Müəllimlərin sertifikasiyası: GÖRÜNƏN və GÖRÜNMƏYƏN TƏRƏFLƏR- ARAŞDIRMA
14 İyul 2023 12:17 SosialBİRİNCİ YAZI
Bir müddət öncə ildə keçirilən ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplamışdı. Sertifikasiya üzrə 0-29 bal arası nəticə göstərən müəllimlərin müəllim kimi fəaliyyətini davam etdirilməsinə nazirlik tərəfindən bir il daha şərait yaradılsa da, iki dəfə uğursuz olan müəllimlərin əmək müqaviləsinə xitam verilir ki, bu da təbii olaraq ən düzgün qərarlardan biri sayıla bilər. Çünki hər gün tədris etdiyi fənnin imtahanından minimum 30 bal toplamağı bacarmayan müəllimin təhsil verdiyi uşaqlar necə olacaq? O müəllimdən ən çox nə öyrənəcəklər?
Lakin buna baxmayaraq, əksini düşünənlər də az deyil və ertifikasiyada iki dəfə uğursuz olan müəllimlərin əmək müqavilələrinə xitam verilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, savadı olmayan müəllim məktəbdə dərs deməməlidir, savadsız müəllimlərin məktəbdə işləməyə mənəvi haqqı yoxdur:
"Məsələ bu qədər sadədir. Mənim əsas məqsədim budur ki, bu adamlar məktəbdə dərs deməsin. İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin. Bizim də mənəvi haqqımız yoxdur ki, ona imkan verək ki, o uşağa dərs desin. O adama yazığımız gəlsin? Mənim daha çox uşaqlara yazığım gəlir, nəinki həmin adamlara".
Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır.
Bəs, ekspertlər bu barədə nə düşünür? Sertifikasiyanın məqsədi nədən ibarətdir? Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunması doğru yanaşmadır mı?
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin bildirir ki, Azərbaycanda sertifikasiya prosesinin həyata keçirilməsi o qədər də ideal olmasa da, onun keçirilməsinin 3 əsas səbəbi var:
"Təhsil verənlərin sertifikatlaşdırılması prosesi, hansı ki, biz buna müəllimlərin sertifikasiyası deyirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müəllimləri qiymətləndirmək üçün həyata keçirilən mexanizmidir. Bu bir yerdə sertifikasiya adlanır, bir yerdə attestasiya adlanır, digər bir yerdə isə tamamilə başqa bir adla tətbiq olunur. Amma yekun nəticədə bunun məqsədi və önəmi eynidir. Dünyada sertifikasiya iki detalı, yararlılığı və peşəkarlığını ölçmək üçün həyata keçirilir. Azərbaycanda isə həyata keçirilən sertifikasiyanın üç tətbiq meyarı var: müəllimlərin yararlılığını ölçmək, peşəkarlıq keyfiyyətini qiymətləndirmək və əmək haqqı artımını buna nəzərən tətbiq etmək. Dediyim kimi, dünyanın bir çox ölkələrində sertifikatlaşdırılma olsa da, orada sertifikatlaşdırılmanın nəticəsinə görə maaş artımı tətbiq olunmur. Azərbaycanda nə yaxşı ki, sertifikasiyanın nəticələrinə maaş artımı şamil olunur. Təsəvvür edin, sertifikasiyadan keçdinizsə, artıq sizin maaşınız ən az 10% artır. Məlumat üçün deyim ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində verilən 60 sualdan yarısını, yəni, 30-nu cavablandıran şəxs mərhələdən keçmiş hesab olunur və onun maaşı minimal olaraq 10% artır. 51 baldan yuxarı toplayanların maaşına isə 35% əlavələr edilir. Bu differensial əmək haqqı sistemi çox ölkədə yoxdur. Yəni, bizdə sertifikasiyanın ən müsbət tərəfi onun maaş artımına yönəlik hissəsidir. Təbii ki, bizdə də ideal şəkildə həyata keçirilmir. Bəzi detallar var ki, onlar aradan qaldırılmalıdır, müəyyən təkliflər irəli sürülməlidir, prosesin təşkilində müəyyən dəyişikliklər həyata keçirilməlidir. Bizdə təhsil verənlərin sertifikatlaşdırılması prosesinin təşkili deyilən qədər ideal deyil. Müəyyən dəyişikliklər edilməli, istər imtahanın, istər müsahibənin təşkilində, ümumən qaydalar sistemində zəruri dəyişikliklər edilməli, addımlar atılmalıdır. Məsələn, mən öz sosial şəbəkə hesablarımda bununla bağlı bir neçə təklif irəli sürmüşəm. Ən birinci dəyişiklik sertifikasiya prosesinin 5 ildən 3 ilə endirilməsidir. Bunun səbəbini 6 əsasla irəli sürmüşük".
