Maşını harda saxlayaq?- ARAŞDIRMA
7 Oktyabr 2022 10:45 SosialPaytaxt Bakının mərkəzi küçələrindəki sıxlıq gündən-günə artmaqda davam edir. Belə bir zamanda dayanacaqların ödənişli olması və çoxlu sayda qanunsuz dayanacaqların olması prosesə necə təsir edir?
Problemlə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı fikirlərini Olaylarla bölüşüb:

-Elçin bəy, hazırda nəqliyyat sistemində olan problemlər hansılardır?
"Parking" probleminə görə ildən-ilə Bakı şəhərində vəziyyət ağırlaşır. Nəzərə alsaq ki, hər il paytaxta 25-30.000 yeni avtomobil daxil olur, əhali sayı artır, problem daha da kəskinləşəcək. Problemin qarşısının alınması üçün isə zərrə qədər də tədbir görülmür. Şəhərin mərkəzi hissələrində avtomobillə hərəkət etmək çox çətindir. Dayanmaqdan söhbət belə gedə bilməz. Şəxsən mənim iş yerim mərkəzi yerdə olsa da, avtomobildən istifadə edə bilmirəm. İş yerim Sahil bağı ətrafındadır. Və bu ərazilərdə səhər saat yeddidən etibarən dayanacaq qalmır. İnsanlar taksi və avtobuslardan istifadə edir. Bu, o deməkdir ki, artıq Bakıda maşın sahibi olmağın heç bir əhəmiyyəti yoxdur. Bu şəhər maşın sürülməsi üçün uyğun vəziyyətdə deyil. Bəzi ekspertlərin dediyinə görə problem maşın sayının çoxluğundan qaynaqlanır. Bu fikir reallığı əks etdirmir. Biz adambaşına düşən maşın sayına görə dünyada və Avropada son sıralardayıq. Problem rəqəmlərdə deyil. Şəhər infrastrukturu düzgün qurulmayıb, arxiektura sistemi pozulub. Son 20 ildə harda kimin kefi nə istəyir tikir, bazar vəziyyəti yaranır. Şəhərin nəqliyyat axınlarında intellektual idarəetmə, kadr yoxdur. Lazımi tədbirlər görülmür. Dekorasiya xatirinə bir neçə iş görülür. Bunun da heç bir əhəmiyyəti yoxdur. Küçələrin quruluşu, bəzi dairələr, körpülər, işıqforlar optimal deyil, daha çox problem yaradır. İnsanlar bəzən avtomobillə getməyə məcbur olur. Xəstə yaxını olur, yükü olur və.s. Nəticədə getdiyi yerdə maşını saxlamaq mümkünsüz olur. Əraziyə bir neçə kilometr uzaqda yol tapmaq, sonra isə piyada qayıtmaq məcburiyyəti yaranır. Belə xaotik bir şəhər daha yer üzündə yoxdur. Sivil ölkələrin heç birində belə hal yoxdur. Təbii ki, söhbət Afrika ölkələrindən getmir. İnkişaf etməkdə olan ölkələrlə müqayisə zamanı bu problemlər ortaya çıxır. Heç bir qaydaya, normaya əməl edilmir. Mərkəzi hissələrdə saysız-hesabsız binalar tikilir, ofislər açılır. Iş üçün həmin əraziyə yollananlar vəziyyəti pisləşdirir. Hazırda nəinki şəhərin mərkəzi, kənar yerlərdə belə avtomobil saxlamaq mümkün deyil.
-Dayanacaqların pullu olması tıxaca səbəb olurmu?
-Şəxsi avtomobili saxlamaq üçün yer olmadığına görə taksilər ildırım sürəti ilə artıb.
