Yaxşılığı yaman günə qoyanlar- Züleyxa NADİR YAZIR

Orta məktəbdə oxuyanda bir sinif yoldaşım var idi, ata-anası vəfat etmişdi. Babası saxlayırdı, nənəsinə ana deyirdi. Çox kasıb idilər.  Oğlan yaxşı oxuyurdu, əlaçı idi. Adını çəkmirəm, indi elmlər doktorudu, ali məktəblərin birinin professorudu. O zamanlar dövlət kimsəsizlərə, ata-ana himayəsindən məhrum olanlara bəzi xırda-para yardımlar edirdi. Bu cür kasıb ailənin məktəbdə oxuyan uşaqlarına paltar verirdi, ailəni ərzaq məhsulları ilə təmin edirdi. Bir inək, yaxud da beş qoyun saxlaması üçün xüsusi şərait yaradırdı və s. 

Yadımdadı həmin sinif yoldaşıma bir gün  dərsin ortasında gətirib paltar verdilər. Götürmədi, hönkür-hönkür ağlayıb sinifdən çıxdı, bir neçə gün məktəbə gəlmədi. Onda dördüncü, ya da beşinci  sinifdə oxuyardıq.  Məktəbdə baş verən hadisəni evdə anama danışdım. Anam bircə cümlə  dedi: düz edib götürməyib, amma gərək ağlamayaydı.

11 yaşlı oğlan qürurunu sinif yoldaşlarının yanında göz yaşları ilə qorumuşdu. Zəmanənin verdiyi tərbiyə öz rolunu oynamışdı: kasıblıq dərd deyil. Dərd başqalarının yanında qürurunu sındırmaq, ləyaqətini alçaltmaqdı. Sovet məktəblisi dərslərini oxumalı, ali təhsil almalı, işıqlı gələcək uğrunda iri addımlarla irəliləməlidi. Mənəviyyatdan dolayı nə gözəl tərbiyə idi, deyilmi? Sinif yoldaşımın tək dərdi ata-anasının yoxluğu idi.

40-50 il əvvəl insanlar yağ-bal  içində yaşamırdılar, sadə həyat keçirirdilər. Əlbəttə imkanlı, varlı ailələr də yox deyildi. Hər kəsin gözü qarşısında "mənəm-mənəmlik" edənlər də az deyildi. Rüşvət üstündə həbs olunanlar, güllələnənlər hələ də yaddaşlardadı. Bu günun eyni statuslu adamları ilə müqayisədə onlar demək olar ki, çox az idilər. Kasıblar indikilər kimi özlərini bədbəxt saymırdılar.  Onların üzündəki xoşbəxtliyi, gözündəki sevinci, xoş təbəssümü aydın görmək olurdu. Qüruru, şərəfi, ləyaqəti hər cür sərvətdən üstün tuturdular.  Ailədə də, məktəbdə də eyni  tərbiyə verilirdi: işləməyən dişləməz, hər kəs zəhmət çəkməlidi. Kasıblıq ayıb deyil, amma başqasına əl açıb ondan nəsə istəmək çox ayıbdı.

Bu, bir həqiqətdir ki, sovetlər zamanı  kasıblar varlıların yanında sıxılmırdılar. Oturuşunda-duruşunda özlərini onlardan üstün tutmağa çalışır, ağlı, zəkası, savadı və əxlaqı ilə nümunə olmağa cəhd edirdilər. Amma indi zaman dəyişib, insanlar cılızlaşıblar. Əlbəttə hamını nəzərdə tutmuram.  Sadaladığım yaxşı  parametrlərin  daşıyıcılarını gözardı etmək fikrindən də tamamən uzağam. Amma ağrılı olan odur ki, 40-50 il əvvəlki  kasıb, amma qururlu, heysiyyatlı insanların övladları, nəvələri  bu gün ata-babaları kimi deyil. Babalarının şərəfini daşıya bilmirlər, nənələrinin qadınlıq qururunu və əxlaqını unudublar. Kasıblıqları ilə başqalarına minnət qoyur, yoxsul olmaqlarından dolayı kimisə günahkar hesab edirlər. Tanıdıqlarına da, tanımadıqlarına da əl açırlar.

