Azərbaycan-İran münasibətlərində səmimiyyət mesajı: Pezeşkianın addımı nə deməkdir?- ÖZƏL
16:57 Siyasətİranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı iki ölkə arasında yaranmış gərginliyin azalmasına mühüm təsir göstərib. Əraqçi xüsusilə Pezeşkianın danışıq zamanı Azərbaycan dilində səmimi müraciət etməsinin və atalar sözlərindən istifadə etməsinin münasibətlərin yumşalmasına töhfə verdiyini qeyd edib.
İki prezident arasındakı bu telefon danışığı Azərbaycan-İran münasibətlərində gərginliyin aradan qaldırılması baxımından nə dərəcədə mühüm addım sayıla bilər?
Məsud Pezeşkianın Azərbaycan dilində danışması və Azərbaycan atalar sözlərindən istifadə etməsi Tehranın Bakı ilə münasibətlərində hansı mesajı verir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, ümumiyyətlə Azərbaycan və İran prezidentləri arasında münasibətlərin daim yaxşı vəziyyətdə olması müsbət bir hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan xalqında Pezeşkiana qarşı xüsusi bir münasibət var. Azərbaycan xalqı onun azərbaycanlı kimliyinə malik olmasını, onun səmimiyyətini, Azərbaycan dilində danışmasını, Azərbaycan dilinə və milli kimliyinə xüsusi diqqət göstərməsini, Azərbaycan Respublikasına, onun Prezidenti İlham Əliyevə xüsusi münasibət göstərməsini yüksək qiymətləndirir. Yəni Azərbaycan cəmiyyətində Pezeşkiana qarşı bir sıra digər İranlı məmurlardan fərqli olaraq xoş münasibət var. Bəzən hətta Azərbaycan cəmiyyəti Pezeşkiana münasibətdə aşırı hörmət və sevgisini izhar edir. Və Məsud Pezeşkian da Azərbaycana münasibətində hər zaman gərginliyin aradan qalxması, gərginliyin olmaması, münasibətlərin qaydasında olması, iki qonşu ölkənin, hətta qardaş ölkənin bir arada olması üçün cəhd göstərən şəxslərdən, dövlət başçılarından biridir. Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman İrana qarşı bir qonşuluq münasibətini yüksək səviyyədə göstəribdir. Hətta qonşuluqdan daha ötə qardaşlıq münasibətini göstəribdir-İranın ən çətin vaxtlarında ona dəstək olması anlamında və s digər məqamlarda. Bunu da İran tərəfi hər zaman qeyd edir və hər iki dövlət başçısının belə bir münasibətlərinin olması, təbii ki, dövlətlərarası münasibətlərə də müsbət təsir edir. Hesab edirəm ki, bu cür qardaşlıq və bu cür gözəl münasibəti saxlamaq lazımdır. O baxımdan ki, Azərbaycanla İran qonşu dövlətlərdir, bizim aramızda böyük quru sərhədi var və bizim aramızda gərginlik olmasındansa, qarşılıqlı anlaşmanın, xoş münasibətin olması daha məqsədəuyğundur. İran Azərbaycana, Azərbaycan da İrana lazımdır. Yəni, gərginlikdənsə, bu cür xoş münasibətlərin olması müsbətdir və iki ölkə arasında dövlət başçılarının da əlaqələrinin yaxşı olması dövlətlərin münasibətlərinə təsir edir. Məhz Pezeşkianın bu cür üsullardan istifadə etməsi, xoş sözlərdən, Arbaycan dilindən sözlər istifadə etməsi də müsbətdir. Bu, Azərbaycana xoşməramlılıq işarəsini nümayişidir, həm də İranda milli kimliyin daha da oyanmasına gətirib çıxaran bir amildir".
Zeynəb Mustafazadə