Yeraltı və yerüstü dayanacaqların pullu olması, Azərbaycan reallığı üçün həddən artıq baha qiymətdir. Qiymətlər milyonerlər üçün nəzərdə tutulub. Orta təbəqə insanının büdcəsi bu qiymətlərə uyğun deyil. Nəzərə alsaq ki, minimum əmək haqqı 300 manatdır (150 avro) bu hesabla biz Avropada ən yoxsul ölkə hesab edilirik. Bu məbləğ dünyada ən aşağı göstəricilərdəndir. Belə olan halda işçinin yarı maaşı maşının saxlanılması üçün xərclənəcək. Məsələn, işçi maşınını saatına 1 manat ödəməklə "parking" etsə, 7-8 saat işdə olsa, maaşın çox hissəsi bunun üçün xərclənəcək. Bu, çox rəzil və gülünc vəziyyətdir. Dünyanın heç bir yerində sadə vətəndaş maşını ilə gedib-gəlmək üçün əməkhaqqının yarısını xərcləmir. Bu göstərici 1-2% dərəcəsində olmalıdır. Məsul qurumlar problemin aradan qaldırılmasında maraqlı deyil. Böyük yeraltı dayanacaqlar tikilir. Bəs qiymətlər niyə bu qədər bahadır?
-Çıxış yolları nələrdir?
-Bu işin böyük xərci yoxdur. 5-6 lampadan istifadə edilir. Və bir nəfər işçinin olması kifayət edir. Həmin işçinin də maksimum maaşı 500 manatdır. Bu xərclər bir gün ərzində yığılır. Bunu etməkdə məqsəd soyğunçuluqdur. əsas məqsəd isə şəhərdə nəqliyyat sistemini yüngülləşdirmək deyil, pul yığmaqdır. Dayanacaqların sayı artırılmalı, qiymətlər minimuma endirilməlidir. Saatı 10 qəpik ideal qiymətdir. Diqqət yetrmişəm, 70-80% yeraltı dayanacaq boş vəziyyətdə olur. Ancaq dayanacaqdankənar yer üstündə "qırğın" olur. Səbəbi isə bəllidir. İnsanlar ödənişə görə dayanacaqlardan istifadə edə bilmir. Şəhər təsərrüfatının nizamlanması, nəqliyyat hərəkətini düzgün qurmaq, dayanacaqların təşkil edilməsi məsələsi əsasdır. Ancaq bəzi məmurlar və biznesmenlər bu layihələrdən milyardlarla pul qazanır.
Belə olmasaydı çoxlu sayda ucuz dayanacaqlar təşkil edilərdi. Binaların altında yeraltı dayanacaqların tikilməməsi də böyük problemlər yaradır. Vətəndaşlar avtomobilləri həyətlərdə, küçələrdə saxlayır.
-Qanunsuz dayanacaqlar niyə var?
-İllərdi küçəkənarı dayanacaqlardakı qanunsuzluq haqqında yazıb-pozuruq. Qolunda "sarğı" olan şəxslər istədikləri kimi insanlardan pul yığır. Həmin adamların 90%-də rəsmi sənəd, çek yoxdur. Hər ay on milyonlarla pul yığılır, dövlət büdcəsinə yox, kimlərinsə cibinə gedir. Çünki, həmin küçədə rəsmi dayanacaqlar yoxdur. Varsa da pullu deyil. Vəziyyət o qədər acınacaqlıdır ki, gündüz vaxtı "pulsuz" yazılan dayanacaqda nəzarətçi pul yığır.
Məsələn, Sahil bağının yanındaki küçədə, 7 nömrəli məktəbin yaxınlığındaki dayanacağa "pulsuz" nişanı qoyulub. Ancaq orda dayanan avtomobillərdən nəzarətçi pul yığır. Bu, cinayət faktıdır. Görsələr də, maraqlanmırlar. Vətəndaşın hüququ pozulur. Qanunla pulsuz saxlaya biləcəyi yerə görə vətəndaş pul ödəyir. Bəziləri ödəməsə dava olur. Qəsdən həmin şəxsin avtomobilinə ziyan vururlar.
Bəzən bunu mətbuatda "dayanacaq mafiası" adlandırırlar. İllərdi desək də, məsələ öz həllini tapmır.
Əfsanə Kamal