Nə oldu, axı?! İnsanlar nədən bu qədər dəyişdilər? Şərəf, heysiyyat deyilən  nəsnə hara yoxa çıxdı? Nədən ələbaxım oldular? Televiziya kanalları gün ərzində bu cür insanları "reklam" edir,  adını "sosial yönümlü proqram" qoyduqları  verilişlərdə dillənçiliyi, ələbaxımlılığı təlqin edirlər. Aylarla studiyada oturub əhalidən pul gözləyənlər insanda ikrah doğururlar. Gənc qadınlar, cavan kişilər özlərini çox alçaldırlar,  ağlayıb,  sızlayırlar. Göz yaşları ilə başqalarından həm pul, həm də mərhəmət  dilənirlər.  Bunlar bir deyil, beş deyil, minlərlə, milyonlarladı. Adamın ürəyi parçalanır. Əlbəttə dünyanın hər yerində bənzər televiziya proqramları var. Amma vallahi-billahi bizdəki kimi dəhşətli və ağrılı deyil. Bizim aparıcılar rola girərək oskarlıq oyun nümayiş etdirir, əsil aktyor və aktrisaları kölgədə qoyurlar.  Studiyada oturanları elə təqdim edirlər ki, nəinki tamaşaçı, özləri belə dəhşətə gəlirlər ki,  vəziyyətləri doğrudanmı bu qədər faciəli, bu qədər ağlamalıdı?  Sanki  Azərbaycanda normal yaşayan insan yoxdu, hamı yoxsuldu, dilənçidi, bir qarın  çörəyə möhtacdı. Aclıq bir yana, xəstəliklər tüğyan edir, sağalmağa olan inam itib, ölüm qorxusu yayılır ekranlardan. İnsanı alçaltmağın beləsi dünyanın heç bir yerində yoxdu - əmin olun. Utanmasalar qaziləri,  müharibə veteranlarını, şəhid ailələrini də ekrana çıxarıb alçaldarlar. Nə yazıq ki, ara-sıra bu cür rəzilliyin işartıları görünür, amma buna da şükür, hələ ki, kütləvi hal almayıb.

Hər gün eyni saatda, eyni formatda, eyni verilişlərin göstərilməsi nəyə hesablanıb? Bunlara ölkəni var-yoxdan çıxarmaq, insanları tənbəlliyə öyrətmək, başqalarına möhtac olmaq, əl açıb dilənməyi təlqin etmək tapşırığımı verilib? Kimdən, nədən  güc alırlar? Hansı mənbədən qidalanırlar? Ay adam, ay insan, dayan, əyləci bas! Bu xalqı hara aparırısan? Bu xalq o xalqdı ki, Vətən Müharibəsi başlayan gündən Zəfər anına qədər sizin o kasıb adı ilə efirlərdə ağladıb-sızlatdığınız insanlar orduya yardım etdilər. Bir gün olsun belə cəbhədə döyüşən əsgərləri tək qoymadılar, onların ərzaq, paltar, siqaret və digər zəruri əşyalarla təmin olunmasında imkanlılardan geri qalmadılar, əksinə öndə dayandılar.  Maddiyatla  yanaşı mənəvi yardımlarını əsirgəmədilər. Düşmən üzərində qazanılan  Zəfərdə bu millətin kasıb təbəqəsinin  payı daha çoxdu. Həm döyüşə oğul göndərdilər, həm orduya, dövlətə dayaq oldular. İndi həmin təbəqəni efirlərə çıxarıb rəzil etməyə, utandırmağa, boynubükük oturtmağa nə gərək var? Bunun adı mərhəmət etmək, şəfqət göstərmək deyil. Bu, sevgisizliyin təbliğidi, pul toplamağın, qazanc əldə etməyin bir yoludu...

***

Sosial şəbəkələr lap "qan edir". Onlara baxanda televiziyaların "atasına rəhmət". Bu və ya digər mövzuda televiziyalarla yarışa girən sosial media daha operativdi. Facebook, İnstagram, TikTokun hərəsinin öz kontingenti var. Facebook bir növ media rolunu oynayır, ən çox da ziyalı təbəqə bu şəbəkədən istifadə edir. İnstagram maqazin verilişlərinə bənzəyir. Əsasən ölkənin  müğənni tayfası, incəsənət adamları istifadə edir. TikTok isə tam fərqli bir platformadı. Bura "vineqred" kimidi, nəyi istəsən, kimi istəsən tapmaq olar. Hər mövzuda gündəm yaratmaq mümkündü.  Son zamnlar insanların çoxu bu platformaya axın edir. Facebooka, İnstagrama maraq bir qədər azalıb. Çünki TikTokda pul qazanmaq üçün imkan və şərait var. Ona görə də istifadəçilərin bəziləri pul üçün ən alçaq, ən rəzil üsullara belə əl atırlar. Daha bir üsul da var ki, onun adı kasıblara yardım etməkdi. Guya ki, TikTokdan qazandıqları pulu kasıb ailələrlərlə bölüşürlər. Bölüşdükləri də nədi? 3-5 paketin içinə 3-5 növ ucuz ərzaq qoyub evlərə aparırlar. Yaşlı qadınlar, qoca kişilər onlara elə yalvarırılar ki, sanki göydən ulduz qoparıb gətiriblər. Videolarda aydın görünür ki, bu cavan adamlar yaşlıların onların əlini öpmələrindən həzz alırlar.

