Azərbaycan–Özbəkistan münasibətləri və yeni Avrasiya iqtisadi xəritəsində Azərbaycanın rolu
13:49 Siyasət
Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqazın dəyişən geoiqtisadi rolunu qiymətləndirmək baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri son illərdə siyasi etimadla yanaşı, iqtisadi əməkdaşlığın da yeni mərhələyə keçməsinə imkan yaradıb. Bu münasibətlər artıq yalnız tarixi, mədəni və humanitar yaxınlıqla məhdudlaşmır. İki ölkə arasında nəqliyyat, logistika, investisiya, enerji, sənaye və digər iqtisadi istiqamətlərdə əməkdaşlıq genişlənir.
Bu baxımdan Azərbaycan Prezidentinin Özbəkistana bugünkü rəsmi səfəri münasibətlərin növbəti mərhələsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı artıq yalnız iki ölkənin iqtisadi maraqları çərçivəsində deyil, daha geniş regional iqtisadi proseslərin fonunda qiymətləndirilməlidir.
Özbəkistan Mərkəzi Asiyanın ən mühüm iqtisadi mərkəzlərindən biridir. Böyük əhalisi, artan sənaye potensialı və geniş bazarı onu regionun əsas iqtisadi aktorlarından birinə çevirir.
Azərbaycan isə Xəzərin qərb sahilində yerləşərək Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm iqtisadi və nəqliyyat qovşağına çevrilir.
Buna görə Azərbaycan-Özbəkistan əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Əslində, bu əməkdaşlıq Mərkəzi Asiyanın qərbə çıxışı ilə Azərbaycanın Mərkəzi Asiyaya daha dərindən inteqrasiyasını birləşdirən strateji xəttdir.
Xüsusilə nəqliyyat, logistika, investisiya və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan-Özbəkistan münasibətlərinə daha böyük regional məna verir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" istiqamətində əməkdaşlıq da bu prosesin yalnız ənənəvi nəqliyyat və enerji marşrutları ilə məhdudlaşmadığını göstərir.
Burada Azərbaycanın əsas üstünlüyü yalnız enerji resursları deyil, coğrafi əlaqələndirici imkanlarıdır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa, Xəzər ilə Cənubi Qafqaz, Şərq ilə Qərb arasında əlaqələndirici rol oynaya bilir.
Bu baxımdan Özbəkistanla münasibətlərin inkişafı Azərbaycanın Mərkəzi Asiyadakı rolunu da dəyişir. Azərbaycan artıq regionla əməkdaşlıq edən Cənubi Qafqaz ölkəsi deyil, Mərkəzi Asiyanın dünya bazarlarına çıxışında iştirak edən iqtisadi sistemin mühüm hissəsinə çevrilir.
Eyni zamanda, Özbəkistan üçün Azərbaycan Xəzər üzərindən Cənubi Qafqaza, Türkiyəyə və Avropaya çıxış imkanlarını genişləndirən mühüm tərəfdaşdır.
Deməli, Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız iki ölkə arasında ticarət və investisiyaların artmasında deyil. Bu münasibətlər Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən daha geniş iqtisadi məkanın formalaşmasına xidmət edir.
Məhz buna görə Prezident İlham Əliyevin Özbəkistana bugünkü rəsmi səfərini yalnız ikitərəfli münasibətlərin növbəti mərhələsi kimi deyil, Azərbaycanın yeni Avrasiya iqtisadi xəritəsində artan rolunun mühüm göstəricisi kimi qiymətləndirmək lazımdır.
Çünki , bu gün Avrasiyanın iqtisadi xəritəsi sürətlə dəyişir. Avropa yeni enerji və nəqliyyat marşrutları axtarır, Çin Avropa bazarlarına alternativ çıxış yollarını genişləndirir, Mərkəzi Asiya isə dünya bazarlarına daha çox inteqrasiya olunmağa çalışır. Bu proseslərin kəsişdiyi əsas məkanlardan biri Xəzər və Cənubi Qafqazdır.
Mərkəzi Asiya təbii ehtiyatları, enerji potensialı, artan əhalisi, sənaye imkanları və Çin, Rusiya, Xəzər, İran və Avropa arasında yerləşən coğrafi mövqeyi sayəsində Avrasiyanın ən mühüm iqtisadi məkanlarından birinə çevrilir.
Lakin Mərkəzi Asiyanın qarşısında duran əsas məsələlərdən biri regionun dünya bazarlarına necə çıxış əldə etməsidir. Məhz burada Azərbaycanın xüsusi rolu meydana çıxır.
