Milli-mənəvi dəyərlərimizin qırılma nöqtəsindəyik?- ARAŞDIRMA-ÖZƏL

Sosial şəbəkələrdə yeniyetmələrin məktəbdə müəllimlərə, həmyaşıdlarına qarşı etdiklərini təəccüblə izləyirik. Qorxmaq lazımdır ki, bunlar bizim üçün normal qəbul edəcəyimiz davranışlara çevrilsin. 
Yeniyetmələrdə öz sözünü yeritmək, kriminal aləm, polisi, müəllimi təhqir etmək dəb halını alıb. Nəticədə üzr istəyib, rüsvay olsalar da hərəkətlərinə davam etməkdən çəkinmirlər.

Yeniyetmələrin cəzalandırılması ilə bağlı qaranlıq qalan hüquqi məqamlara vəkil Turan Abdullazadə aydınlıq gətirdi:
"Azərbaycan Respublikasının cinayət və inzibati xəta haqqında qanunvericiliyi hər hansı formada şəxslərə qeyri-humanist davranılmasına  yol vermir.                 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 
          Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza- sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
        Yəni cəza məhkumdan qisas almaq deyil, onu islah etmək məqsədi daşımalıdır.
        Ümumiyyətlə, yeniyetmələrin şiddətə və zorakılığa meyilli olmasının obyektiv və subyektiv səbəbləri var. Təbii ki, bunu psixoloqlar daha yaxşı bilər. Lakin hüquqi araşdırma sahəsində müşahidələr onu göstərmişdir ki, şiddətə və zorakılığa meyilli olan uşaqların əksəriyyətinin yaşadığı evdə şiddət var. ( Məsələn, atası hər axşam sərxoş vəziyyətdə gəlib anasını döyür). Hətta dünyaca məşhur olan qəddar Hitler, Stalin, serialı qatil Andrey Çikatilonun uşaqlıqda valideynləri tərəfindən şiddətə məruz qalması barədə məqalələr var.  Məşhur amerikalı serialı qatillərin əksəriyyətin də bu tendensiya müşahidə olunur. Lakin istisnalar da mümkündür. Bəzən yaxşı bir ailədə cinayətkar bir fərd yetişə bilir. Bu da onun sonradan düşdüyü mühit və çevrəsi ilə əlaqədardır. "Dedovşina" nın yayıldığı ordularda da deyilənlərin təsdiqini tapmaq olar. Belə ki, "köhnə" əsgərlər tərəfindən şiddətə məruz qalan "gənc" əsgər,  sonradan özü də köhnə əsgər olanda  özündən sonra gələn gənc əsgərlərə qarşı şiddətə meyilli olur. Bunun kimi çoxsaylı nümunələr çəkmək olar. Hər bir halda böyüdüyü ailədə və təhsil ocaqlarında maarifləndirmə, təbliğat, təlim-tərbiyə işlərin effektivliyi artırılmalıdır ki, belə halların qarşısını maksimum dərəcədə alına bilsin".

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı problemi sosial-iqtisadi vəziyyətdə görüb:
"Son dövrlərdə gənclərin kriminal aləmə, radikal dini qruplaşmalara meyli artıb. Bunların çox sayda fundamental səbəbləri var. Cəmiyyətin quruluşu, sosial-iqtisadi vəziyyəti  əsas səbəblərdəndir. Gənclərin enerjilərini xərcləyəcək yerləri olmalıdır. SSRİ dövründə gənclər idmana, yaradıcılıq fəaliyyətinə pulsuz şəkildə cəlb edilirdi. O zaman gənclər asudə vaxtlarını səmərəli keçirirdilər. İndi əhalinin 90%-nin imkanı yoxdur övladlarını belə mərkəzlərə göndərsin. Qiymətlər çox bahadır. Nəticədə boş qaşan gənclər zərərli şeylərə meyil edirlər. Bura narkomaniya da daxildir. Kütləvi şəkildə yayılan bəla gəncləri əlimizdən alır. Cəmiyyət, dövlət bunun qarşısını almaqda maraqlı deyil. 
Təhsil ocaqlarının əlindən tərbiyə funksiyası alınıb. Təhsilin başında yararsız eksperimentlər aparılır. Güya, şagirdyönümlü təhsil sistemi qururuq. Buna görə də məktəblərdə anarxiya yaranıb. Nəticə özünü göstərir. Gənclər internetdəki biabırçı fəaliyyətlərinə real həyatda da davam edirlər. Valideynlər övladlarını kiçik yaşdan talehin ümidinə buraxıb. Hər azyaşlının əlində bahalı smartfon var.  İnternetdən yaşlarına uyğun olmayan, zərərli  materiallara baxırlar. Psixologiyaları alt-üst olur. Təsir altına tez düşürlər.
Gənclərlə bağlı dövlət proqramı olmalıdır. Valideynlər psixoloqların dedikləri cəfəngiyyatları kənara atıb, uşaqlara köhnə qaydada tərbiyə verməlidirlər. "Uşağa dəymə", "azadlıq ver" deyərək, ortaya belə kütlə çıxarmışıq. Bu da xalqın gələcəyinin indidən məhv edilməsi deməkdir. Media kriminal seriallar, axmaq şoular, zərərli verilişlər nümayiş etdirir. Əvvəllər gənclər arasında intellektual yarışlar olurdu. İndi AZtv-də bir-iki veriliş var bununla bağlı. Başqa kanallarda isə demək olar ki, yox dərəcəsindədir. Məktəblərdə baş verənləri, uşaq cinayətlərinin, narkomaniyanın ildırım surəti ilə artmasını görürük. 
Belə çıxır ki, biz bunları gördüyümüz  halda qarşısını almağa ya maraqlı deyilik, ya da acizik. Maraqlı olsaydıq, tədbirlər görərdik. Əksinə azad cəmiyyət deyərək, kim nə istəyir etsin prinsipi ilə hərəkət edirik. 
Kitab oxuyan, teatra gedən uşaq, gənc görürsünüz ətrafınızda? 
Ümumən, cəmiyyətin ab-havası sonraki nəsilləri formalaşdırır. Bunların günahkarı uşaqlar deyil. Bu günki nəsil Azərbaycan tarixində ən biabırçı nəsildir. Hansı ki, özümüzdən sonra gələnlərə mənəvi, milli dəyərləri, əxlaqı sistemi ötürə bilmədik. Biz bunu bacarmadıq. İndi uşaqlar, gənclər yad ideologiyalarla  böyüyürlər. 
Əmin olun ki, 99% gəncin mənəvi, mədəni irsimizdən xəbəri yoxdur. Şairlərimizdən, tariximizdən, mədəniyyətimizdən bixəbərdilər. Universitetə hazırlaşan uşaqlar 1-2 misra şeir bilir. Bu, min illərlə gələn milli-mənəvi dəyərlərimizin qırılma nöqtəsidir. Bundan sonra gələn nəsil sanki bizə aid deyil. Azərbaycanlı olmaq xüsusiyyətini itiririk. Bu da özünü cinayətlərin sayının artmasında, narkomaniyaya meyillilikdə, mənfi halların kütləvi şəkildə artmasında göstərir".


