Evlilik adı altında pedofillər tərəfindən istismar edilən azyaşlılar...
19 May 2023 13:00 SosialAilə qurmaq həyatımızın önəmli mərhələlərindən biridir. İnsan bəlli yaşa çatan zaman iqtisadi müstəqillik əldə edəndən, iş-güc sahibi olandan sonra ailə qurmaq haqqında düşünməlidir. Bəli, bəlli bir yaşa çatıb, iqtisadi müstəqillik əldə edib, iş-güc sahibi olandan sonra. 12-13 yaşında gəlinciklə oynayacağı çağlarda əyninə gəlinlik geyindirilib özündən 20-25 yaş böyük biri ilə evləndirilərək uşaqlığı əlindən alınan yeniyetmələr də eyni haqqa sahibdirlər.
Psixoloq Mələk Kərimova bildirir ki, evlilik hər iki tərəfin psixoloji, fiziki və sosial hazırlığı ilə sıx əlaqədardır:
"Evliliyə hazır olmaq həm fiziki yetkinlik tələb edir, həm də eyni zamanda psixi yetkinliyi də tələb edir. Yəni, tərəflərlərin yetkinlik səviyyəsinə gəlib çatması yaşla bağlı dəyişəcəkdir. Çünki 13 yaşındakı bir qız yeniyetməliyin başlanğıc dövründə hesab edilir və təbii ki, onun fiziki inkişafının tamamlanmasından söhbət gedə bilməz.
İkinci bir məsələ ondan ibarətdir ki, təbii ki, ailə münasibətlərində 20-25 yaş bir fərqin olması çox böyük bir nüansdır. Çünki bu qədər yaş fərqi ilə evlilik nəinki 13 yaşındakı bir qızın, məsələn, 20 yaşındakı bir xanımın 50 yaşındakı bir bəylə ailə qurması da yenə fərqli yaş dövrlərində olduğu üçün problemlərə səbəb ola bilir. Bu mənada da xüsusilə bu situasiyada, 37 yaşlı yetkin insanla 13 yaşındakı yeniyetməliyə təzə qədəm qoyan bir qızcığazın evləndirilməsi və ya nişanlandırılması təbii ki, yalnışdır. Psixoloji cəhətdən də qarşı tərəf böyük ehtimalla təxmin edirəm ki, bu prosesə vadar edilib. Ya da xüsusilə bu yaşda evlındirilən qızlara baxdığımız zaman, ya da ailə qurmağa təşviq edilən qızlara baxdığımız zaman da ya ailədən qaçmaq istəyirlər, ya da ailə kiçik yaşdan etibarən bunu aşırı bir şəkildə təlqin edir, bu cür qızları təhsildən yayındırır, maddi məsələlər olur və s. bir çox bu prosesə təsir edən faktorlar olur. Ona görə də, bu situasiyaya yenidən qayıdacaq olsaq, qeyd etmək lazımdır ki, bu kimi halların mütləq qarşısı alınmalıdır və bu yaşda, xüsusilə 17-18 yaşına qədər hər bir qız təhsil almalıdır, məktəbdə olmalıdır və eyni zamanda, həm fiziki, həm psixi hazırlığını tamamladıqdan sonra bu addımı atması daha uyğun olacaqdır. Çünki evlilik sadəcə yaşla əlaqədar bir proses olmayıb, eyni zamanda, psixoloji hazırlığı da tələb edən bir məsələdir. Çünki hər iki tərəfin məsuliyyət aldığı, fiziki cəhətdən də buna hazır olduğu bir mərhələdir. Ona görə də, təbii ki, 13 yaşındakı bir qızcığazın hər hansısa bir səbəbdən belə bir şeyə sövq edilməsi normal qəbul edilməməlidir".
Aydın şəkildə bilmək lazımdır ki, zamanla dəyişən şeylərdən biri də evlilik yaşıdır. Keçmişdə 18-20 yaşlarında artıq ailə qurmuş, uşaq sahibi olan insanlar normal hesab edilsə də, indi bu prosesin 20, 30, hətta 40 yaşlarına keçdiyini müşahidə edə bilərik. İnsanların evlilikdən gözləntiləri insandan insana fərqli olduğu üçün onların evlənməyə hazır olduqları yaş da dəyişir. Amma təbii ki, zaman keçdikcə mövcud mədəniyyətdəki dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkən ağsaqqallar yeni nəsil fərdlərinə təzyiq göstərə bilər. Ailədaxili münaqişələrə səbəb olan bu vəziyyət subay şəxsləri həll yolu axtarmağa sövq edir. Basqılardan uzaq durmağa çalışmaq məqsədi ilə verilən qəfil evlilik qərarları, səbəb göstərmək, zülmdən xilas olmaq və ya ailəni cəzalandırmaq məqsədi ilə verilən evlilik qərarları çox vaxt uğursuz nəticələnir.
