Düzgün ixtisas seçimi gələcəyin sığortasıdır?- ARAŞDIRMA

Hər il qəbul imtahanları ilə birlikdə ixtisas seçimi haqqında olan suallar da gündəmə gəlir. İxtisas seçimi insan həyatı üçün olduqca vacib olduğuna görə valideynlər övladlarının bu barədə düzgün seçim edə bilməyəcəklərini düşünürlər. Problem təkcə bununla bitmir. İxtisas seçiminin əhəmiyyəti qədər çətinlikləri də çoxdur.

Çətinliklər, vəzifələr, doğru seçimin necə edilməsi barədə mütəxəssislərlə həmsöhbət olduq.

Təhsil eksperti Cahid İmanlı: "Abituriyent oxuduğu zaman və ya bitirdikdən sonra anlayır ki, seçdiyi ixtisas ona görə deyil"

- Ən önəmli məsələlərdən biri ixtisas seçimi zamanı etibar etdiyiniz müəllim və.s-dir. Əsas olan o deyil ki, seçimini etdiyiniz abituriyent universitetə qəbul olsun. Abituriyentin istəkləri, bacarıqları nəzərə alınmalıdır. Seçimi hökmən valideyn və abituriyentlə birlikdə etmək lazımdır. Abituriyent 2-3 il maddi vəsait xərcləyir, universitetə daxil olur. Ancaq, oxuduğu zaman və ya bitirdikdən sonra anlayır ki, seçdiyi ixtisas ona görə deyil. Dövlət İmtahan Mərkəzi tərəfindən həm rayonlarda, həm də Bakıda abituriyent məsləhət mərkəzləri yaradılıb. Təəssüf ki, oradakı mütəxəssislərin bir çoxu peşəkar deyil. Düzgün seçim edə bilmirlər. Ora üz tutan abituryentlərin bir çoxu yenidən başqa mütəxəssisə müraciət etməli olurlar.

İxtisas seçimini bu sahədə ən az 5-10 illik təcrübəsi olan şəxslərə əmanət etmək lazımdır. Son illərə qədər abituriyentlər ixtisasların mahiyyətini bilmirdilər. İxtisas.az saytı açıldıqdan sonra bütün ixtisasların mahiyyəti haqqında məlumat verilir. İşə əmək bazarında təlabat nə qədərdir, təxmini əməkhaqqı necədi kimi suallara həmin saytdan cavab tapmaq olar.

Bunların hər birini ixtisas seçimini əmanət etdiyiniz mütəxəssis bilməlidir. Yüksək balla belə olsa, istəmədiyin ixtisasa qəbul olduqda bitirdikdən sonra həmin peşənin arxasınca gedilmir. Bəzən valideynlər abituriyentlərin ixtisas seçimi prosesində iştirakına icazə vermirlər. Bu, doğru deyil. Seçim  həm valideyn, həm də abituriyentlə birgə aparılmalıdır.

"İxtisas seçimi insanın ikinci dəfə anadan olması kimi bir şeydir"

- Artıq bildiyimiz ənənəvi ixtisaslarla yanaşı gənclərin kompüter elmlərinə və informasiya təhlükəsizliyinə maraqları artıb. Gələcəyin ixtisasları bunlar sayılır. Bir sıra universitetlərin prestiji, reytinqi onu deməyə əsas verir ki, orada olan bütün ixtisaslar abituriyentlər tərəfindən seçilir. Hansı ki, gələcəkdə işlə təmin oluna bilirlər.

Abituriyentlər həmçinin ikili bakalavr proqramlarına üstünlük verirlər ki, ikili diplom əldə edə bilsinlər. Azərbaycanın Koreya, Qazaxıstan və.s kimi bir çox ölkələrlə əməkdaşlığı var. Bir çox ixtisasların tədrisi ingilis dilində olan bölmələri var. Bu kimi ixtisaslar daha prestijli sayılır. Eyni ixtisasın Azərbaycandilli yox ingilisdilli tədrisinə üstünlük verirlər.

İxtisas seçimi insanın ikinci dəfə anadan olması kimi bir şeydir. Seçim düzgün edilməlidir. Gələcəkdəki iş həyatı, karyera - hər şey bu seçimdən asılıdır.  Burada da ən çox müşahidə olunan məsələ valideynlərin övladları qarşısına sədd çəkməsidir. Xüsusən, incəsənət sahəsinə marağı, istəyi olan qız övladlarına qarışırlar. Valideynlər incəsənət sahəsində olan bəzi peşələrə dırnaqarası baxırlar.

"Daha çox humanitar və pedaqoji elmlərdə tədris müddətini azaltmaq olar"

- Bəzi ixtisaslarda təhsil müddətinin 4 ildən 3 ilə, magistatura təhsilinin isə 1 ilə endirilməsi haqqında düşünülməsi doğru qərardır. Hazırda təkcə bakalavrda yox, orta məktəbdə belə bəzi fənnlərin, dərs proqramlarının azaldılması önəmli məsələdir. Bakalavr təhsilində bəzən ixtisasdan kənar saatlara çox yer verilir. Buna ehtiyac yoxdur. Onları ixtisar etməklə, dərs ilini azaltmaq olar. Şübhəsiz ki, bu qərar bütün ixtisaslara aid edilə bilməz. Hətta bəzi ixtisaslar var ki, nəinki 4 il tədris ilini daha da artırmaq olar. Daha çox humanitar və pedaqoji elmlərdə tədris müddətini azaltmaq olar.