Yardımlaşmada pis nəsə axtarmaq fikrim yoxdu, əksinə bunun  yaxşı bir iş olduğunu vurğulamaq istəyirəm. Xeyirxah məqsəd güdən insanlar imkanı olmayanlara kömək edirsə bu, humanizmdən xəbər verir. Ölkəmizdə belə insanlar tarixin bütün dönəmlərində olub. Messenat və xeyriyyəçilər əməlləri ilə Azərbaycan xalqına və dövlətinə xidmət ediblər. Onların himayə etdikləri necə-neçə elm adamı, sənət insanı təkcə Azərbaycanda deyil, Avropada, şərq aləmində  tanınıb, gələcək nəsillər üçün iz qoyublar. Bu günkü sosial şəbəkə "qəhrəmanları"  isə xeyriyyəçi deyil,  heç messenatın nə olduğunu da bilmirlər. Maraqlı olduğu qədər də ağrılı olan bilirsinizmi nədi? Tiktokerlər özləri özlərini TikTokdaca ifşa edir, biri o birinin iç üzünü açıb-tökür.  Evlərə paket daşıyanların qazancını açıqlayır, onun cüzi bir hissəsinin yardım üçün ayırdığını dönə-dönə vurğulayır, həmin pulla özlərinə bahalı avtomobillər, geniş mənzillər aldıqlarını sübut etməyə çalışırlar. Hamısı bir-biri haqqında bu cür rəy yaradır.  Üz-üzə dayanıb canlı yayımlarda bir-birindən haqq-hesab tələb edirlər. Sanki dövlət bunlara tapşırıb ki, gedin insanlara ərzaq paylayın, sonra da söyüşün biri bir qəpikdən bir-birinizi təhqir edin. Bəzi televiziya aparıcıları ilə çir çox tiktoker bir-birinə bənzəyir. Aparıcılar bir-biri ilə bəhsə girib "hansımız daha çox pul toplayarıq" yarışına girdikləri kimi, tiktokerlər də eyni addımı atırlar. İnsafən teleaparıcı söyüş  söymür, tiktokerin isə "ağzının kəndiri" yoxdu...

Görəsən bu  tiktokerlər xarici ölkələrdəki izləyicilərin Azərbaycan haqqında nələr düşündüyünün fərqinə varıblarmı? Anlamaq istəmirlər ki,  bütöv bir milləti kasıb, ələ baxan, yoxsulluqdan əziyyət çəkən, dilənçi vəziyyətində olanlar kimi təqdim etməklə həm ölkəni biabır edir,  həm də özlərinin rəzil vəziyyətə salırlar. Guya ki, bunlar xeyirli bir işlə məşğuldular. Bu "xeyriyyəçilərin" kimə xeyir verdikləri isə açdıqları canlı yayımlarda aydın olur. İzləyicidən  pul istəyənlər, hədiyyə qoparmağa çalışanlar dolayısı ilə özlərini dilənçi vəziyyətinə salmış olurlar. Sabah bu platforma bağlansa əminəm ki, həmin adamlar dilənçiliyin başqa formasını tapıb  dolanacaqlar. Xub! Olsun, hamı eyni biçimdə, eyni rəngdə ola bilməz ki?! TikTokun imkanlarından istifadə edib öz xeyrinə nəsə əldə eldə etmək də bir istedad, bir qabiliyyətdi. Bu bacarıq hər kəsdə yoxdu. Amma, atam balası, bunu kasıb insanların, şəhid ailələrinin, qazilərin üzərindən etmə. Milləti ələbaxım olmağa öyrətmə, dilənçi xislətini qabartma. Etdiyini dilinə alma, başqasına göstərmə.

***

Ey gözəl oxucu, elə bilmə ki, yaxşılığın, xeyirxahlığın əleyhinəyəm. Yox, əlbəttə. Bəyənmədiyim bunu qabartmaqdı, yalançı göstərişlərdi, zorla insanın gözünə soxmaqdı. Özü də bunu edən gənclərdi, cavan insanlardı. Bax, bu çox ağrılıdı. Bəşər yaranandan kasıbların sayı varlılardan çox olub. Bizim dədə-babamız, ata-anamız kasıblıqdan dolayı utanmayıblar. Çünki kasıbın qüruru onun var-dövləti olub. Biz belə görmüşük. Ona görə də məni bu gün ən çox ağrıdan kasıb insanların qürurusuzluğudu. Özlərini asılı vəziyyətə salmaqlarıdı. Yaxşılığı yaman günə qoyanların saxtakarlığıdı. Əminəm ki, bu səni də ağrıdır. Poeziyasını çox sevdiyim Elçin Mirzəbəyli sanki, bu adamlar üçün yazıb:

Hanı sevgi qoxuyan, hanı çiçək adamlar,

Yarı nağıl adamlar, yarı gerçək adamlar

Göylərəmi çəkildi, buludamı büküldü?!

Xəzan vurdu, töküldü

Ləçək-ləçək adamlar...

Züleyxa NADİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31