İlk növbədə bilmək lazımdır ki, evlilik üçün ideal yaş ümumi deyil, şəxsidir. Evlilik üçün əsas meyar özünü hazır hiss etməkdir. Özünü hazır hiss etmək fərdin karyerasının, sosial və emosional şəraitinin formalaşması və onun prioritetlərinin tamamlanmasıdır. Bu müddət bəzən 20, bəzən 30, bəzən 40-larda ola bilər. Sağlam evliliyin təməli üçün atılacaq ən doğru addımlardan biri də mədəni şəraitə deyil, şəxsi şərtlərə uyğun bir zamanda evlənməyə qərar verməkdir. 20 yaşında özünü hazır hiss edib evlənənlər də idealdır, 40 yaşında özünü hazır hiss edib evlənməyə qərar verənlər də.
Lakin ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan 13 yaşlı qızla bağlı mediada yayılan xəbərlərdən sonra "pedofiliya" terminini gündəmə gətirmək tam yerinə düşərdi. Çünki bu hadisəyə başqa bir çərçivədən məntiqli yanaşmağa çalışmaq qeyri-mümkündür. Evlilik adı altında bir pedofil tərəfindən istismar edilən azyaşlı ilə bağlı qanuni tədbir görülsə də, onunla eyni taleyi bölüşənlər az deyil və təəssüf ki, bu hal nə ilkdir, nə də son.
Cəmiyyətdə getdikcə geniş vüsət alan ən mühüm problemlərdən biri uşaqların cinsi istismarı məsələsidir. Uşaqları bu vəziyyətdən qorumaq və pedofiliyanın əvvəlcədən aşkar edilməsi üçün cinsi zorakılıq və onun nəticələri barədə vəziyyətdən əvvəlcədən xəbərdar olmaq lazımdır.
Pedofiliya, bir yetkinin yetkinlik yaşına çatmamış və ya cinsi cəhətdən cəlbedici hesab etdiyi uşaqlara qarşı cinsi oriyentasiyaya səbəb olduğu psixoseksual bir xəstəlikdir. Bu pozğunluğu olan insanlara pedofil deyilir. Daha çox yetkin kişilərdə müşahidə olunan pedofiliya nadir hallarda da olsa qadınlarda da müşahidə oluna bilər.
Dolayısıyla, oyun oynamaq, məktəbə getmək, yaşıdları ilə zaman keçirməli olduqları yaşda evlənmək kimi bilmədikləri bir vəziyyətə məcbur edilmək, uşaqlar üçün qorxulu və travmaya səbəb olmaqla yanaşı, eyni zamanda da cinayətdir. Bir qayda olaraq, 18 yaşını tamamlamamış uşaqlarla bədən təması quraraq cinsi məqsədlə törədilən hərəkətlər törədən şəxslər qanunla cəzalandırılmalıdır. 15-18 yaşlı uşaqlara qarşı bu hərəkətlər cinsi zorakılıq kimi təsnif edilir.
Əslində texnologiyanın bu qədər inkişaf etdiyi, informasiyaya çıxışın son dərəcə asan olduğu bu dövrdə uşaq nikahları kimi cahil və primitiv vəziyyətin yaşanmamasını arzulayardıq. Ancaq unutduğumuz odur ki, bütün dünyada bu mövzuda məlumat əldə etmək düşündüyümüz qədər sadə deyil. Təəssüf ki, ölkədə və dünyada təhsildə imkan bərabərliyi xüsusilə qız uşaqları üçün uşaq nikahları qədər əhəmiyyətli bir problemdir. Çünki təhsilini davam etdirməyə icazə verilməyən uşaqlar çox vaxt ərə verilir.
UNICEF-in də məlumatına görə, kök salmış cinsi bərabərsizlik uşaq nikahlarının mövcudluğunda ən mühüm amildir. Ölkəmizdə, xüsusən də dağlıq bölgələrdə tez-tez uşaq evliliyi müşahidə olunur. Tədqiqatlara əsasən dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ailə qurub. Belə qızların üçdə biri 15 yaşına çatmamış nikaha sövq edilib. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir.
Təbii ki, bu situasiyada ən başlıca günahkarlardan birincisi evlilik adı altında istismara məruz qalan azyaşlıların valideynləridir. Çünki mütəxəssislər bu yaşda övladlarını evliliyə qurban edənlər psixoloji problemlər yaşadığını bildirirlər. Bu proses nəticəsində erkən nikah yaşayanların bir şəxsiyyət kimi formalaşmasında müəyyən baryerlər yaranır, ailə, məişət qayğıları, övlad məsuiyyəti onlara stress və gərginlik gətirir. Öz yaşıdlarından geri qalırlar. Bu cür nikahların qarşısını almaq üçün isə gənclərin, cəmiyyətin maarifləndirilməsi əsas məqam çıxış etməlidir.
Bu vəziyyətin qarşısını almaq üçün ilk növbədə hər bir vətəndaş milli və beynəlxalq aləmdə hüquqi tənzimləmələri yaxşı bilməlidir. Daha sonra hər bir ölkənin müvafiq bölmələri və ya qeyri-hökumət təşkilatları tərəfindən hələ də cahil qalan cəmiyyətlərə bu mövzuda verilə biləcək təlimlər təşkil edilməli, həm uşaq nikahlarının zərəri, həm də sağlam ailənin olmaması adına məlumatlar verilməlidir.
Röyalə Xəyal