Ana olmaq istəmirəm, ay ana...- ARAŞDIRMA

Artıq Azərbaycanda ailə quran cütlüklər bir uşaqdan artıq övlad sahibi olmaq istəmirlər. Bu isə ölkənin demoqrafik balansına öz mənfi təsirlərini göstərərək vəziyyəti günü-gündən kəskinləşdirir.
Bir qisim gənclər sosial, iqtisadi problemlərdən, özünün fərdi azadlığı baxımından həyatında hansısa çətinliklə üzləşməmək üçün ailə qurmaqdan, uşaq sahibi olmaqdan imtina edirlər.

"Az uşaq ailənin və dolayısıyla cəmiyyətin demoqrafik strukturunun pozulması deməkdir"


Sosioloq Lalə Mehralının sözlərinə görə, bu təkcə bizim ölkədə yox, bütün dünya ölkələrində aktual problemdir:
"Hələ mən deyərdim ki, bizə gec gəlib çatdı. Çünki bizim ölkəmizdə insanlar tarixən çoxuşaqlılığın tərəfdarı olublar. Uşaq ailənin sevinci, bərəkəti hesab olunub. Ona görə nə qədər çox uşaq dünyaya gətirsələr, bir o qədər xoş olub onlar üçün. Amma son illərdə baş verən hadisələrin fonunda insanlar anladı ki, əslində dünyaya çox uşaq gətirməklə dünyaya gətirdiyin uşağın təlim-tərbiyəsi, gələcəyi, təhsili, təminatı arasında seçim etmək məcburiyyətindədirlər. Yəni bir var 3-4 uşaq dünyaya gətirəsən, təminatını zəif edəsən, bir də var 1-2 uşaq dünyaya gətirəsən, amma yüksək səviyyədə təmin edəsən. Son iki ilin fonunda gördük ki, əslində çoxuşaqlı, ya da azuşaqlı olmağın o qədər də əhəmiyyəti yoxdur. Pandemiyanın sərt vaxtlarında çoxuşaqlılar da işini itirdi, azuşaqlılar da. Ona görə hesab edirəm ki, az uşaq ailənin və dolayısıyla cəmiyyətin demoqrafik strukturunun pozulması deməkdir. Çoxuşaqlı olmaq həm ailə, həm dövlət üçün daha məqsədəuyğundur. Doğrudur, dövlətimiz hələ ki uşaq pulu məsələsində yekun fikrə gələ bilməyib. Ailələrin uşaq pulu ilə təminatında müəyyən miqdar təmin edilsə, ailələrin özləri də uşaq dünyaya gətirməyə maraqlı olar. Çünki düşünün, ata işləyir, ana azyaşlı uşaqlarla məşğul olmaq məcburiyyətindədir. Həyat hər keçən gün daha da bahalaşır, indi yaşamağın özü bahalıdır. Təminat yalnız bir insan - ata vasitəsilə həyata keçirilir. 2-3 uşaqlı ailələrdə bir maaşa 4-5 nəfərlik ailənin təmin edilməsi bir qədər çətinləşir, getdikcə də mümkünsüz vəziyyətə gəlir. Ona görə, ailələr çoxuşaqlı olmaqda tərəddüd edirlər. Bunun nəticəsində də cırtdan ailə modeli, yəni, ata, ana və bir uşaqdan ibarət ailələr formalaşır.
