"Binanın yarım metr məsafəsində səkinin üstündə oturub ki, guya binanı tərk etmişəm" - Zəlzələdən necə qorunaq?
7 İyul 2023 10:26 SosialTəbii fəlakətlər əhalinin normal fəaliyyətinin qəfildən pozulmasına səbəb olan, maddi sərvətləri korlayan və məhv edən müxtəlif təbiət hadisələridir. Dünyanın müxtəlif regionlarında hər an təbii fəlakətlər müşahidə olunur. 1965-2010-cu illərdə dünyada daha çox yayılmış təbii fəlakətlərdən tayfun və fırtınalar 2108 dəfə (34%), subasmalar 1991 dəfə (32%), zəlzələlər 831 dəfə (13%), quraqlıq 589 dəfə (9%) və digər baş vermiş təbii fəlakətlər 773 dəfə (12%) qeydə alınmışdır. Bu təbii fəlakətlərdən biri olan zəlzələ də ətraf mühitə mənfi təsir göstərərək insan təlafatı törədə biləcək gücə sahib olan bir təbiət hadisəsidir. Zəlzələlər həm yer qabığında baş verən geoloji proseslərlə (layların sürüşməsi, sınması, yerini dəyişməsi və s.) əlaqədar təbii, həm də partlayış, su bəndlərinin doldurulması və dağılması ilə əlaqədar süni olaraq baş verə bilər.
Bir neçə gün əvvəl gecə yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ baş verdi. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 5,5 bal gücündə olan zəlzələ Bakıda və Azərbaycanın bir sıra rayonlarında hiss olunub. Bununla bağlı zəlzələdən sonra Bakının bəzi yerlərində əhali evlərini tərk edərək açıq yerlərə üz tutub. Çünki bundan öncə qardaş Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində narahatlıq və suallar yaratmışdı.
Bəs Bakı yüksək ballı zəlzələ üçün təhlükəsiz şəhərdimi? Zəlzələ zamanı binalarda təhlükəsizliyin yaradılması üçün öncədən hansı tədbirlər görülməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, tikililərin zəlzələyə davamlı olması onun tikintisi zamanı tikinti norma və standartlarına riayət edilməsi, tikinti prosesi bitdikdən sonra istismar olunan müəssisə tərəfindən və yaxud da ki, onun istismarı hansısa quruma verilibsə, ona nəzarət edən həmin qurum tərəfindən düzgün nəzarətin həyata keçirilməsi və mütəmadi olaraq, yəni, dövri təyin olunan qulluqların, texniki baxışların vaxtı vaxtında həyata keçirilməsi tikintinin möhkəm və dayanıqlı olmasını şərtləndirən əsas amillərdən biridir:
"Təbii ki, tikintilər tikinti norma və standartlarına uyğun olaraq tikilərsə, layihədə göstərildiyi kimi tikintisi həyata keçirilərsə, yəni, bu bütün növ tikililərə aiddir, istər çoxmənzilli yaşayış binaları olsun, istər digər kommunikasiya qurğuları olsun, istər ictimai iaşə müəssisələri olsun, istər iş yerləri olsun, fərq etməz, layihədə nəzərdə tutulduğu kimi tikinti həyata keçirilərsə, əlbəttə ki, onun möhkəm və dayanıqlı olması şübhə altında olmaz. Təbii ki, bu sadaladığım ikinci bir mərhələdə istismar müddəti də təhlükəsizlik parametrlərinə, tikinti norma və standartlarından kənara çıxmamağa, tikinti konstruksiyalarının dəyişilməməsimə gətirib çıxaran hallar olmazsa, əlbəttə ki, tikinti möhkəm və dayanıqlı olar. Digər bir şərt isə dövri qulluqların vaxtında həyata keçirilməsidir. Korroziyaya uğramış metallar ola bilər, vaxtında texniki qulluğun göstərilməməsi səbəbindən dağılma, uçma halları ilə üzləşdiyimiz məqamlar ola bilər. Mütəmadi olaraq qulluğun göstərilməməsi səbəbindən aşınma əmələ gələ bilər, üzlüklərin, kommunikasiya əlaqələrinin, su, işıq, qaz və digər kommunal xidmətlərin işində müəyyən problemlər yarana bilər ki, bunlar da hər biri kifayət qədər binanın möhkəm və dayanıqlı olmasını şübhə altına atan amillərdəndir. Yəni, buna görə mütləq üç parametrə həm tikinti zamanı, həm tikintidən sonrakı istismar müddəti zamanı və texniki dövri qulluqların vaxtında göstərilməsi zamanı düzgün qaydada həyata keçirilərsə, vaxtı vaxtında texniki qulluq göstərilərsə, tikinti norma və standartlarının pozulmasına gətirib çıxaran amillərə yer verilməzsə, təbii ki, zəlzələ zamanı dağıntı da olmaz.
