Hazırda ən çox köçürülən orqan böyrəkdir

Hazırda dünyada geniş yayılmış orqan transplantasiyası insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi kimi başa düşülür. Azərbaycanda orqan transplantasiyası ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə orqan transplantasiya işi dayandırılıb. Bu sahədə işlərin bərpası Azərbaycanın müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövrünə təsadüf edir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Onu da qeyd edək ki, Azərbaycan orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.

"İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri"nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir. "Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları"na görə isə şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi qeyd edib ki, transplantologiya təbabətin, cərrahiyyənin nisbətən gənc sahələrindəndir. Molekulyar biologiya sahəsində əldə edilən nailiyyətlər, eyni zamanda anesteziologiya və reanimasiya, immunologiya və mikrocərrahiyyənin uğurlu inkişafı transplantologiya sahəsinin daha da inkişaf etdirilməsinə imkan yaratdı. İnsan orqan və toxumalarının transplantasiyası həqiqətən bəşər tarixində ən böyük nailiyyətlərdən biridir, çünki xəstələr ikinci həyat şansı əldə edirlər: "Çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər. Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır. Azərbaycanda isə gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir. Hazırda ən çox köçürülən orqan böyrəkdir. Onlara olan ehtiyac qaraciyər və ürəkdən qat-qat yüksəkdir. Çünki böyrək xəstəliklərinin daha çox olması böyrək çatışmazlığının inkişafına gətirib çıxarır və bu, dializ və ya orqan transplantasiyasına gətirib çıxarır".

Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığı olan və böyrək köçürülməsi əks göstəriş olmayan xəstələrin əksəriyyəti transplantasiya üçün uyğun namizədlərdir. Bu xəstələr istər dializ proqramında olan, istərsə də dializdən əvvəl ("preemtive") dövrdə olan şəxslərdir: "Resipiyent orqan və ya toxuma transplantasiyasına ehtiyacı olan şəxsdir. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən şəxsə isə donor deyilir. Bu münasibətlər bu sahədə bir çox normativ hüquqi aktlarla tənzimlənir. Qanuna görə, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı canlı donor resipiyentin yaxın qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır. Xəstə qohum donoru ilə müraciət etdiyi zaman müayinələr nəticəsində qərar verilir. Yəni, həm xəstənin, həm də donorun bütün müayinələri və toxuma uyğunluğu testi nəticəsinə görə onların əməliyyatının baş tutub-tutmamasına qərar verilir. Əgər müayinələrin hər hansı bir mərhələsində (istər tibbi, istərsə də qeyri-tibbi) donorun həyatına təhlükə yaranacağı hiss olunarsa, müayinə dayandırılır və həmin şəxs donor kimi qəbul olunmur. Böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır. Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır. Düzdür, dializ seansları həyatı təhlükələrdən xilas edə bilər, lakin o, sağlam orqanın bütün funksiyalarını tamamilə əvəz edə bilməz. Uğurlu böyrək transplantasiyası sonrası xəstə sağlamlığına qovuşur, ailəsinə, işinə və nəhayət, cəmiyyətə faydalı şəxs kimi qayıdır. Bu baxımdan böyrək transplantasiyası daha rasional müalicə üsuludur. Böyrək transplantasiyası əməliyyatı təqribən 3-4 saat çəkir. Donor və xəstənin əməliyyatı eyni zamanda icra olunur".

Ekspert bildirib ki, donorların xüsusi müalicəyə ehtiyacı yoxdur. Orqan köçürülənlər isə köçürülən orqanın rəddinin qarşısını almaq üçün xüsusi dərmanlar (immunsupressiv) qəbul edirlər. Bu dərmanların qəbulu mütləqdir, sayı və dozası həkim tərəfinfən təyin olunur və buna ciddi riayət olunmalıdır. Əks təqdirdə, geri dönməz nəticələrə səbəb ola bilər: "Qeyd etmək istəyirəm ki, xroniki böyrək xəstəliklərinin qarşısının alınmasının əsas şərtlərindən biri balanslaşdırılmış qidalanma və normal bədən çəkisinin saxlanılmasıdır. Həzm sistemini həddindən artıq yükləmədən, gün ərzində kiçik porsiyalarla yemək tövsiyə olunur. Həmçinin, duz miqdarına da diqqət yetirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, böyüklərə istifadə edilən duzun miqdarı gündə 5 qramdan çox olmamalıdır. Unutmayaq ki, aktiv həyat tərzi əhval-ruhiyyənizi yüksəltməklə bərabər, sağlamlığınıza da müsbət təsir göstərir. Müntəzəm fiziki fəaliyyət qan təzyiqini normallaşdırmağa, böyrəklərdə qan mikrosirkulyasiyasını yaxşılaşdırmağa və bununla da xroniki böyrək xəstəliyinin riskini azaltmağa kömək edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31