Gəlin-qaynana problemləri-səbəblər və....
22 Dekabr 2023 17:13 Sosial"Ailə" anlayışı ana, ata və uşaqlardan ibarət bir quruluş olaraq təyin olunsa da, mədəniyyətdən mədəniyyətə fərqli tərifləri ola bilər. Bizim mədəniyyətimizə baxdığımızda ailə anlayışı ana, ata və uşaqdan əlavə, həyat yoldaşlarının valideynlərini və birinci dərəcəli yaxın qohumlarını əhatə edən bir quruluş kimi görünür. Bu mədəniyyətdə ailə quruluşu ailə üzvlərinin qarşılıqlı əlaqə və asılılığına əsaslanır. Valideynlərin övladlarını qocalıqda baxıcı kimi gördükləri və buna görə də onlara yaxın və sadiq olmalarını istədikləri müşahidə olunur.
Cütlüklər arasında qadınların xüsusilə ailə ilə bağlı problemlərdən təsirləndiyi bildirilir. Bundan əlavə, qohumluq münasibətlərində qaynananın təsiri və oğlunun öz öhdəliklərini üzərinə götürməsinin gəlinlə qayınana arasında münaqişələrə səbəb olduğu müşahidə edilmişdir.
Bəzi evliliklərdə cütlüklərin ən böyük müzakirə mövzusu gəlin və qayınana arasındakı münasibət olur. Əslində bu cütlüklər çox vaxt bir-birləri ilə kifayət qədər yaxşı anlaşırlar, lakin sırf bu mövzuda mübahisələrə görə az qala boşanma həddinə çata bilirlər. Hadisə adətən oxşar şəkildə inkişaf edir. Gəlin qayınanasının bəzi söz və davranışlarından incidiyini hiss edir və bu hissləri yoldaşı ilə bölüşür. Kişi anasını çox yaxşı tanıyır və anasının yaxşı niyyətli olduğunu izah edir. Gəlin yoldaşının anasını müdafiə etdiyini düşünür və buna görə də özünü daha narahat hiss edib, inciyir. Belə vəziyyətlərdə əslində kişinin yeganə narahatçılığı anası ilə həyat yoldaşı arasındakı münasibəti yaxşı saxlamağa çalışmasıdır. Bunu edərkən çox vacib bir taktiki səhvə yol verir və anasını müdafiə edir. Yaxşı niyyətli olsa da, anası ilə həyat yoldaşının arasına qarışaraq problemin böyüməsinə, həll olunmaz hala gəlməsinə öz töhfəsini verir. Gəlinin öz ailəsində yaşadığı bəzi vərdişlər və həssaslıqlar onun qayınanasının söz və hərəkətlərindən həddindən artıq təsirlənməsinə səbəb ola bilir.
Oğlunun evliliyində qaynananın dominant olmaq istəməsi, oğlunu qısqanması, gəlinin müstəqil olmaq istəyi kimi səbəblərdən qaynana ilə gəlin arasında münaqişələr həm də psixiatrik və psixoloji pozğunluqlara səbəb olur. Bununla belə, ictimai quruluşda gəlinə və qayınanaya aid edilən sərt sosial rollar, qayınana ilə bağlı stereotiplər və qərəzlər gəlin və qayınana münasibətlərinə də təsir edir.
Araşdırmaların məişət zorakılığında qadınları emosional və fiziki zorakılığa məruz qoyan insanlar arasında qayınanaların da olduğunu göstərdiyini bildirən psixoloq Mələk Kərimli qeyd edib ki, bu problemli münasibət digər münasibətlərdən fərqli bir cəhətə malikdir:
"Qaynana və gəlin problemi hər qrupda rast gəlinsə də, təhsil və sosial-iqtisadi səviyyələr aşağı düşdükcə daha çox rast gəlinir. Bütün dünyada baş verən bu problem bizim kimi ənənəvi cəmiyyətlərdə bəlkə də daha önəmlidir. Gəlin-qaynana münasibətlərində yaranan problemlərin başında bir neçə faktorlar dayanır. Adətən, bizim kimi patriarxal icmalarda oğul sahibi olmaq qadın üçün güc deməkdir. Təbii ki, qadın, yəni qayınana bu gücü itirmək, kiminləsə bölüşmək istəmir. Burada onun ən böyük rəqibi gəlindir və buna görə də əksər hallarda bu səbəbdən qaynana ilə gəlin arasında münaqişə başlayır.
- Həddindən artıq qoruyucu ana olmaq da bu faktorlardan biridir. Çünki ana övladının zərər görəcəyindən, gəlinin ona daha yaxşı baxa bilməyəcəyindən narahat olduğu üçün oğlunu qorumaq səbəbilə gəlini ilə mübahisə edir.
Bundan əlavə, bəzi cütlüklər evli olsalar belə, hələ də ər-arvad olmağı bacara bilmirlər. Kiminsə övladı olmaq hələ həyat yoldaşı olmaqdan əvvəl gəlir. Yetkinlik rəftarını inkişaf etdirməmiş insanlardan evlilik münasibətlərini davam etdirməyi gözləmək olmaz. Bu da qayınana probleminə yol açır.
Hazırda yeni evli və ya evlənməyə hazırlaşan cütlüklər arasındakı ən qlobal müzakirə mövzusu qaynana ilə eyni evdə yaşamaq mövzusudur. Adətən, iqtisadi şəraitə, hər hansısa problem, xəstəlik və ya cəmiyyətin gözləntilərinə görə qaynana gəlin ilə eyni evdə yaşadıqda, bu problemdən qaçmaq çox çətin olur. Həyat yoldaşlarının bir-birlərinə olan sevgi və məhəbbətlərinə baxmayaraq, gəlin və qaynananın münaqişə içində olduqlarını nəzərə alsaq, bu zaman ailəiçi problemlər də münaqişə qaçılmaz olur.
