Ailənin qorunması üçün vahid konsepsiya hazırlanmalıdır
22 İyul 2022 11:40 SosialŞəmsəddin Əliyev: "Ailə Məcəlləsində bu institutun qorunması üçün lazım olan müddəalar yoxdur"
Məişət zorakılığı zəminində dünyada baş verən proseslər Azərbaycandan da yan keçməyib. Müqayisə baxımından ailə-məişət zəminində törədilən cinayət hadisələri ölkəmizdə daha çox üstünlük təşkil edir. Belə halların qarşısının alınması istiqamətində lazımi addımların atılmaması səbəbindən boşanma və intihar hallarının dinamikası artmaqda davam edir. Bəs, ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısının alınması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac var? Müsahibimiz hüquqşünas-ekspert Şəmsəddin Əliyev bu və digər sualları cavablandırıb.
-Şəmsəddin müəllim, son vaxtlar ölkədə ailə-münaqişə zəminində baş verən cinayətlərin sayının artması müşahidə olunur. Sizin məsələyə menasibətiniz necədir?
-Ailə-məişət münaqişəsi zəminində baş verən hadisələr olduqca ciddi xarakter alıb. Məişət zorakılığı məsələsi demək olar ki, dünyada yetərincə diqqət çəkən məsələdir. Amma nə etmək ki, nə ailənin tam təhlükəsizliyini təmin edə, nə də məişət zorakılığını doğuran səbəb və şəraitin aradan qaldırılmasına nail ola bimirik. Çünki, ailə-məişət münaqişəsi ilə bağlı elmi baxımdan tədqiq olunan bir hal yoxdur. Çox təəssüf ki, belə halları doğuran səbəblər araşdırılmır, onun qarşısının alınması istiqamətində lazımı tədbirlər həyata keçirilmir. Vətəndaş cəmiyyətlərinin bu istiqamətdə həyata keçirdikləri tədbirlər də öz səmərəsini vermir. Müvafiq elmi tədqiqat institutu məişət zorakılığını doğuran səbəb və şəraitin öyrənilməsi və onun aradan qaldırılması yollarını müəyyən etməlidir. Həmin o tədqiqat institutunun peşəkar alimləri-kriminoloqlar, sosioloqlar, psixiatorlar və hüquqşünaslar da orada iştirak edib hökumət qarşısında bir konsepsiya qoymalıdırlar. Tövsiyyə olunmalıdır ki, bu konsepsiyanın müddəlarına uyğun ailənin qorunması ilə bağlı müvafiq hökumət tədbirləri həyata keçirmək lazımdır. Məndə olan məlumata görə, bu istiqamətdə müəyyən layihələr hazırlanır, amma bu layihələr nə qədər bitkin və dolğun olacaq, yaxud təkmillik baxımından cəmiyyətin arzuladığı addımların atılacağını hələlik deyə bilmirik.
-Sizə elə gəlmirmi ki, qanunvericilikdəki boşluqlar ailə-məişət zorakılığının daha da vüsət almasına zəmin yaradır?
-Bütövlükdə məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə bir fəsil əlavə etmək yerinə düşərdi. Həmin fəsildə tərkibinə görə, məişət zorakılığını doğuran cinayətlər əksini tapa bilər. Faktiki olaraq bizim Cinayət Məcəlləmizdə məişət zorakılığı ilə bağlı elə bir maddə yoxdur. Şəxsiyyət əleyhinə olan cinayətlər fəsli var ki, həmin fəsildə vətəndaşların həyat və sağlamlığı ilə bağlı hansı maddə varsa, həmin maddələrə uyğun hüquq mühafizə orqanları öz işlərini aparır. Amma konkret halda 2010-cu ildə qəbul olunan "Məişət zorakılığı haqqında" qanunda onun tərifi varsa da, orada zorakılığın növləri sadalansa da cinayət məsuliyyətinə cəlb olunması üçün Cinayət Məcəlləsində məişət zorakılığını özündə ehtiva edən müddəlar yoxdur. Belə ki, əvvəllər mövcud olan döymə maddəsi çıxarılıb, indi əzabvermə, öldürməklə və yaxud sağlamlığa ağır zərər vurmaqla hədələmə, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərərvurma maddələri var. Təbii ki, bunlar şəxsiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir, amma məişət zorakılığı baş verəndə, əgər adam öldürülübsə qəsdən adam öldürmə kimi məsuliyyətə cəlb olunurlar. Yaxud əzab verilibsə yenə Cinayət Məcəlləsində ehtiva edilən 133-cü maddə ilə məsuliyyətə cəlb olunurlar. Amma yaxşı olardı ki, Cinayət Məcəlləsində məişət zorakılığı ilə bağlı ayrıca bir fəsil bu məsələdə öz töhvəsini versin.
