"Reket" mollalar, yeyib-içmək, fərqli şüarlar...- YAS MƏRASİMİ NECƏ TƏŞKİL EDİLMƏLİDİR?

Məlumdur ki, hər bir xalqın özünə aid mərasimləri mövcuddur. Bu fərqlilik yas mərasimlərində də özünü göstərir. Son zamanlar  isə Azərbaycanda keçirilən yas mərasimləri ilə bağlı fikir ayrılıqları ortaya çıxır. Əsas fikir ayrılığı yaşanan mövzu isə Şəhidlərin dəfn mərasimi haqqındadır. Bir çox insan başqa ölkələrdə həyatını itirən əsgərlərin dəfn mərasiminin sadəcə ailə üzvləri arasında keçirildiyini, bunun doğru olduğunu bildirirlər. Bəs doğru olan nədir ? Yas mərasimlərinin əhəmiyyəti nədən ibarətdir? 

Məsələ ilə bağlı mütəxəssislər Olaylar-a danışıb:

İlahiyyatçı Əkrəm Həsənov

"İslam dininə görə 3 gündən çox yas saxlamaq qadağan edilib. Çünki peyğəmbərimizin zamanında və ondan sonra gələn dövrlərdə də bizim hazırda təşkil etdiyimiz kimi yas məclisləri olmayıb. Həm Qurani -Kərimə, həm də  peyğəmbərimizin hədislərinə baxdıqda görürük ki, onlar dünyasını dəyişən insan üçün necə yas saxlayır. Daha sonra peyğəmbərimiz bunu öz ardıcılları üçün təbliğ edib. Qurani -Kərimdəki ayələrdən birində deyilir, "İnsan dünyasını dəyişdikdən sonra ruhu bədənini tərk edir. Daha sonra onu yuyub-təmizləmək (qüsl aldırmaq), təmiz bir şəkildə ətirləmək, kəfənləmək və dərhal  dəfn etmək lazımdır".  Ölüm xəbərini gec eşidən şəxslər isə gəlib yas sahibinə başsağlığı verə bilər. Kimin imkanı varsa ehsan gətirə bilər.  İslam dininə görə yasın əhəmiyyəti budur. 
Ancaq müasir dövrdə İslam dini geniş ərazidə yayıldıqdan sonra, müxtəlif xalqların adətlərinə qarışıb. Həmin xalqlar daha sonra öz adətlərinə uyğun şəkildə yas məclisi təşkil etməyə başlayıb. Məsələn, İslama görə yas sahibi özü gələn yaxınlara yemək bişirməməlidir. Çünki, həmin an insanlar yas içərisində olur. Yas sahibi dəfn işləri ilə məşğul olmalıdır. Peyğəmbərimizin bununla bağlı hədisi var. Həmin hədisi bütün etibarlı mənbələr təsdiq edib. Allahın rəsulu buyurub ki, dinimizdə 3 gündən artıq yas saxlamaq olmaz. Nəyə görə 3 gün ?
Uzaqdan gələnlər, gec eşidənlər dünyasını dəyişən insanın yaxınlarına başsağlığı verə bilsin deyə. Daha sonra İslam dini geniş ərazilərə yayıldı. Məsələn, hazırda dünyasını  dəyişən insan üçün üç, yeddi mərasimi təşkil edirilir. Cümə günləri və qırx mərasimi hər biri üçün ayrılıqda məclis təşkil edilir. Bunların İslam qanunları ilə əlaqəsi yoxdur. Dinimizdə belə bir göstəriş yoxdur. 
Dünyasını dəyişən insan üçün ən vacib şey, təmizlənmək, kəfənlənmək və dəfn olunmaqdır. Yeyib-içmək təşkil etmək İslama ziddir. Hazırda yas mərasimlərində həddən artıq israfa yol verilir. İnsanlar sanki bir-biri ilə yarışır. Azərbaycanda əvvəlki illərə baxanda bu gün gənclərin dini savadlarını artırdıqlarını müşahidə edirik. Bəzi yas məclislərində mollanı dinləyən, Qurana qulaq asan tapmaq mümkün olmur. Hər kəs söhbət edir. Əslində, yas yerləri məsələsində ciddi dəyişiklik edilməlidir. Birincisi, yas yerinə molla gəlməməlidir. Bizdə bu adət kimi formalaşdığı üçün çalışmalıyıq ki, axtarış edərək daha gözəl nitq qabiliyyətinə sahib olan, oxumuş bir ilahiyyatçı dəvət edək. Nitq elə də önəmli olmaya bilər. Amma ən azından ərəb dilində bilən, oxuduğu Quranın mənasını anlayan bir şəxsi dəvət etməyimiz daha gözəl olardı. Bunu icra hakimiyyətlərinin nəzdində formalaşdırmaq olar. Belə ki, xüsusi nitq qabiliyyətinə sahib olan, savadlı, elmli gənc ilahiyyatçıları seçib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsi  yerli icra nümayəndəlikləri ilə bu məsələləri təkmilləşdirə bilərlər. Bu məsələdə dövlət səviyyəsində şəffaf, obyektiv tənzimləmə aparılsa, o zaman savadsız mollaların tələbatına ehtiyac qalmayacaq. İnsan dünyasını dəyişən zaman onun üçün ölüm kağızı verildiyi kimi, yas məclisini aparan bir savadlı axund, imam, ilahiyyatçı da verilməlidir. Ona məvacibin ayrılması məsələsinin isə ölü sahibinə,  yoxsa dövlət qurumlarına aid olması məsələsi də var. Onsuz da yas sahibi özü şəxsən tanıdığı mollanı dəvət edir və ona kifayət qədər pul verir. Dövlətin təyin etdiyi ilahiyyatçıya da xidmətin müqabilində vətəndaşın özü pul verə bilər. Gələcəkdə bu məsələlər tənzimlənəndə lap ilahiyyatçını təyin edən aidiyyatlı qurum da ona müəyyən məvacib təyin edə bilər. Bu, həm də ilahiyyat fakültələrini bitirən tələbələrin işsiz qalmamasına gətirib çıxarır. Milli Məclisdə bu məsələ müzakirə olunmalıdır. Çünki, heç bir ilahiyyat üzrə diplomu, ali savadı olmayan mollalar bu məsələlərdə vətəndaşlarımızı aldadılar. Ən azından elmli biri insanlara daha faydalı bilgilər verər. Aldığı məvacib də ona halal olar. Ancaq təəssüf edirik ki, savadsız və ağlaşma quran mollalar böyük bir din bazarı açıblar və bu məsələdə özlərini haqlı hesab edirlər. Düşünüərm ki, falçılara, cadugərlərə, insanları din adından aldadan savadsız mollalara qarşı cəmiyyət özü də mübarizə aparmalıdır. Cəmiyyətin özünün bu məsələlərə xüsusi diqqəti, marağı olmalıdır. Dini maarifçilik işlərini aparmaqla "reket" mollalarını sıxışdırıb sıradan çıxarmaq olar. Bununla da onların dava-dalaşlarına son qoymaq mümkündür"