Zənnimcə, bunu dəyişmək dövlətin əlindədir. Çünki dövlət vətəndaşına öz dəstəyini hiss etdirsə, doğulan hər körpənin yanında olduğunu hiss etdirsə, doğulan körpə üçün müəyyən yaşa qədər uşaq pulu təyin edilsə, ailələr üçün çətin olmaz. Burda elə də böyük məbləğdən söhbət getmir. Müəyyən yaşa qədər, məsələn, 1, 3, 7, 18 yaşa qədər simvolik rəqəmlərlə məbləğlər təyin olunsa, nə dövlət büdcəsinə zərər gələr, nə də ailələr problem yaşayar. Heç olmasa uşaqların ən xırda təminatına dövlət dəstək ola bilər. Ona görə də hesab edirəm ki, təşviq dövlət tərəfindən olmalıdır. Dövlət özü marağında olmalıdır ki, vətənin keşiyində duran, əsgər gedə bilən, şəhidlərin yerini doldura bilən vətəndaşı çoxalsın, demoqrafik vəziyyət mənfiyə doğru getməsin. Hesab edirəm ki, bunun üzərində dövlət orqanları, əlaqədar komissiyalar ciddi işləməlidir.
Qadınların könüllü ana olmaması məsələsi burada çox cüzi faiz təşkil edir. Çünki bütün qadınlar ana olmaq hissini yaşamaq istəyirlər. Bütün qadınlar əgər təminatları normaldırsa, tək övladı varsa, bu dünyaya övladına bacı və ya qardaş gətirmək istəyərlər. Çünki biz bu dünyadan köçəndə övladımız dünyada tək başına qalır və bütün analar, atalar bunun fərqində olurlar. Lakin əllərində olmayan səbəblərdən övladlarını tək qoymağa məcbur olurlar. Çünki təmin edə bilmirlər. Əgər övladı dünyaya gətirib, onun istədiklərini ala bilmirlərsə, özlərini yarımçıq hesab edirlər. Ata, ana kimi öz vəzifələrini yerinə yetirə bilmədiklərini hesab edirlər və hardasa haqlıdırlar da. Lakin kariyera, öz işi, bədən görünüşü uğruna övlad istəməyənlər də var və bu ailələr də demək olar ki, az deyil. Belə ailələr ya bir uşaqla kifayətlənirlər, ya da ümumiyyətlə uşaq sahibi olmaq istəmirlər. Doğrudur, böyüklərin təzyiqi nəticəsində müəyyən ildən sonra bir uşaqla da kifayətlənirlər. Yəni, böyüklər artıq işə qarışırlar, ailənin təməlinin sarsıla biləcəyindən, uşaq istədikləri üçün cütlüklərə təzyiq göstərirlər. Bu zaman ailələri dağılmasın deyə bir uşaq dünyaya gətirirlər. Lakin bu da istədiklərinə görə yox, məcbur qaldıqlarına görə.
Qadınlar da var ki, bir uşağı var, illərlə oxuyub. Dörd il universitet, iki il magistr oxuyub, öz peşəsi üzrə təkmilləşmə kurslarına gedib, ömrünün demək olar ki, on ilə yaxın müddətini ali təhsil almağa sərf edib. Bundan sonra özünü ailədə uşaqlara həsr etmək istəmir. Bir qədər hardasa haqq vermək olur ki, öz əziyyətinin bəhrəsini görmək, özünü iş sahəsində təsdiqləmək istəyir. Amma unutmayaq ki, bizim gələcəyimiz kariyeramızda deyil. Kariyera bizi müəyyən yerlərə qədər qaldıra bilir. Lakin ailə, övlad amili insanın özü üçün vacibdir. Ona görə nə bədən quruluşuna, nə kariyera dalınca qaçmağa görə, nə sosial problemlərə görə övladsız qalmağı doğru hesab etmirəm. Doğrudur, sosial problem ola bilər. Lakin biz görürük, müşahidələrimiz və təcrübələr də görür ki, əslində sosial problemi olan ailələrdə minimum iki uşaq var. Maddi təminatı yüksək olan ailələrdə maksimum bir uşaq var. Ona görə hesab edirəm ki, bu vəziyyətlərdə sosial təminat rol oynasa belə, çox böyük təsir gücünə malik deyil".

