“Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var” - Deputat

"Bilmənizi istəyirəm ki, ölkəmiz üçün etdiyinizdən dolayı, bir ziyalı xanım kimi sizə böyük hörmətim var, baş nazirimizə da böyük hörmətim var,  sizlərin müavinləriniz də yüksək əxlaqi dəyərlərə, insani keyfiyyətlərə malik ziyalı deputatlar və məmurlardır. Prezident Administrasiyasında rəhbərlik və cənab Prezidentin ətrafında olanlar Azərbaycanın inkişafı üçün çalışan gözəl ziyalı məmurlardır. Bizim gözəl nazirlərimiz, digər rəhbər vəzifədə işləyən, yüksək əxlaqi və məmur keyfiyyətlərinə malik vəzifəli şəxslərimiz də var". Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, bütün bunların fonunda görülən işlərə, aparılan siyasətə ləkə salanlar da var: "Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var hörmətli xanım sədr. Xüsusən ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var. Məmurun, vəzifəli şəxsin bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır. Bəzən məni qanayırlar ki, niyə ölkədə azad biznes mühiti yoxdur deyirsən. Kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun cəhənnəm əzabları başlayır. Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar. Mən hörmətli nazirimiz Mikayıl müəllimin də nəzərinə bəzi məsələləri çatdırmaq istəyirdim, amma təəssüf ki, danışa bilmədim. Mikayıl müəllimə hörmətim var və həmişə bu hörməti saxlamağa çalışmışam və saxlayacam.

Hörmətli Mikayıl müəllimin bir sıra sahələrdə yaratdığı şəffaflığı və idarəetməni alqışlayıram. Amma, bu gün vergi güzəştləri lazım deyil, ləğv olunsun hamısı. Vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır.

Biznes mühitində dəyər yaratmağa çalışdıq. Deyim ki, artıq bəzi şəxslər o dəyərlərdən uzaq düşüblər. Bəzi insanlar, hətta qurumlar və onların başında, yanında dayananlar inkişafa yox, geriyə dartırlar və adını da qoyurlar islahat. Hər kəsin gözü önündə birinə bütün şərait yaradılır, ondan 10 metr kənarda olana cəhənnəm əzabı yaşadılır, məgər buna islahat adı vermək olar?

Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları birbaşa icra edənlər düzgün icra etsəydi, ölkə gül-çiçək olardı. MDB məkanında, bütün regionda sahibkarlığın inkişafı üçün Prezident İlham Əliyev qədər addımlar atan, fərman və sərancam verən, konkret məqamlar üzrə sərt addımlar atan ikinci lider yoxdur. Bəs nədir problem? Ali rəhbərin siyasi iradəsi ortadadır, çıxışımın əvvəlində sizlərin xidmətlərini də sadaladım. Bəs problem haradadır? Çox gözəl bilirəm haradadır. Amma, gərək mənim də zəmanətim ola ki, məsələləri bir-bir çılpaqlığı ilə sadalayam. Olmasa belə uyğun məqam olan zaman bunu etmək fikrindəyəm. Dəqiq görə bilmirəm, bəlkə də elə burada da oturan qonaqlar arasında o gül-çiçəyin yerinə tikan əkənlər var, özü də qorxmadan, çəkinmədən, laqeydcəsinə. Yəqin qanunların bizlər və onlar üçün fərqli məzmunu var, biz onları fərqli görürük rənglər kimi. Indi bilmirəm mənim xəstəliyimin adı daltonizmdir, yoxsa onların.

Dünən sərt tənqidlər səsləndirdim bu tribunadan. Hörmətli deputat həmkarım Rüfət Quliyev irad bildirdi ki, konkret ad çək. Bunu ona görə etmirəm ki, həssas dövrdən keçirik və biz ilk öncə siyasi birliyi də düşünməliyik, hazırkı həssas dönəmi, Qarabağı, separatçıların ram edilməsini və köçkünlərimizin yurdlarına qayıtmasını da düşünməliyik. Cənab Prezident İlham Əliyevə həmişəkindən də 10 dəfə artıq dəstək olmalıyıq. Görün regionda hansı proseslər baş verir və onları ustalıqla kim idarə edir? İlham Əliyev!

İndi keçək Qarabağa. Necə olur ki, ayrı-ayrı şəxslərə yaşıl işıq yandırılır, o birilərinə yox. Hətta, sərmayə yatırmaq istəyən sinif yoldaşıma qanuni yollarla kömək etmək üçün dəridən-qabıqdan çıxdım, yenə də xeyri olmadı. Bu məsələ barəsində ayrıca adlarla bərabər açıqlamam olacaq, indi vaxt yoxdur. Xüsusən, şəhərsalma komitəsi və xammal agentliyi barədə.

Mənim düşüncəm belədir, əziz hökumət üzvləri. Əgər bir şəxs ölkəyə ya xaricdən, ya da sandığından çıxarıb 1000 azn belə yatırım etmək istəyirsə, ona əlavə də 1000 azn vermək lazımdır ki, işini böyütsün. Kim bir milyon qoymaq istəyirsə, onun yaxasından medal da asmaq lazımdır. Kim 5-10 milyon yatırım qoymaq istəyirsə, onları isə dövlət himayəsinə alıb, gündə 10 dəfə başını tumarlamaq lazımdır. Çünki, iş yerini iş adamı yaradır. Elə ölkələr var ki, sərmayə qoymaq istəyənə xərclərini ödəmək üçün kart verilir, pulsuz sürücü və maşınla təmin edilir, onların maraqlandıqları sahələr üzrə qarşılarına hazır paket sənədlər qoyurlar. Heç bəlkə də o şəxs o kartdan istifadə etməyi özünə sığışdırmayacaq, avtomobildən də imtina edəcək, amma o beş manat yatırım etmək istəyirdisə, 10 manat edəcək. Dəyər yaratmaq budur".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31