Özbəkistan-Azərbaycan dostluğu dərin köklərə söykənir

Dövlət səfəri hər bir ölkənin protokolunda ən yüksək səfər sayılır və bu, bir çox baxımdan böyük hazırlıq tələb etdiyindən sayı elə də çox olmur. Yəni istənilən bir ölkə ildə ən yaxşı halda 4-5 belə səfər təşkil edir, bəzilərində isə onun sayı ikini keçmir. Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib:
"Bir ölkənin Prezidentinin digərinə qısa aralıqla dövlət səfəri etməsindən çox nadir praktikadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana gözlənilən dövlət səfəri məhz bu qəbildəndir.  Xatırladım ki, dövlətimizin başçısının qardaş ölkəyə belə bir yüksək statuslu səfəri 2024-cü ildə olmuşdu. Aradan bir il keçdikdən sonra Özbəkistan Prezidenti cənab Mirziyoyev Azərbaycana dövlət səfərinə gəldi. Məhz bu səfərlər zamanı, iki ölkə arasında cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də vurğulandığı kimi, "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalandı. 
Bax elə bunun özü- aradan bir il keçməmiş dərinləşdirilmiş strateji tərəfdaşlığın müttəfiqliklə əvəz olunması da, iki dövlət arasında əlaqələrin nə dərəcədə sürətlə möhkəmləndiyinin ən dəqiq təsbitidir. 
Qeyd etdiyimiz kimi, bəli, dövlətlərarası əlaqələrdə belə örnəklər çox az olur. Amma əgər söhbət Azərbaycanla Özbəkistandan gedirsə, burada təəccüblənmək lazım gəlmir. Niyə lazım gəlmədiyinin cavabı əslində cənab Prezidentin həmin müsahibəsində verilir; o, hər iki dövlət səfəri zamanı imzalanan sənədlərdən söz salarkən onları "təbii müttəfiqliyin rəsmi olaraq möhkəmləndirilməsi" adlandırır. Beləliklə də diqqətə çatdırılır ki, Azərbaycanla Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri var və bu müttəfiqliyin arxasında hər iki xalqın iradəsi, bir-birinə olan sevgisi və doğmalığı dayanır. 
Azərbaycanla Özbəkistan arasında bu cür səmimi, hər iki ölkənin vətəndaşlarının eyni dərəcədə alqışladığı əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya prosesinə də töhfə verir. Cənab İlham Əliyev sözügedən müsahibədə bunu elə belə də qiymətləndirir. O, "Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir", - deyir. 
Beləliklə, elə bu müsahibədə deyilənlərdən də hiss olunur ki, Azərbaycan Prezidentinin cəmisi iki il aralıqla qardaş Özbəkistana etməyi planlaşdırdığı ikinci dövlət səfəri ikitərəfli əlaqələrdə dərin iz buraxmaqla yanaşı, həm TDT, həm də C6 çərçivəsində çoxtərəfli əməkdaşlığa da təsirsiz ötşməyəcək. 
İmperiya mərəzindən qurtula bilməyənlər, bizə hələ də "təsir zonası" olaraq baxanlar, çox keçmədən sözügedən təşkilat və birliyin təsir gücünü daha aydın hiss edəcəklər. Və bəlkə də anlayacaqlar ki, Azərbaycanın, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırgızıstanla  müttəfiqliyi təbii olduğu kimi, yeni geosiyasi reallıq da təbii prosesdir, onun  qarşısını heç kim ala bilməyəcək. Niyəsini bilmək üçün adı çəkilən həmin dövlətlərin qüdrətli keçmişlərinə, yaratdıqları imperiyalara baxmaq yetər. Baxsalar görərlər ki, geosiyasi fəlakət də, anomaliya da əslində bizim son 2-3 əsrdə üzləşdiyimiz vəziyyət idi. Çox şükür ki, aradan qalxır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31