- "Məişət zorakılığı haqqında" qanun ailə münaqişəsi zəminində baş verən cinayətlərin aradan qaldırılmasına hansı töhvəsini verə bilib?
- Məişət zorakılğı ilə bağlı verilən mühafizə orderləri ilə bağlı qanunda çoxlu boşluqlar var. Deyək ki, birinci qısamüddətli mühafizə orderini müvafiq icra hakimiyyəti orqanı verir. Uzunmüddətli mühafizə orderi isə məhkəmələr tərəfindən verilir. Bütün hallarda icra hakimiyyətinin mühafizə orderi verməsi bir növ icra hakimiyyətinə hüquq-mühafizə orqanlarına veriləcək və verilmiş spesifik səlahiyyətin aidiyyatı kimi qəbul olunur. Bu düzgün deyil, çünki mühafizə orderi bütövlükdə Daxili İşlər Nazirliyi tərəfindən verilməlidir. Qısamüddətli olsun iki ay, uzunmüddətli isə heç olmasa iki il ola bilər. ABŞ-da uzunmüddətli mühafizə orderi iki il üçün nəzərdə tutulur, Azərbaycanda isə altı ay. Bizdə də bu müddətlər dəyişilməlidir, çünki söhbət aliənin üzvlərinin həyat və sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunmasından gedir. Konstitusiya baxımından "ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir". Bu konstitusion bir imperativ xarakter daşıyan müddəadır. Nəzərə alsaq ki, dövlətin təməlini də konstitusion müddəa kimi Azərbaycan xalqının vahidliyi təşkil edir, bu baxımdan ailənin qorunması, ailə üzvlərinin sağlam böyüməsi və inkişafı üçün yetərincə tədbirlər həyata keçirmək lazımdır ki, ailə xalqın vahidliyini təcəssüm etdirən bir gücə çevrilsin. Nəzərə almaq lazımdır ki, bu gücü də təcəssüm etdirən ölkənin Prezidentidir. Yəni, dövlətin təməlini Azərbaycan xalqının vahidliyi təşkil edirsə, bu vahidlikdə mütləq mənada ailələrin sağlam inkişafı var. Deyək ki, on milyon əhalinin üç milyona yaxın ailəsi ola bilər ki, orta hesabla hər ailədən üç-dörd nəfər olsa on milyonu ala bilir. Üç milyon ailəni mütəxəssislər tərəfindən elmi bxımdan tədqiq etmək elə də çətin deyil, sadəcə bir az vaxt tələb edir. Amma tədqiq edə biləcəyik ki, görək ailələrdə çatışmayan hallar hansılardır, harada sızmalar nədən ibarətdir. Nə etmək lazımdır ki, ailədə patriarxal, yaxud matriarxal mövqe olmasın.
-Müasir Azərbaycan ailələrində valideynlik borcu nə dərəcədə qorunub saxlanıb?
-Məlumdur ki, atalıq, analıq qanunla qorunur, amma buna baxmayaraq bir valideyn borcu məsələsi var. Bu gün məişət zorakılıqlarının baş verdiyi ailələrin əksəriyyətində valideynlər faktiki olaraq öz borclarını bu və ya digər obyektiv səbəblərdən yerinə yetirə bilmirlər. Tədiqiat aparılmalıdır ki, niyə ata öz ailəsinin maddi təminatını həyata keçirə bilmir? Məhşur Hind yazıçısı Rabindranat Taqorun çox məhşur bir kəlamı var: "Kişi ağzı kəsməz kor baltadır, qadın incə almazdır. Ağzı kəsməz kor balta işlədikcə itilənər, amma incə almazı zora salmaq olmaz, qırıla bilər". Bu baxımdan, kişinin üzərinə daha çox vəzifə düşür və kişinin borcu olmalıdır ki, ailənin maddi və mənəvi təminatını ödəsin. Həmçinin yunanların da çox qədim bir məsəli var ki, "o ailə xoşbəxtdir ki, orada biri kar, digəri laldır". Yəni, qadın deyən hissiyata toxunan sözləri kişi eşitməməli, qarşı tərəf də lal olmalıdır ki, ailədə xaos yaranmasın. Tarixən qadın nə qədər kişinin zorakılığı qarşısında susarsa, o ailədə böyüyın qız övladı da özünü anasına oxşadacaq, gələcəkdə köçdüyü ailədə də özünü elə aparacaq. Eynilən oğlan da atasının hərəkətlərini, o kobud rəftar, kobud danışıq tərzini əxz edərək gələcək ailəsində özünü atasına oxşadacaq. Bütün bunlar olmasın deyə mütləq ailəni öyrənmək lazımdır.
