DAŞKƏNDƏ GEDƏN YOL TÜRK DÜNYASININ GƏLƏCƏYİNƏ GEDİR

Azərbaycan-Özbəkistan müttəfiqliyi. Yeni Türküstan düzəni

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri başlayır. 
(https://azertag.az/xeber/prezident_ilham_aliyev_ozbekistana_dovlet_seferine_gelib_video-4378129)
Bu, anlamı proqramından böyük olan səfərlərdəndir.
Bakı-Daşkən yolu həm ulu, həm də gələcəyin yollardandır.
Bu yol sadəcə iki paytaxtı birləşdirmir; Xəzərin günbatarı ilə Türküstanın gündoğarını, Güney Qafqazla Ortalıq Asiyanı, ortaq yaddaşla ortaq gələcəyi birləşdirir.
Bəli, Azərbaycanla Özbəkistan yeni tanış olan dövlətlər deyil; biz yeni qardaş olmuruq.
Biz qədim qardaşlığımızın yeni çağırışlara cavab verə bilən dövlətçilik modelini qururuq, müttəfiq kimi səmimi, həqiqi, əsl müttəfiq oluruq. SSRİ "müttəfiqliy"indən deyil bu!.. Söhbət, tarixin verdiyi qardaşlığa dövlət ağlının qazandırdığı statusdan gedir. Hələ-hələ yaxınlığımızda "qardaş", "qonşu" qavramlarının "Xüsusi hərbi əməliyyat"la necə qana döndüyünü görərkən... əsl qardaşlığın bayrağı daha da uca görünür!

Azərbaycan-Özbəkistan münasibətlərinin indiki səviyyəsini anlamaq üçün "dostluq" sözü yetərincə gözəl olsa da, artıq yetərincə dəqiq deyil.
Dostluq mənəvi kateqoriya, qardaşlıq tarixi yaddaş, müttəfiqlik isə onların dövlət iradəsinə çevrilmiş yüksək formasıdır.
Prezident İlham Əliyevin səfər ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də münasibətlərin ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə və uluslarımızın yüzillərlə nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslandığı xüsusi vurğulanır.
Burada siyasət elminin quru dili ilə ifadə edilə bilməyəcək qədər dərin, üfüqötəli bir həqiqət vardır:
dövlətlərimiz müqavilə bağlamamışdan çox-çox öncə uluslarımızın könülləri bəngü anlaşma bağlamışdı.
Hazırkı siyasət həmin tarixi-mənəvi müqaviləni hüquqi, iqtisadi və institusional məzmuna qovuşdurur.

2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri, müttəfiqlik haqqında müqavilə, Ali Dövlətlərarası Şuranın fəaliyyəti və indi onun Daşkənddə keçiriləcək III iclası münasibətlərin sistem üzərində qurulduğunu göstərir. - Yəni biz təsadüfi dalğalanmalardan danışmırıq.
Bugünkü səfərin gündəliyində də strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsi əsas mövzulardandır.

Bakı ilə Daşkənd iki paytaxt, iki ürək, iki kürək, iki ocaq və ruhi güc!
Mənə elə gəlir, qardaş ölkələrimizin əziz paytaxtları Türk dünyasının yeni dirçəlişinin iki önəmli strateji ağırlıq mərkəzi sayılmağı haqq edir.
Azərbaycan Güney Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın - böyük Türküstan coğrafiyasının - ən mühüm siyasi-iqtisadi mərkəzlərindəndir.
Budur, Xəzərin iki sahilinin strateji yaxınlaşması, Qafqazla Türküstanın bir-birinə yenidən baxması yeni üfüqlər qazanır.
Bu, coğrafiyanın yaddaşa, yaddaşın siyasətə, siyasətin iqtisadi gücə, onun da daha yüksək materiyaya çevrilməsidir.
Uzun illər türk dövlətlərinin ayrı-ayrı coğrafiyalarda yerləşməsi onların zəifliyi kimi təqdim edilirdi. - Bəs indi? - İndi həmin coğrafiyalar düzgün dəmir yolları, limanlar, avtomobil magistralları, enerji xətləri və rəqəmsal bağlantılarla bir-birinə bağlandıqca dünənin "uzaqlığ"ı sabahın üstünlüyünə çevrilir.
Sabahın vicdanına and olsun! 

Obrazlı desək, karvan dəyişib, yol dəyişməyib...
Bir vaxtlar Səmərqənddən, Buxaradan, Xivədən günbatara sarı karvanlar gedirdi.
İpək gedirdi.
Ədviyyat gedirdi.
Kitab gedirdi.
Fikir gedirdi.
Mədəniyyət gedirdi...

İndi karvan başqa biçim alıb.
İndi konteynerlər gedir.
Yük qatarları gedir.
Enerji gedir.
Texnologiya gedir.
Kapital gedir.
Bilgi gedir...

Bəlkə sabah Türk dünyasının ən böyük sərvəti məhz ortaq intellektual kapitalın sərbəst dövriyyəsi olacaq. Niyə də olmasın?..
Bu anlamda Orta dəhliz yalnız iqtisadi layihə olmaqdan çıxıb, böyük coğrafiyanın yenidən özünü tapması aktına (faktına!) dönüşüb.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Xəzər üzərindən Azərbaycan daşımalar sisteminə bağlanması, Zəngəzur xəttinin gələcək imkanları, Ələt limanı, Bakı-Tiflis-Qars dəmir yolu... - bunların hər biri xəritədə çəkilmiş sadəcə xətdən üstün hadisədir.
Bunlar Türk dünyasının gələcək geoiqtisadi anatomiyasının damarlarıdır.

Azərbaycan Prezidentinin daha öncə vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır; Xəzər isə zahirən ayırdığı tərəfləri əslində birləşdirən amildir.

Coğrafiyanı taleyə çevirmək olar;
siyasi iradə varsa, taleyin özünü də üstünlüyə çevirmək olar.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulmasının (öncəki C5 formatının faktiki C6 ölçüsü qazanmasının) yalnız bir rəqəmin artması olmadığını yaxşı bilirik.
Burada region anlayışının özü dəyişir.
Azərbaycan coğrafi dərsliklərdə Güney Qafqaz dövlətidir.
Bəs tarix kitablarında?
Bəs dil xəritəsində?
Bəs dastanlarda, musiqidə
- bir sözlə, mədəniyyət yaddaşında?
Yəsəvi ilə Nizaminin, Nizami ilə Nəvainin, Füzuli ilə Baburun ruhani coğrafiyasını, Azərbaycanla Türküstanı ayırmaq bu mənəvi xəritədə harada, necə mümkün olacaq?..
Ona görə mənə elə gəlir, XXI yüzilin siyasi coğrafiyası bəlkə də XX yüzilin dərsliklərindəki bölgülərlə izah edilməyəcək.
Bəlkə "Güney Qafqaz, Mərkəzi Asiya" anlayışından daha bütöv bir geosiyasi məkan haqqında danışacağıq. 
Onun mədəni adı isə minillərdir yaşayır: Türküstan!
Azərbaycan Türküstanın Xəzərin bu tayındakı davamıdır.

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31