Toyların "pul yağışı" adəti- bu həm qanun pozuntusudur, həm də qeyri-etikdir
22 Dekabr 2023 18:40 SosialToy iki sevən şəxsin bir-birinə əbədi olaraq bağlandığı günün təntənəsi hesab olunsa da, eyni zamanda, bir sıra adətlər toplusudur. Bu adətlər isə müxtəlif yerlərdə müxtəlif cür özünü göstərir və tətbiq olunur. Bəziləri yaşadığımız müasir dövrdə əhəmiyyətini itirib. Bununla belə onlara maraq hər zaman var.
- Belə adətlərdən biri də, məclisdə bəylə gəlinin və ya toyda iştirak edən müğənnin başına pul səpməkdir. Bu adətin mənasına görə, pul səpmək ruzi, bərəkətdir və bu anlama gəlir ki, bəy və gəlinə Allahdan ərz edirik ki, başınızdan aşağı beləcə ruzi, bərəkət tökülsün.
- Lakin bu adət bəzi yerlərdə haqlı olaraq birmənalı qarşılanmır. Məsələn, Özbəkistan polisi öz sakinlərini toyda pul "yağışından" imtina etməyə çağırır. Belə ki, bu respublikada da toyda yeni evlənənlərə rəqs zamanı əskinaslardan "yağış" yağdırmaq ənənəsi var. Bununla qonaqlar gəncləri şadlıq, firavanlıq olsun deyərək "pul yağışına tuturlar. Lakin polis əməkdaşları sakinlərin diqqətini əskinasların üzərində təsvir olunan dövlət rəmzlərinə yönəldiblər ki, onların fikrincə, onlara hörmət edilməlidir.
Bu adət Azərbaycan toylarında da müşahidə edilir. Bəs bizim qanunlarımızda belə bir məsuliyyət və ya ümumiyyətlə belə bir maddə varmı? Dövlət rəmzlərinə hörmətsizlik qanunla necə tənzimlənir? Hansı tədbirlər görülür?
Hüquqşünas Hüseyn İsmayılov qeyd edir ki, konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir:
"Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bəs hansı məsuliyyətdən söhbət gedir?
Cinayət Məcəlləsinin 324 -cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlərin edilməsinə görə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ümumiyyətlə dövlət rəmzlərinə hörmətsizlik nümayiş etdirilməsi nəinki hüquq, əxlaq normaları ilə də bir araya sığmayan hərəkətlərdir.

Cinayət məcəlləsində nəzərdə tutulmuş təhqiredici hərəkətlərə misal üçün dövlət bayrağının, dövlət geribinin məhv edilməsi, üzərində yazılar və ya şəkillərin çəkilməsi, natəmiz yerlərdən asılması, tapdalanması və s hərəkətlər aid ola bilər. Eyni zamanda, bu əməllər birbaşa qəsdlə törədilməlidir. Yəni ki, bu hərəkətlərə yol verən şəxslər həmin hərəkətlərin mahiyyətini dərk edərək və bunu arzu edərək həyata keçirməlidir.
Toylarda, şənliklərdə pul əskinaslarının səpələnməsində məqsəd dövlət rəmzlərinin təhqir edilməsi deyilsə məsuliyyətə də səbəb olmur. Nəzərə alınmalıdır ki, burada məqsəd əyləncədir. Lakin pul əskinaslarımızın üzərində Dövlət Gerbinin təsviri olduğundan, bu hərəkətlər bəyənliməyən hərəkətlər hesab oluna bilər. Əlavə olaraq vətəndaşlara, bu hərəkətlərə yol verdiyinə görə hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıqlar oluna bilər".
Sosioloq Lalə Mehralının sözlərinə görə də, bu adət əslində təhrif olunmuş bir adətdir:
"Bizdə ta qədimdən bu yana gəlinin əlinə pul bağlanma adəti olub. Bu da evliliyin, yeni ailənin bərəkətli olması anlamına gəlib. Gəlinin əlinə ona görə pul bağlayırlarmış ki, getdiyi evdə, ocaqda yeni həyatı bərəkətli olsun. Sonralar gəlinin başından pul səpmə adəti yarandı. İndi o pul səpməni bir az modernləşdirib aparat vasitəsilə edirlər, amma saxta pulları edirlər. Saxta pulun edilməsi əyləncə məqsədli edilir. Yəni orada bir problem görmürəm. Amma təbii pulun, yəni bildiyimiz pulun başdan tökülməsi, sonra ayaqlar altında qalması. hətta bəzən mən şahidi olmuşam, süpürgə ilə süpürülməsi, o qədər çox tökülüb ki, oyun meydançasını yığışdırıb çatdıra bilmirlər, süpürgə ilə təmizləyirlər. Təbii ki, dövlətin rəmzinə təhqirdir, olmasa, daha yaxşı olardı. Amma yenə də deyirəm, bu, qədimdən bu yana olan adətdir. Ayaqlar altında qalmasa, elə də zərəri olan adət deyil, sadəcə təhrif ediblər indi bu adəti. Tutaq ki, əvvəl gəlinin əlinə verilən 10 manatı, 20 manatı indi manatlıqlar şəklində çoxaldır, aparatdan səpirlər. Bu doğru olmaz. Təbii ki, dövlətin atributunu belə bu şəkildə təhqir eləmək, ayaq altında tapdalamaq doğru deyil. O pulların üzərində rəmzimiz var, bəzi pulların üzərində işğaldan azad etdiyimiz və müqəddəs bildiyimiz torpaqların rəsmi var. Ona görə, məncə də edilməsə daha yaxşı olar. Bir sözlə, gərəksiz bir adətdir.

Sosioloq Mail Yaqub da bildirir ki, milli valyuta vahidinin üzərində milli dövlət simvolları olur, bu baxımdan pulu ayaq altına atmaq həm hüquqi baxımdan qanun pozuntusudur, həm də etik baxımdan səhv işdir:
"Bu adət köhnə zamanların adətidir, artıq belə adətləri tərk etməliyik. Gözəl adətlərimiz çoxdur, onları inkişaf etdirək, səhv adətlərimizdən xilas olmağın vaxtı çatıb artıq".

Röyalə Xəyal