Azərbaycanda bu sosial müavinətlər kəskin artırılacaq

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsi üçün 280,63 milyon manat vəsait nəzərdə tutulub.

"Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu məbləğ 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 77,06 milyon manat və ya 37,85 faiz çoxdur.

Gələn il sözügedən vəsait aşağıdakı müavinətlərin ödənilməsinə yönəldiləcək:

- Uşağın anadan olmasına görə müavinət - 84 milyon manat;

- Hamiləliyə və doğuma görə müavinət - 77,34 milyon manat;

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət - 47,38 milyon manat;

- Dəfn üçün müavinət - 50,5 milyon manat;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət - 21,39 milyon manat.

Sənəddəki proqnozlara əsasən, 2027-ci ildə uşağın anadan olmasına görə 56 004 nəfərin müavinət alacağı və hər uşaq üçün ödənişin 1 500 manat təşkil edəcəyi gözlənilir.

Dəfn üçün müavinət alanların ümumi sayının 42 879 nəfər olacağı proqnozlaşdırılır. Bu məqsədlə sığortaolunanlar üzrə bir nəfərə düşən orta müavinət məbləği 700 manat, pensiyaçılar üzrə isə 1 200 manat müəyyənləşdirilib.

Üç yaşınadək uşağa qulluğa görə müavinət alanların sayının 24 870 nəfər olacağı gözlənilir. Bu istiqamət üzrə bir nəfərə düşən aylıq müavinət məbləği 100 manat nəzərdə tutulub.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alanların sayının 37 538 nəfər olacağı proqnozlaşdırılır. Bu kateqoriya üzrə bir nəfərə düşən günlərin orta sayı 23,6, bir iş gününə düşən orta gündəlik qazanc isə 53,50 manat hesablanıb.

Hamiləliyə və doğuma görə müavinət alanların sayının isə 19 599 nəfər təşkil edəcəyi gözlənilir. Bu müavinət üzrə bir nəfərə düşən günlərin orta sayı 78, bir iş gününə düşən orta gündəlik qazanc isə 50,57 manat proqnozlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31