Nikahdankənar uşaq hansı halda vərəsə sayılır? - ÖZƏL

Son vaxtlar sosial şəbəkələrdə kimlərin vərəsə olması barədə fikir müxtəlifliyi yaranıb. Bəs, əslində vərəsəlik nədir və kimlər qanuni vərəsə hesab olunur? Hüquqşünas Alim Hüseynli bildirib ki, vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır: "Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:Birinci növbədə - ölənin uşaqları, arvad (ər), valideynlər.İkinci növbədə - ölənin bacıları və qardaşları. (miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın).Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. (nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın).Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları".
Onun bildirdiyinə görə, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31