Bir gündə 26 yanğına çıxış olub
10 May 2023 16:17 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, Sabunçu rayonunda yerləşən yataqxana binasında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.