Psixoloq Fidan Canbabazadə problemin həllini kiçik yaşlardan veriləcək düzgün tərbiyədə görür:
"Çox kiçik yaşlarda uşaqlar müxtəlif oyunlar oynayır, cizgifilmlər izləyirlər. Bir çox valideynlər həmin məşğuliyyətlərin hansı yaş qrupu üçün olduğuna, tərkibinə baxmırlar. Bir çox cizgifilmlərdə şiddət təbliğ olunur. Oyunların əksəriyyəti isə şiddət üzərinə qurulub. Yeniyetməlik dövründə  isə uşağın ailədaxili harmoniyası və xarici mühitlə olan davranışına nəzər yetirmək lazımdır. Həmin yaş dövründə uşaqlar hər şeyin doğrusunu bildiklərini düşünürlər. Belə olan halda təsir altına düşməkləri olduqca asan olur. Ailənin üzərinə böyük yük düşür. Onlar, bilavasitə olmasa belə, dolayı yolla övladlarının çevrəsini tanımalıdırlar. Sosial mediada yayılan videolara əsasən də demək mümkündür ki, yeniyetmələr məktəbə həmyaşədlarına xəsarət yetirəcəkləri alətlər aparırlar. Özlərinə "AYE" kimi xüsusi devizlər seçirlər. Çoxu heç bu sözün mənasını bilmir. Rusca olan bu sözləri Azərbaycan bölməsində təhsil alan şagirdlər daha çox işlədir. Yeniyetmələrdə heç kimə tabe olmamaq hissi oyanır. Yeniyetmələr sosial şəbəkələrdə kriminal aləmə aid videolar, sənədli filmlər görür. Onlar, üçün əsas olan diqqət cəlb etmək olur. Fərq eləmir, bu müsbətdir yoxsa mənfi. 
Azyaşlılar məktəbdə bullinqə, şiddətə məruz qalırsa, həmin videolarda özlərini tapırlar. Tarixə baxsaq, bütün seriyalı qatillər, manyaklar böyük çaxnaşma yaradıb. Baxmayaraq ki, bir çoxları həbsdə, psixoloji mərkəzlərdədir həddən artıq məşhurdurlar. Yeniyetmələr səbəbi bilmədən, məşhurluğa fokslanırlar. Dünyanın hər yerində yeniyetmələr arasında kütləvi hadisələr baş verir. Burada ən mühüm məqam valideynin uşağa qarşı olan münasibətidir. Valideynin sözləri övladını digərləri ilə müqayisə etmək üzərinə qurulubsa, həmyaşıdlarına qarşı aqressiya yaranır. Təmənnasız sevilmək istəyi nifrətə çevrilir. Öz sözünü keçirmək istəyi, cinayətkarların həyat tərzi, yalnızlıq, yeniyetmələri buna vadar edir. Müsbət hekayələr yetəri qədər olsa da, onları mənfi hekayələr daha çox cəlb edir. Valideyn və təhsil ocaqları azyaşlıları başqalarına xəsarət yetirməyin nəticələri haqqında maarifləndirməlidir. Azyaşlılar arasında balans qorunmalıdır ki, başqa qruplara qoşulmaq istəyi yaranmasın".

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31