Ər-arvad münasibətində ananın oğlunun haqlı olduğunu düşünərək gəlini davamlı olaraq tənqid etməsi mübahisəyə səbəb olan faktorlardan biridir.
Evli ər-arvadla yaşayan həddən artıq ənənəçi qayınana gəlinindən daimi və şişirdilmiş xidmət gözləməsi və onun etdiklərini bəyənməməsi problem yaradır və bu zaman da münasibət həll olunmaz hala gəlir.
Evliliyin ilk günlərində tez-tez ailə görüşləri, gəlin evinə gəlmək və cütlüklərin gələn insanlara yox deyə bilməməsi də gələcəkdə gəlin-qaynana probleminin xəbərçisidir. Yetərincə təcrübəsi olmayan yeni evlənən cütlük ailə olmağın ilk qaydasının o ailənin özəl bir sahə olduğunu bilmir. Çünki kiminsə xətrinə dəyməmək üçün heç kimə yox deyə bilməz. Bir müddət sonra bu açıq qapı siyasətinin ilk məhsulu olan qayınana problemi ilə üzləşirlər.
Kişinin yoldaşına fikir verməməsi və ya ona məhəl qoymaması, diqqət ayırmaması da qayınana probleminə səbəb olur. Kişi bu problemi görüb, əslində heç bir problem yoxmuş kimi davransa, əksinə, bu problemi daha da dərinləşdirə bilər.
Zamanla münasibətlərin formasında fərqliliklər olur. Qaynana davranışını öz qayınanasından öyrənən və ya dəyişən həyat şəraitinə, münasibətlərə uyğun gəlməyən qayınana təbii olaraq gəlinlə problemlər yaşayacaq.
Evləndikdən sonra yeni rolunu qəbul edə bilməyən kişi gəlin- qayınana münaqişəsinə səbəb ola bilən faktorlardan birinə çevrilir. Problemləri həll edərkən həyat yoldaşı ilə konflikt keçirən bir çox kişi onları hər cür qəbul edən və münaqişə etməyən analarına üstünlük verməyə başlasa, problem daha da dərinləşər.
İşləyən qadınların uşaq baxımı üçün kömək aldıqları qayınanalar gəlinlə daha çox münaqişə yaşayırlar. Uşaq baxımı onları və öz şəxsi həyatlarında sərbəst hərəkətlərini məhdudlaşdırır. Oğulları ilə bu xoşagəlməzliyi bölüşmək istəmirlər və gəlinləri ilə konflikt edərək bunu ifadə edirlər.
Sadaladığım faktorlardan da göründüyü kimi, gəlin və qaynana arasında hər hansı münaqişə yarandıqda, bu məqamda əsas məsuliyyət kişinin üzərinə düşür. Kişi yeni ailə qurduğunun fərqindədir və həm anası, həm də həyat yoldaşı qarşısında öhdəliklərini yerinə yetirməlidir. Bu baxımdan kişi həyat yoldaşı ilə anası arasında sərhədləri dəqiq müəyyən etməlidir. Kişi bir tərəfdən evli olduğunu, ayrıca evi olduğunu düşünməli, digər tərəfdən də ata-anasına qarşı vəzifəsini yerinə yetirməlidir. Qaynana bayaq qeyd etdiyim kimi evliliyə və gəlinə müdaxilə etdikdə və ya gəlinini idarə etmək istədikdə kişi fərd kimi davranmalı, tərəf tutmamalı, ədalətli olmaq düşüncəsi ilə hərəkət etməlidir. Ancaq ən əsası, kişi ana və yoldaşını bir-birinə qarşı qoymadan, onların anası və həyat yoldaşına qarşı fərqli rol və vəzifələri olduğunu düşünərək, hiss etdirərək sakitləşdirməli, anasına övlad, yoldaşına isə ər kimi yanaşmalıdır.
Doğrudur, evlilik yeni ailə qurmaq və həmin ailədən və valideynlərdən ayrılmaq və onlardan müstəqil olmaq demək olduğundan, qayınana ilə eyni evdə yaşamaq gəlinlə qayınana arasında münaqişələrə səbəb ola bilir və bu baxımdan düşünürəm ki, bir evdə iki ailənin yaşaması düzgün qərar deyil. Gəlin və qayınana nikah etibarı ilə yaxın qohum olsalar da, xüsusilə nikahın əvvəlində bir-birinə yad olurlar. Bu səbəbdən bir evdə iki yad bir-birinə və nizama öyrəşib öz arzu və istəklərini ifadə edərkən münaqişə yaşamaları adi haldır. Daimi məyusluq, münaqişə və problemləri həll edə bilməmək hər iki tərəf üçün ciddi psixoloji və psixiatrik problemlərə səbəb ola bilər.
Qısacası, kişilər bu problemi gözardı etməməli və məsuliyyətdən qaçmamalıdırlar. Evlilikdə kişilər üçün əsas qızıl qayda odur ki, həm kişilər, həm də qadınlar ailələri və həyat yoldaşları ilə problem yarandıqda, bu problemi həll etmək üçün məsuliyyət daşımalıdırlar. Əgər kişinin anası və həyat yoldaşı ilə problemi varsa, o, anasına açıq şəkildə deməlidir ki, onun evliliyinə qarışmasın. Bundan əlavə, o, həyat yoldaşını münaqişəyə girməməsi və problem yaranarsa, bunun üçün məsuliyyət daşıyacağına inandırmalıdır. Bununla belə, kişi qərəzsizliyini qorumalıdır. Gəlin də, qayınana da məsuliyyətli davransa, bu problemin həlli də olduqca asanlaşar".
Röyalə Xəyal