-Sizcə, sadalanan boşluqların aradan qaldırılması üçün hansı zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac var?
-Düşünürəm ki, kifayət qədər maarifləndirmə tədbirlərindən gen-boluna istifadə etmək lazımdır. Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və bütövlükdə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri və həmkarlar təşkilatları bu istiqamətdə öz töhfələrini verməlidirlər. Hansı rayonlarda daha çox məişət zorakılıq halları baş verirsə, intiharlar varsa, proseslər ailə məcrasından çıxırsa, həmin rayonda kifayət qədər marrifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Amma o rayonlarda tədbirlər həyata keçirən zaman televiziyalar mütləq prosesə cəlb edilməlidir. Çünki, televiziyaların əhatə dairəsi daha genişdir. Mən dəfələrlə rayonlarda bu istiqamətdə tədbirlər həyata keçirmişəm, amma rayonlarda televiziyaların heç biri tədbirə qatılmır. Deyirlər ki, "biz qeyri-hökumət təşkilatlarının tədbirlərinə qatılmırıq". Hesab edirəm ki, bu məsələni də məcrasına yönəltmək lazımdır.
-Ölkədə ailə münasibətlərini tənzimləyən Ailə Məcəlləsi var. Sizcə bu Məsəllə ailə institunu qorumaq üçün yetərlidirmi?
-Ailə Məcəlləsində də kifayət qədər boşluqlar var. Ailə Məcəlləsində ailənin qorunması üçün yaxşı heç nə yoxdur. Nikah ittifaqının bağlanması, boşanma, aliment, uşağın kimə verilməsi kimi məsələlər var, amma ailənin qorunması üçün lazım olan müddəalar yoxdur. Çatışmayan odur ki, cütlüyün nikaha girdiyi ərəfədə mütləq mənada ailəyə sədaqət andı içilməlidir. Necə ki, dövlət qulluğunda xidmətə başlamazdan öncə gələcək dövlət qulluqçuları Vətənə, tutacaqları vəzifələrə sədaqət andı içirlər. Bəyan edirlər ki, korrupsiya hallarına yol verməyəcəklər, nizam-intizamı qoruyacaq, özünə qarşı tələbkar olacaq, verilən tapşırıqları vaxtında yerinə yetirəcək. Təbii ki, zamanında bu baş verərsə artıq o dövlət qulluqcusu yol verdiyi qanunsuzluğa görə bilməmişəm deyə bilməz. Həm intizam, həm inzibati, həm də cinayət qaydasında məsuliyyətə cəlb oluna bilər. Eynilə ailəyə sədaqət andı içiləndə də o ailənin hər bir üzvü həyatın son anına qədər ailəni, o kiçik dövləti qorumağa borclu olur. Ailə üzvlərindən biri həddini aşa bilər, amma bu ailənin dağılmasına gətirib çıxartmamalıdır. Biri çörək qazanma baxımından davranışlarını qəlibə salar, biri zəif ola bilər, ancaq bötövlükdə cəmiyyətin lakomativi kimi ailənin yolu daim hamar və çevik olmalıdır. Nəzərə almaq lazımdır ki, ailə yoxdursa, xalq yoxdur. Azərbaycan xalqı bütövlükdə təxminən üç milyon ailənin üzərində qurulub. Amma bu ailə sağlam deyilsə, deməli cəmiyyət sağlam deyil. Bununla da ictimai maraq dövlət marağının fövqündə yox olub gedir. İctimai maraq olmayanda dövlət də öz marağını həyata keçirə bilmir. Çünki bunlar bir-biri ilə bağlıdır, bir birlərinin ayrılmaz tərkib hissələridir. Dövlət marağı ilə ictimai maraq üst-üstə düşəndə ideal bir cəmiyyət yaranır. Bu baxımdan düşünürəm ki, ailənin qorunması üçün tədbirlər planı, milli fəaliyyət planı olsa da ailənin vahid strategiyası vahid bir konsepsiyası olmalıdır. Belə bir konsepsi və strategiyasız ailəni qorumaq çətin olacaq. Bu suallara cavab vermək üçün mütləq mənada Milli Elmlər Akademiyasının nəzdində elmi tədqiqt institutu fəaliyyət göstərməlidir. Bu elmi tədqiqat institunun əsas qayəsi yalnız ailəni öyrənmək, baş verə biləcək boşluqların qarşısını almaq üçün təkliflər hazırlamaq olmalıdır. Həmin təkliflər Nazirlər Kabinetinin tərkibinə daxil olan bütün dövlət qurumları, mərkəzi icra hakimiyyətləri tərəfindən birlikdə müzakirə olunaraq müvafiq tədbirlər həyata keçirilməlidir.
Alim