaxşı xəbərdir, onu göstərir ki, çox ağırlaşma halı olan virus ştammı deyil. Düzdür, hələ ki tam olaraq xüsusiyyətləri öyrənilməyib, amma belə olduğu təxmin edilir."

M.Əliyevin sözlərinə görə, Azərbaycan üçün qorxulu vəziyyət görünmür. 

"Çünki, kollektiv immunitet formalaşıb, hər kəs virusa yoluxub və sağalıb. Təbii ki, yoluxmalar ola bilər, payız-qış mövsümü infeksiyalar üçün daha əlverişli mövsümdür, viruslar sürətli yoluxmaya meyilli olur. JN.1-in bizə gəlmə ehtimalı var, amma bunun çox yüksək xəstəlik törətməsi və ağırlaşma hallarının olması gözlənilmir. İnsanlar xəstələnsə də, qrip formasında keçirirlər, çox zaman xəstəxanaya da müraciət etmirlər. Ona görə də, yenidən karantin qaydalarının möhləmləndirilməsi, səhiyyə sisteminin, xəstəxanaların yüklənməsi və s. kimi halların olması gözlənilən deyil. Sadəcə fərdi şəkildə özümüzü qoruya bilərik. Kim xəstələnmək istəmirsə, toplu yerlərdə maskalardan istifadə etsinlər. Sosial məsafə və əl gigiyenası artıq COVİD-19 üçün standart tədbirlərdir. Risk qrupuna daxil olan, yaşı 65 və üzəri olan şəxslər və immun sistemi zəif olanlar da peyvənd oluna bilərlər"- deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31