Ümumiyyətlə isə köhnə tikililər, hansılar ki, istismar müddətini başa vurmuş beşmərtəbəli, doqquzmərtəbəli binalar var, əlbəttə bunlar nəinki zəlzələyə, hətta yaxınlıqda bir tikinti işi aparılarkən yerdə bərkitmə və yaxud da qazma işləri görülərkən də evlərdə silkələnmə, çatlar əmələ gələ bilir və bunlar özü belə təhlükəli vəziyyət yaradır. Digər bir məqam isə, təzə tikili binalarda da, ümumiyyətlə bu hallar köhnə tikililərdə də var, yəni, binalarda da var, binaların birinci mərtəbələri, zirzəmiləri, daha sonra hansısa bir ictimai iaşə müəsissəsi və yaxud da bir obyekt icarəyə verilir, həmin obyekt tərəfindən binanın təməl sütunlarına və yaxud da arakəsmə detalların çıxarılması, dəyişilməsi və yaxud da zədələnməsi kimi hallar ola bilir ki, bunlar da binanın möhkəm dayanıqlığını pozan amillərdir. Bununla yanaşı elə binalar var ki, onların altındakı obyekt birmərtəbəlidir. Bir müddət sonra həmin obyekt olur ikimərtəbəli. Yəni bir mərtəbə də yerin altına qazılır, bir mərtəbə əlavə yaradılır. Əlbəttə bunlar hamısı binanın möhkəm və dayanıqlığını sual altına alan amillərdir. Yəni, buna həm istismar müddətində, həm tikinti prosesində nəzarət etmək lazımdır. Əlbəttə, tikinti prosesində nəzarət edən qurumlar var. Halbuki, onların hər birinə tikinti prosesi başlayandan bitənə qədər nəzarət olunur. Yəni tikinti materiallarının keyfiyyətinə, normalara uyğun olmasına həm tikinti vaxtı, həm sonrakı istismar müddətində, həm də vaxtında dövri qulluqların olması müddətində də nəzarətdə saxlamaq lazımdır ki, binalar möhkəm və davamlı olsun.
Ümumiyyətlə isə insanların da fövqəladə hallar, təbiət hadisələri, təbii fəlakətlər zamanı nə etməli, necə davranmalı olduqlarına dair biliklərin olması lazımdır. Yəni, insanlar da bilməlidirlər ki, əgər özləri tərəfindən bilərəkdən, bilməyərəkdən, müxtəlif səbəblərdən bunların pozulma halları olarsa, ən birinci özləri üçün bunun ziyanı var, özləri bunun fəsadını çəkəcəklər, mənfi tərəflərinin yaratdığı acını çəkəcəklər. Daha sonra isə digər şəxslərin də həyatını təhlükəyə atacaqlar və onların həyatı üçün də bunların mənfi nəticələri olacaq".
Əksər hallarda insanlar böyük fəlakətlər yaşamadıqları və fəlakətə qarşı hazırlıq keçmədikləri üçün güclü emosional stress keçirirlər. Zəlzələnin nə vaxt və harada olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin zəlzələ zamanı özümüzü qoruyacağımız bir sıra addımlar var ki, bunları bilmək əksər təbii fəlakətlər zamanı işimizə yarayacaq.
Elmar Nurəliyev bildirir ki, zəlzələ zamanı insanların çoxmənzilli yaşayış binalarında, istər iş yerləri olsun, istər digər ictimai iaşə müəssisələri olsun, insanların çox toplandıqları ərazilərdə olsun, orada insanların məlumatsızlıqdan, düzgün doğru davranışlara dair biliklərin olmamasından insanlar panika, təlaş içərisində dezinformasiyalara inanaraq, bir-birinə məlumatları ötürürlər və daha da insanlar arasında narahatlıq yaradırlar:
"Binanı tərk edib, çıxıb binanın yarım metr məsafəsində oturub səkinin üstündə ki, binanı tərk etmişəm. Axı orada uçqun olsa, yuxarıdan bir daş parçası gəlib adamın üzərinə düşəcək ya da ki, binanın özündə uçma olsa, adamın üzərinə düşəcək və yaxud da ki, maşını saxlayıb binanın yarım metr məsafəsində, ailə üzvlərinin hamısını yerləşdirib maşına, özü də oturub maşında ki, çöldəyəm. Görürsünüz, nə qədər doğru düzgün davranışlara əməl edilmir. Sadəcə onlar bunu bilməməzlikdən edir, inanmıram ki, kimsə bunu bilərəkdən edir. Mütləq təhlükəsiz toplanış yerinə getmək lazımdır. Təhlükəsiz toplanış yeri nədir? Ətrafda, yaxınlıqda hündür bir tikili, reklam lövhəsi, yüngül konstruksiyalı qurğular, dağılma, uçma təhlükəsi yüksək olan bir yarımtikili olmasın. Bu cür şeylərdən uzaq durmaq lazımdır. Açıq bir sahədə olmaq lazımdır, bu ərazilər daha təhlükəsizdir. Amma binanın həyətinə çıx, toplaş, sonra yenə istədiyin vaxt qayıt içəri, məlumatları hardan aldığını bilməsin, belə bir vəziyyətdə əlbəttə ki, dövlət qurumlarının da üzərinə düşür vaxtı vaxtında məlumatların verilməsi, informasiyanın təmin olunması. İnsanlar həmən informasiyalar, yəni rəsmi dövlət qurumlarının yaydığı informasiyalara inanıb, onlara istinad etməlidir. Onların verdiyi məlumatları, tövsiyələri, göstərişləri əsas tutmalıdırlar ki, insanlar bu kimi hallarda dezinformasiyalara inanıb, həm özləri narahat olmasınlar, həm də kimlərəsə də narahatlıq yaratmasınlar".
Röyalə Xəyal