Klinik psixoloq Mələk Allahverdiyeva

"Yas mərasimlərinin insan psixologiyasında xüsusi bir yeri var. Əsasən də yas müddəti ərzində yaxınların, doğmaların yas sahibinin yanında olması vacibdir. Bu zaman dünyasını dəyişən insanların yaxınları mərhum şəxsin  artıq həyatda olmadığını daha rahat qəbul edə bilirlər. Ölümü qəbul etmək isə çətin prosesdir. İnsanın ölümə ilk verdiyi reaksiya "şok" keçirmək olur. Şok mərhələsində insan necə reaksiya verəcəyini bilmir. Ölümə qarşı hissizləşir. İkinci mərhələ "inkar" mərhələsidir. İnsan ölümün bir qədər fərqində olur. Ancaq, qəbul edə bilmir. Üçüncü mərhələ "çarəsizlik"dir. Nə qədər inkar etsə də, sonda məyusluq yaranır. Həmin mərhələ depressiyaya bənzəyir. Şəxs yeyib-içməkdən uzaq durur, yuxu problemləri yaranır. İşlərinə qarşı həvəssiz olur, və.s 
Ancaq, bu depressiya deyil. Yas  zamanı insanların verdiyi mümkün reaksiyalardır. Bu müddət insana görə 2-6 ay arasında dəyişir. Çarəsizlik mərhələsindən sonra "qəbul etmək" mərhələsi gəlir. İnsan uzun müddətdən sonra, artıq ölümü qəbul edir. Yaxınını itirən şəxs 1 ildən çox çarəsizlik mərhələsində qalarsa, bu, artıq pataloji hal almış olur. Demək ki, şəxs travma halında qalıb.  Psixoloqlar bu mərhələdə insanların yenidən həyata adaptasiya olunması üçün müəyyən işlər görür. Adətən, kimsə dünyasını dəyişəndə mərhumun yaxınları fərqli reaksiyalar verir. Digər yaxınlar həmin adamı sakitləşdirməyə çalışır. Mümkün olmadıqda dərman və ya iynədən istifadə edilir. Bunlar çox yanlışdır. Həmin an insanın içindən keçənləri yansıtması təbii hadisədir. Duyğular mütləq göstərilməlidir. Ağlamalıdır, sözlərini səsli şəkildə deməlidir. Əgər bunları etməsə, yas mərhələsini aşa bilməyəcək, illərlə davam edəcək.  Yas mərasimi insanların hisslərini açıq ifadə etməsi üçün təşkil edilir. Məzar ziyarəti və yaxınların orada olması çox önəmlidir. Dünyasını dəyişən adamın son mənzilini, dəfnini qəbullanma mərhələsi üçün vacibdir".

İlahiyyatçı Hacı Təyyar Hüseynli

"İslam dinində yas mərasimlərinin dərin və çox ciddi əhəmiyyəti var. İslam dininin ilahi elçisi Həzrəti Məhəmməd peyğəmbərin yas mərasimlərinin keçirilməsi barədə xüsusi hədisləri var. Peyğəmbərimizin doğma ailə üzvlərinin müsəlman olan kişi və qadınların dəfni ilə bağlı rituallar bu günümüzə qədər gəlib çatıb. Ölüm hadisəsi baş verdikdə, hüznlü məclislərin təşkilini qədərində, həddini aşmadan yerinə yetirmək lazımdır. Allah və onun elçisinin buyurduqlarına uyğun addımlar atmaq mütləqdir. 
İslam dinində şəhidlərə bizim düşündüyümüzdən daha yüksək dəyər verilir. Şəhid mövzusu müqəddəs, əlçatmaz olmalıdır.  Şəhid dəfnləri zamanı mümkün qədər çox insan həmin mərasimdə iştirak etməlidir". 

Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31