Qazaxıstan da böyük təbii sərvətlərə və Xəzər dənizinə çıxışa malik ölkədir. Lakin onun Avropa bazarlarına çıxışının genişləndirilməsi üçün Xəzəri keçdikdən sonra Cənubi Qafqazın nəqliyyat sisteminə qoşulmaq lazımdır. Bu mərhələdə Azərbaycan Qazaxstan üçün də xüsusi əhəmiyyət daşıyır.
Deməli, Mərkəzi Asiya öz ixrac marşrutlarını nə qədər çox şaxələndirərsə, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun əhəmiyyəti də bir o qədər artacaq.
Bu sistemdə Azərbaycan əsas həlqələrdən birinə çevrilərək Xəzər dənizini Cənubi Qafqazla, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropa məkanı ilə birləşdirir.
Azərbaycan Xəzərin qərb sahilində yerləşərək Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm iqtisadi və nəqliyyat qovşağına çevrilir. Orta Dəhlizin inkişafı da Azərbaycanın bu rolunu daha da gücləndirir.
Azərbaycanın iqtisadi əhəmiyyəti burada yalnız tranzit imkanları ilə məhdudlaşmır. Ölkə müxtəlif iqtisadi məkanların bir-biri ilə əlaqələndirildiyi bir qovşaq rolunu getdikcə daha çox öz üzərinə götürür.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri də Mərkəzi Asiyanın iqtisadi xəritəsində Azərbaycanın mövqeyini gücləndirən amillərdən biridir.
Qazaxıstan, Özbəkistan və Azərbaycanın əməkdaşlığının genişlənməsi Mərkəzi Asiyanın iqtisadi potensialının Xəzər üzərindən qərbə çıxarılması baxımından yeni imkanlar yaradır.
Beləliklə, Azərbaycan Mərkəzi Asiyanın iqtisadi sistemindən kənarda yerləşən tərəfdaş deyil, onun qərbə çıxış mexanizminin mühüm hissəsinə çevrilir.
Qeyd edim ki, bu proseslərin digər tərəfində Avropa yerləşir.
Bu gün Avropa İttifaqı dünyanın ən böyük iqtisadi və texnoloji mərkəzlərindən biri olaraq qalır. Onun gücü nəhəng bazarı, maliyyə imkanları, texnologiyaları, sənaye potensialı və genişmiqyaslı infrastruktur layihələrini maliyyələşdirmək imkanları ilə müəyyən olunur.
Lakin müasir Avropa enerji və ticarət marşrutlarını şaxələndirməyə, həmçinin daha dayanıqlı təchizat zəncirləri formalaşdırmağa getdikcə daha çox ehtiyac duyur.
Məhz bu məqamda Azərbaycanın Avropa üçüm rolu iki qat artır. Avropa üçün Azərbaycan tədricən yalnız enerji tərəfdaşı deyil, həm də Xəzər regionu və Mərkəzi Asiya ilə əlaqələndirici mühüm tərəfdaşa çevrilir.
Xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, Avropa İttifaqının Mərkəzi Asiyaya münasibətdə siyasəti Cənubi Qafqazı və Qara dənizi getdikcə vahid kommunikasiya sisteminin tərkib hissəsi kimi nəzərdən keçirir.
2026-cı ilin iyununda Avropa İttifaqı Avropa ilə Mərkəzi Asiya arasında Cənubi Qafqaz və Qara dəniz vasitəsilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsinə yönəlmiş "Connectivity Agenda Platform" təşəbbüsünü işə salıb.
Beləliklə, Avropa üçün Azərbaycan eyni zamanda enerji tərəfdaşı, nəqliyyat qovşağı və Avropa ilə Mərkəzi Asiya arasında gələcək iqtisadi əlaqələr sisteminin mühüm elementi kimi çıxış edir.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Avropa üçün də dolayı strateji əhəmiyyət daşıyır. Çünki Özbəkistanın və bütövlükdə Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişlənməsi Avropanın yeni təchizat zəncirlərinə çıxışını da asanlaşdırır.
Başqa sözlə, Azərbaycanın Mərkəzi Asiya ilə qurduğu iqtisadi əlaqələndirici mövqeyi Avropanın Şərq istiqamətində iqtisadi imkanlarını genişləndirən amillərdən birinə çevrilir.
Avrasiyanın digər iqtisadi nəhəngi Çin də məhsullarının Avropaya çıxışında Azərbaycanın rolunda maraqlıdır.
Çin Avrasiyanın şərq hissəsinin əsas sənaye və istehsal mərkəzidir və Avropa bazarlarına çıxış üçün bir neçə ticarət marşrutunun mövcudluğunda maraqlıdır.