"Yüksək nəticə göstərən abituriyentlər də yanlış seçim edə bilir"

- Son illərdə istər buraxılış, istərsə də qəbul imtahanlarında abituriyentlərin ballarının aşağ düşmə tempinə şahid oluruq. Son ildə ikinci qrupa maraq olduqca artıb, hətta, üçüncü qrup sayını keçib. Bu da bir neçə ildir ki davam edən "ikinci qrup daha asandır" kimi fikirlərdən irəli gəlir. Həmin abituriyentlərin önəmli hissəsi biliyi zəif olanlardır. Çıxış yolunu bunda görürlər.

Abituriyentlər üçün seçim zamanı ixtisas önəmli olmalıdır. Məsələn, mən tarix ixtisasını istəyirəm. Bu zaman seçimim universitetlərdəki tarix ixtisası olmalıdır. Bala uyğun olaraq yuxarıdan aşağıya doğru seçim etməliyik. Ancaq, abituriyentlər bunu yox, sadəcə universitetə qəbul olunmaq, mütləq filan universitetdə, filan şəhərdə oxumaq  xatirinə çox fərqli ixtisaslar seçirlər.  Bu çox ciddi səhvdir. Gənclər öz peşə bacarıqlarını müəyyənləşdirə bilmir. Əsas amil ixtisas sahibi olmaq yox,  sadəcə universitetə qəbul olunmaqdır. Yüksək nəticə göstərən abituriyentlər də seçdikləri sahədə özlərini görməsələr belə, hissə qapılaraq, valideyn təkidi ilə seçim etmək məcburiyyətində qalırlar.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov:"İnsanların istədikləri peşəyə sahiblənməkləri gələcək uğurlarına təsir edir"

- İxtisas seçimi  zamanı valideynlərin və abituriyentlərin üzərinə düşən müəyyən vəzifələr var. Bu vəzifələri icra edərkən onlar ixtisas seçimi mütəxəssisinə müraciət edə, və ya özləri araşdırma da apara bilərlər.

Bu araşdırmada abituriyent özünü "tapmaq" üçün ixtisas seçimi mərhələsindən bir neçə il əvvəldən başlayaraq, müxtəlif iş sahələrin peşəkarlarla görüşə bilər. Həmin görüşlərdən sonra ixtisasları peşələrə görə tanıya bilər. İxtisas seçən abituriyent bilməlidir ki, əslində o, hansısa peşəni seçir. O, istədiyi peşəni 11-ci sinifin sonlarında seçirsə, artıq gecikmiş sayılır. Məşhur bir yazar bildirir ki, "Bəzi şeylərə qərar vermək bağçada belə gec sayılır". İxtisas seçimi həyat üçün ən önəmli seçimlərdən biridir. Peşə gələcək həyatı formalaşdırır. Belə önəmli bir qərarda valideynlər övladlarının yanında olmalıdırlar, qarşılarında yox. Öz edə bilmədiklərini övladlarından görmək istəməkdən daha çox, övladlarının hansı ixtisasa uyğun olduğuna qərar verməlidirlər. Əmr, emosional gözləntilər özünü göstərməməlidir. Yaponlarda "İkigai" anlayışı var. Həyat məqsədi mənasına gəlir. İxtisas da onlardan biridir. Bir insanın öz həyat məqsədini tapa bilməsi onun kəşfidir. Və yanında olmaq lazımdır. Birinci növbədə ixtisasın cəmiyyətdə ehtiyac olunmağına baxılır. İkinci olaraq, abituriyentin həmin peşəni bacarıb-bacarmayacağına baxılır. Üçüncü olaraq bu peşəyə yiyələnsə pul qazanıb qazanmayacağı haqqında düşünülür. Bu məsələlərə baxılaraq, "İkigai"müəyyən edilir. Bunlar bir ayda həll olunacaq mərhələlər deyil. Azərbaycanda el qınağı var və bal hara çatırsa, mütləq oxumaq lazımdır. Tövsiyyə edirəm ki, abituriyentlər sadəcə sevdikləri ixtisasa yönəlsinlər. Bunun üçün yenidən hazırlaşmaq, başqa ölkələrə müraciət etmək lazım gələ bilər. İnsanların istədikləri peşəyə sahiblənməkləri gələcək uğurlarına təsir edir. Əgər başqa cür mümkün deyilsə, maddi imkanın olmaması kimi vacib amillər varsa, o zaman abituriyent ixtisasın fənnlərini tez bir zamanda mənimsəməyə başlamalıdır. Məlumatlı olmalı, universitet seçimini doğru etməlidirlər. Mümkündürsə, tədrisi ingilis dilində olan bölməni seçsinlər. Həmin ixtisasların peşəkarları ilə görüşmək də gələcəkdəki iş həyatı üçün töhfə verəcək.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31