"Mən nə gün gördüm ki, dünyaya gətirdiyim uşaq da görsün? Ona görə də ən yaxşısı bu dünyaya heç uşaq gətirməməkdir"

Psixoloq Mələk Kərimova bildirir ki, dünyaya uşaq gətirməyi planlaşdıran insanlar bunun məsuliyyətini dərk etməklə yanaşı, çətinliklərini də göz önünə almalıdır:
"Dünyaya uşaq gətirmək məsələsi hər iki tərəfin birlikdə qərar verəcəyi bir prosesdir. Təbii ki, dünyaya uşaq gətirməyi planlaşdıran insanlar bunun məsuliyyətini dərk etməklə yanaşı, çətinliklərini də göz önünə almalıdır. Hər nə qədər cütlüklərin ailə qurandan sonra dünyaya uşaq gətirmək istəkləri olsa da, əksəriyyəti ailə qurandan sonra da övlad sahibi olmaq istəmirlər. Bu qərar bəzən hər iki tərəfin ortaq qərarı olur, bəzən də tərəflərdən birinin qərarı olur. Bəzən qadınlar müəyyən məsələlərə görə, ya ailələrində gördükləri şiddətə, ya da mənfi ailə nümunələrinə görə dünyaya uşaq gətirmək istəmirlər, bundan qorxurlar. Bəzən pasiyentlərin dilindən belə bir söz eşidirik: "mən nə gün gördüm ki, dünyaya gətirdiyim uşaq da görsün? Ona görə də ən yaxşısı bu dünyaya heç uşaq gətirməməkdir".
Bəzən ailədə mənfi ailə modeli olmasa belə, sadəcə olaraq istəyin olmaması da müşahidə oluna bilir. Əsasən, xanımlarla birlikdə bənzər fikirlər bəylərdə də görünə bilir. Bir kateqoriyada elə xanımlar var ki, onlar ümumiyyətlə heç bir səbəbə əsaslanmadan sadəcə olaraq belə bir istəklərinin olmadığını qeyd edirlər və analıqla qadınlığı ayırırlar. Yəni, qadın olmaq məhz ana olmaq deyil fikri ilə yanaşırlar. Bu nə deməkdir? Adətən elə xanımların danışıqlarına baxdığımız zaman əsasən analığı başqa cür dada biləcəklərini ifadə edirlər. Məsələn, xanım bioloji olaraq ana olmaq istəmədiyini, amma bir çox uşağın anası ola biləcəyi fikrini ifadə edə bilir. Yaxud da tam tərsi. Kişi də uşaq sahibi olmaq istəmədiyini qeyd edir, amma bir başqa insana qayğı göstərərək, onun həyatında rolu ola biləcəyini qeyd edir. Ona görə də insanların dünyaya uşaq gətirib, gətirməmək məsələsi onların bir növ şəxsi məsələləridir və tərəflər buna birlikdə qərar verirlər. Əgər ailələrdən biri belə bir fikrə sahibdirsə, çox normal qarşılanmalıdır, kənardakı insanlar onları diskriminasiyaya məruz buraxmamalıdırlar və yaxud onlar üzərində uşaq dünyaya gətirsinlər deyə təzyiq göstərməməlidirlər. Çünki hər bir insanın necə dünyaya uşaq gətirmək qərarı verə bilirsə, eyni zamanda, gətirməmək qərarı da verə bilər.
Burada bəzən səbəb hədsiz fiziki görünüşə əhəmiyyət vermək, doğuş prosesindən sonra bədənin ölçülərinin dəyişiləcəyi qorxusu, xüsusən maddi çətinliklərin uşağın yaxşı yetişdirməyə kifayət etməyəcək düşüncəsi, valideynlərdən hər hansı birinin müəyyən xəstəliklərinin ya da, irsi keçən ciddi xəstəliklərin olması ola bilir. Amma bunların heç birinin olmadığı, sadəcə uşaq dünyaya gətirmək istəməyən qadınlar da mövcuddur.
Burada fərdi yanaşmamız da böyük əhəmiyyət kəsb edir. Çünki hər bir fərd bir şəxsiyyət olaraq öz həyatı ilə bağlı qərarlarını verə bilmək gücünə sahibdir. Əgər qərarsızlıqları varsa da, bir mütəxəssisdən dəstək almaları məsləhətdir. Təbii ki, burada analıq və qadınlıq rollarının bəzən iç-içə girməsi, bütünləşməsi də bu çətinliyin artmasına səbəb ola bilir. Çünki, qadını sadəcə ana obrazında görmək, qayğı, mərhəmət göstərən, dünyaya uşaq gətirən obrazda görmək və qadınlığı inkar etmək nə qədər yalnışdırsa, bəzən də ananı sadəcə qadın kimi görmək və analığından məhrum olunması da problem kimi qarşımıza çıxır. Ona görə də, cinsi kimliyi ilə yanaşı, yəni, bir qadın, ya da kişi kimliyi ilə yanaşı tərəflərin öz həyatları ilə əlaqədar bir qərar vermə arzuları, ehtiyacları ola bilər. Hər bir situasiyada psixoloqlar da daha çox cəmiyyətin, ya da öz qərarlarından yola çıxmayacaq, qarşısında olan pasiyenti anlayaraq, onun əgər belə bir fikri varsa, bunun səbəblərini aydınlaşdıraraq, yenə də pasiyentin özünün qərar verməsinə kömək edəcək. Təbii ki, bu istər evlilik olsun, istər dünyaya uşaq gətirmək olsun, hər hansı bir qərar olmasından asılı olmayaraq psixoloqlar pasiyentlərin qərar vermə proseslərində yanındadırlar. Amma yekun nəticə etibarilə qərarı verən pasientlərin özləridir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31