Qadınlarımız ictimai-siyasi proseslərdə fəal iştirak edirlər - ÖZƏL

"Bir neçə gündən sonra azərbaycan qadınlarının seçib-seçilmək hüququnun əldə edilməsinin 105 ili tamam olacaq. 1918-ci il, 28 may tarixində bu hüququ əldə etməklə Azərbaycan qadını yeni dövrə qədəm qoydu. Bu tarixi hadisədir. Azərbaycan qadını cəsarətlə bütün problemlərin qarşısına çıxa bilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycanda qadın hərəkatının zəngin tarixi var: "Bu hərəkat gündən-günə inkişaf edir. Bu həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar həmişə Prezident İlham Əliyev və Birinci vitse - prezident Mehriban Əliyevanın diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Lakin bununla yanaşı, nə çatışmır? Özümüzə, öz gücümüzə  inam! Karyera qurmaqla yanaşı, ailə qayğıları, uşaqların tərbiyəsi  arasında balansı yarada bilmək bacarığı!  Bunun üçün maarifləndirmə işlərini daha da gücləndirməliyik, dəyirmi masalar, forumlar, seminarlar keçirməliyik! Elə bu kampaniyalarının nəticəsi olaraq bəzi problemlərə baxmayaraq, mənə elə gəlir ki,  bu sahədə bir sıra müsbət nəticələrə nail ola bilmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31