Mirası qəbul etmək üçün hansı şərtlər tələb olunur?

Dünyamin Novruzov : “Ölmüş şəxsin əmlakı vərəsələrə qanun və ya vəsiyyət üzrə keçir”

Oxucularımızın suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır
- Həyat yoldaşım vəfat edib. Yeganə vərəsəsi mənəm və mərhum vəsiyyətnamə tərtib etməmişdi. Bilmək istərdim, mirası qəbul etmək üçün notariusa hansı sənədləri təqdim etmək lazımdır? Bu zaman hər hansı müddət varmı? Bunun üçün rüsum ödənilməlidirmi?

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul edə bilər. Bu zaman notariat kontoruna müvafiq sənədlər (ölüm haqqında şəhadətnamə, şəxsiyyəti təsdiq edən sənəd, nikah haqqında şəhadətnamə, miras əmlaka dair hüquq müəyyənedici sənədlər (mənzilə (evə) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s.), daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış və s). təqdim olunmalıdır. Əmlak üzərinə məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşsa, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həbs götürülənədək dayandırılır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 107-ci bəndi). "Dövlət rüsumu haqqında" Qanunun 10.7.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 3 manat məbləğində dövlət rüsumu ödənilir.
- Atamın vəfatı ilə əlaqədar vərəsəlik açılmışdır. Mən ailədə tək uşaq olduğumdan və anam daha əvvəl rəhmətə getdiyindən yeganə vərəsə mənəm. Lakin əmim də miras əmlaka iddia edir və həmin əmlakın yarısının vərəsəliklə ona keçməli olduğunu bildirir. Əmimin bu tələbi haqlıdırmı?
- Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Atanızın vəsiyyətnamə qoymamasını nəzərə alsaq, bu halda qanun üzrə vərəsəliyin qüvvədə olmasını deyə bilərik. Siz atanızın birinci növbədə, əminiz isə ikinci növbədə qanun üzrə vərəsəsi sayılırsınız. Mülki Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Beləliklə, Sizin atanızdan qalan miras əmlakı qəbul etməyiniz əminizin vərəsəliyini istisna edir. Bu baxımdan əminizin tələbi qanuni sayıla bilməz.
- Mən və 2 bacım atamızın qanuni vərəsələriyik. Atamızdan miras əmlak olaraq mənzil qalmışdır. Mirasın qəbulu zamanı bacılarımdan biri dedi ki, mənzili onun adına keçirək və o, mənzili satsın və aramızda bərabər bölünsün. Buna görə də mən və digər bacım öz payımızdan onun xeyrinə imtina etdik. Lakin indi bacım verdiyi sözü yerinə yetirmir. Belə olan halda, mirasdan imtinanı geri götürə bilərəmmi?
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə görə Siz mirasdan imtina barədə ərizənizi geri götürə bilməzsiniz. Çünki həmin maddəyə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
- Mülkiyyətimdə olan mənzili qızıma vəsiyyət etmişdim. Lakin sonradan ikinci vəsiyyətnamə tərtib edərək onu nəvəmə vəsiyyət etdim. Lakin hazırda fikrimi dəyişmişəm, notariusa ərizə verməklə ikinci vəsiyyətnaməni ləğv etmək və birinci vəsiyyətnaməni bərpa etmək niyyətindəyəm. Bu mümkündürmü?
- Siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0.1-ci maddəsində nəzərdə tutulan hüququnuzdan istifadə etməklə (həmin maddəyə görə vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə, ləğv edə bilər) əvvəlki (yəni birinci) vəsiyyətnamənizi ləğv etmisiniz. Mülki Məcəllənin 1221-ci maddəsi isə ləğv edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyini təsbit edir. Həmin maddəyə görə sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Siz notariat orqanına ərizə verməklə ikinci vəsiyyətnaməni ləğv edə bilərsiniz lakin həmin ərizə birinci vəsiyyətnamənin bərpası üçün əsas ola bilməz.
- Anam miras əmlakı mənə və iki qardaşıma vəsiyyət edib. Vəsiyyətnamədə yalnız mənim payım müəyyənləşdirilmişdir. Qardaşlarımın paylarının bölgüsü necə olacaqdır?
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Mülki Məcəllənin 1170.2-ci maddəsinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Göründüyü kimi, vəsiyyətnamədə qardaşlarınızın payları müəyyən edilmədiyindən Sizə çatası pay ayrıldıqdan sonra qalan əmlak qardaşlarınız arasında bərabər bölüşdürülməlidir.
- Vəsiyyətnamədə göstərilən yeganə vərəsənin ölməsi halında miras əmlak necə bölüşdürüləcək? Vəsiyyətnamədə bu halı nəzərə almaq mümkündürmü?
- Xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin vəsiyyət edəndən tez ölməsi vəsiyyətnamənin qüvvədən düşmüş sayılması əsaslarından biridir. Belə olan halda, miras əmlak vərəsələrə qanun üzrə vərəsəlik qaydasında keçəcəkdir. Vəsiyyət edən bu halı, yəni xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin ondan tez ölməsi ehtimalını nəzərə alaraq vəsiyyətnamədə ehtiyat vərəsənin adını göstərə bilər. Belə olan halda, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez ölsə belə, gələcəkdə mirasın açılması zamanı ehtiyat vərəsə mirası qəbul edə bilər.
- Atam vəsiyyətnamə ilə özünə məxsus olmuş əmlakları mənim və qardaşımın arasında bölüşdürmüşdür. Lakin mülkiyyətində olmuş avtomobilə dair vəsiyyətnamədə hər hansı göstəriş yoxdur. Bu halda, həmin avtomobil vərəsəlik qaydasında kimə keçəcəkdir?
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1172-ci maddəsinə görə əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Göründüyü kimi, mərhum atanıza məxsus olmuş avtomobil vəsiyyətnamədən kənarda qalmış əmlak kimi adı çəkilən 1172-ci maddəyə müvafiq olaraq atanızın qanun üzrə vərəsələri arasında bərabər paylarda bölüşdürülməlidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31