Qeyd edim ki, Çin üçün bu, yalnız daşımaların sürəti və qiyməti məsələsi deyil, həm də iqtisadi dayanıqlılıq məsələsidir.
Nə qədər çox alternativ marşrut mövcud olarsa, iqtisadiyyatın hər hansı bir istiqamətdən asılılığı da bir o qədər azalır.
Bu baxımdan Azərbaycan Çinin qərbə doğru iqtisadi çıxışında Transxəzər marşrutunun mühüm həlqəsi kimi xüsusi əhəmiyyət qazanır.
Çin məhsulları Mərkəzi Asiyadan keçərək Xəzər dənizinə, oradan Azərbaycana, daha sonra Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına daşına bilər.
Bu səbəbdən Azərbaycan Çin üçün sadəcə Cənubi Qafqaz ölkəsi deyil. Azərbaycan Çin iqtisadiyyatının Avrasiyanın qərb hissəsinə çıxışını təmin edən mühüm bəndlərdən biridir.
Beləliklə, Azərbaycanın Çin üçün əsas iqtisadi rolu Çinin Avropa bazarlarına alternativ quru çıxışının təmin edilməsində özünü göstərir.
Ayrıca qeyd etmək istədiyim məqam Rusiya və Avrasiyanın çoxmarşrutlu iqtisadi sistemi, Rusiya və Avrasiyanın şimal hissəsində Azərbaycanın dəyişən rolu haqqındadır.
Rusiya geniş ərazisi, enerji resursları, təbii sərvətləri, böyük bazarı və Mərkəzi Asiya ilə tarixi iqtisadi əlaqələri sayəsində Avrasiyanın mühüm iqtisadi aktoru olaraq qalır.
Lakin əvvəlki modeldə Şərqlə Qərb arasında quru əlaqələrinin böyük hissəsi Rusiya ərazisindən keçirdisə, tərəflər bu gün alternativ istiqamətlərə maraqlıdırlar.
Bu baxımdan Azərbaycan Şərq-Qərb resurslarının qarşılıqlı diversifikasiyasının mühüm elementlərindən birinə çevrilir.
Xüsusi qeyd etmək istədiyim bir məqam var, Azərbaycan Rusiyanı əvəz etmir və ölkəmizi yalnız Rusiya marşrutlarına rəqib kimi təqdim etmək düzgün deyil.
Azərbaycanın əhəmiyyəti ondadır ki, Mərkəzi Asiya ilə Avropa arasında əlavə iqtisadi və nəqliyyat istiqaməti yaradır.
Bu, Çin, Avropa və Mərkəzi Asiya ölkələrinə ticarətdə yalnız bir tranzit məkanından asılı olmamaq imkanı verir.
Azərbaycanın iqtisadi əhəmiyyəti Rusiyanın keçmiş kommunikasiya imkanlarına alternativ olmaqda deyil, məhz Avrasiyanın yeni çoxmarşrutlu iqtisadi sistemə çevrilməsi fonunda artır.
Beləliklə, Azərbaycanın yeni Avrasiya iqtisadi xəritəsindəki əsas üstünlüyü onun hansısa ölkəni və ya marşrutu əvəz etməsində deyil.
Əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan müxtəlif iqtisadi istiqamətləri bir-biri ilə əlaqələndirən, alternativ marşrutları tamamlayan və Avrasiyanın müxtəlif regionları arasında iqtisadi bağlantını təmin edən strateji qovşağa çevrilir.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı da daha böyük mənzərənin bir hissəsidir. Bu münasibətlər Mərkəzi Asiyanın qərbə çıxışını, Azərbaycanın isə Mərkəzi Asiyaya inteqrasiyasını eyni vaxtda gücləndirir.
Nəticə etibarilə, Azərbaycan-Özbəkistan münasibətləri yalnız iki dost və qardaş ölkənin münasibətləri kimi deyil, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yeni iqtisadi bağlantıların formalaşdığı daha geniş Avrasiya prosesinin mühüm elementi kimi qiymətləndirilməlidir.
Məhz bu səbəbdən Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərinin əhəmiyyəti ikitərəfli münasibətlərin çərçivəsindən xeyli kənara çıxır.
Bu səfər Azərbaycanın dəyişən Avrasiya iqtisadi xəritəsində tutduğu və getdikcə möhkəmləndirdiyi strateji mövqenin də mühüm göstəricisidir.
Yeganə Hacıyeva, Mətbuat Şurası İdarə Heyətinin üzvü.