Ekspertin sözlərinə görə sertifikasiyanın birinci mərhələsindən kəsilən müəllimlərin yenidən hazırlaşması üçün yaradılan şəraiflərdən sonra həmin müəllimlərin ikinci dəfə yenidən kəsilməsi və onların buna baxmayaraq hələ də məktəbdə qalması gələcəyimiz adına böyük mənəvi cinayətdir:
"Sertifikasiyadan kəsilən müəllimlərin işdən azad olunması doğrudurmu? Bəli, mən bunu doğru hesab edirəm. Amma bir qeyd edim ki, sertifikasiyadan kəsilənlərin yox, ikinci dəfə kəsilənlərin işdən azad olunması qaydalara daxildir. Ona qalsa, ötən sertifikasiyada 2400-ə qədər müəllim kəsilib. Amma onlar bir il işlədilər, fəaliyyətlərini davam etdirdilər. Bunların yalnızca maaşları artmadı, olduğu kimi qaldı. Nazirlik, dövlət bunlara bir il də şans yaratdı ki, daha yaxşı hazırlaşsınlar və sertifikasiya prosesinin test imtahanı mərhələsinə ikinci dəfə qatılsınlar. Həmin 2400 müəllim avqustda onlar üçün yaradılan ikinci şansdan istifadə edəcəklər. Bu çox humanist addımdır. Təsəvvür edin ki, heç bir müəllimi birinci dəfə sertifikasiyadan kəsildiyinə görə işdən çıxartmırlar. Yalnız ikinci dəfə təkrar kəsilən müəllimlər işdən çıxarılır ki, bu da nəinki doğru, hətta vacib yanaşmadır. Təxirəsalınmaz dərəcədə zəruri bir addımdır. Bir müəllim öz predmetini tədris edir, o qədər də çətin olmayan suallar verilir orda. Biz işin içində olduğumuz üçün bilirik ki, xüsusilə fənlə bağlı olan suallar o qədər də çətin deyil. Məlumat üçün deyim ki, 60 sualın 50-si fənlə bağlıdır, qalan 10-u isə metodika kurrikulum ilə bağlıdır. 50 sualın 30-u isə ümumiyyətlə sadə sualdır. Siz təsəvvür edin ki, müəllim illərlə bu predmeti tədris edir. Deyək ki, ibtidai sinif və yaxud da Azərbaycan dili və ədəbiyyatı illərlə tədris edir. Hər gün sinif otağına daxil olur, başqalarının övladına nəsə öyrədir, əgər həqiqətən öyrədirsə. Amma yekunda gəlir, 30 bal belə toplaya bilmir. Başa düşdük, müəyyən imtahan həyəcanı var. Amma bu 4-5 sualda özünü göstərsin də. Axı bunun 20 sualda özünü göstərməsi birbaşa savadsızlıq göstəricisidir. Lakin buna baxmayaraq, dövlət buna şərait yaradır, ikinci dəfə imtahana girmək üçün şans verir, üstəlik onları əlavə təlimlərə cəlb edir. Bundan artıq nə olmalıdır? Bir müəllim bunlardan sonra da kəsilirsə və əgər test imtahanı mərhələsində ən asan sualı cavablaya bilmirsə, onun məktəbdə qalması gələcəyimiz adına böyük mənəvi cinayətdir".
Təhsil eksperti Adil Vəliyev də qeyd edir ki, sertifikasiya prosesi saxta diplom almış və yaxud diplomsuz işləyən savadsız müəllimlərin tədrisdən uzaqlaşdırılması üçün ən yaxşı metoddur:
"Bilirsiniz ki, artıq bir neçə ildir müəllimlərin təyin olunması, müəllimlərin işə qəbulu, yəni MİQ imtahanları vasitəsilə olur. Daha sonra onların maaşlarını artırmaq və s. sertifikasiya vasitəsilə müəyyən olunur. Amma iş orasındadır ki, hər zaman belə bir problem olurdu ki, məktəblərdə nədənsə vakansiya olmurdu və biz də hər zaman bundan şikayətlənirdik. Bildirirdik ki, necə olur ki, məktəbdə vakansiya olmur. Amma əslində isə durum çox fərqli və acınacaqlı bir vəziyyətdə idi. Düşünürəm ki, sertifikasiyanın olması həqiqətən çox gözəl bir addım oldu ki, illərdir işləyən və cənab nazirin dediyi kimi saxta diplom almış və yaxud diplomsuz işləyən müəllimlər var ki, təbii ki, hər kəsə aid deyil, sertifikasiya üzə çıxardı ki, əslində o müəllimlərin savadları uşaqlara dərs keçəcək səviyyədə deyil və həmin müəllimlər birmənalı olaraq məktəbdən, təhsildən, tədrisdən uzaqlaşdırılmalıdırlar. Çünki o müəllimlər bizim övladlarımıza dərs keçir və düşünürəm ki, çox doğru bir qərar oldu. Çünki bu həm məktəblərdə vakant yerlərin nəzarətinə gətirib çıxaracaq ki, artıq təhsil nazirliyi buna birbaşa nəzarət edəcək, biləcək ki, hansı məktəbdə hansı fənn üzrə neçə vakant yer var, həm də ki, müəllimlərin doğru qiymətləndirilməsi maaşların artmasına gətirib çıxaracaq.
İndi sual ola bilər ki, bəs niyə müəllimlərin bəziləri və bir qrup şəxslər bundan narazıdır? Mən düşünürəm ki, həmin narazı olan şəxslər məhz sertifikasiya imtahanından qorxan, sertifikasiyadan keçid balını keçə bilməyən kəslər və onların tanışları, yaxınlarıdır.
Əgər siz qarşınıza doğru bir istiqamət, doğru hədəf qoymusunuzsa və ora çatmaq istəyirsinizsə, mütləq şəkildə sizin qarşınıza maneələr çıxacaq və bu maneələrin çıxması da məhz sizin doğru yolda olmağınızın sübutudur".
Röyalə Xəyal