Sülhün olmadığı yerdə qorxu, xaos və ümidsizlik hökm sürür- ÖZƏL

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  təşəbbüsü ilə Respublika ərazisində 2026-cı il avqust ayının 21-dən sentyabr ayının 21-dək "Sülh aylığı" elan edilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq 6 saylı uşaq bağçasında "Qoy həmişə sülh olsun" mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, uşaq bağçasının müdiri Hamayıl Süleymanova, tərbiyəçilər, valideynlər  və balaca fidanlar iştirak ediblər. 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın  ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Çıxış edənlər Azərbaycanın Sülh təşəbbüslərindəki rolu və regionda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlardan geniş söhbət açıblar. Bildirilib ki, tarix boyu bəşəriyyət ağır müharibələr, dağıntılar və itkilərlə üzləşib, bu müharibələr də sonda sülh ilə başa  çatıb. Sülhün olmadığı yerdə qorxu, xaos və ümidsizlik hökm sürür. Başlanan  müharibələr sadəcə şəhərləri dağıtmır, həm də gələcəyi məhv edir. Bu müharibələrdən ən çox əziyyət çəkən isə günahsız uşaqlar və analar olur. Hər bir uşağın dinc bir səmada böyümək, qorxusuz oynamaq və keyfiyyətli təhsil almaq hüququ var.  Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir.  İnsanlığın xilası yalnız və yalnız sülhdədir, sülh bütün vasitələrdən güclüdür. Elə bu məqsədlə də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası  1981-ci ildə sentyabr ayının  21-i tarixini 192 ölkənin səs çoxluğu ilə "Beynəlxalq Sülh Günü" elan edib.  
Dünya dövlətlərində olduğu kimi ölkəmizdə də Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək "Sülh aylığı" keçirilir.  Aylıq çərçivəsində həm dövlət səviyyəsində, həm də müxtəlif ictimai qurumlar tərəfindən silsilə tədbirlər təşkil olunur. Ölkəmiz üçün bu günün həm rəsmi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyəti vardır. Çünki torpaqlarımızın 20 faizi 30 ilə yaxın Erməni silahlı qüvvələrinin işğalı altında olub. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğalçılıq siyasəti nəticəsində, rəsmi statistikaya əsasən Azərbaycan tərəfindən ümumilikdə 14 400-dən çox hərbçi şəhid olub, minlərlə insan yaralanıb və itkin düşüb. Eyni zamanda Birinci və İkinci Qarabağ müharibələri dövründə ümumilikdə 222 azərbaycanlı uşaq qətlə yetirilmiş, 300-dən çox uşaq yaralanmış və  sağlamlığını itirmişdir, 71 nəfər uşaq isə  itkin düşmüşdür. 
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda sülhün bərqərar olması üçün əsas yaratdı. Bu əsas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.  İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də atəşkəs dövrü ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı  humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.
Tədbirdə balaca fidanlar sülhə, anaya, vətənə və dostluğa aid şeirlər söyləyib, sülh mövzusunda mahnılar oxunub, rəqs göstəriblər. Əllərində sülh rəmzi olan göyərçin şəkilləri ilə dünyaya çağırış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31