Bakı-Tehran münasibətlərinin inkişafında yeni mərhələ
07:44 SiyasətHazırda dünyada gedən geosiyasi çarpışma fonunda regionda təhlükəsizliyin təmin olunması vacib məslələrdən sayılır. Nəzərə alsaq ki, yeni dünya düzəmində super güc mərkəzləri Cənubi Qafqaz uğrunda savaşa atılıblar, o halda bölgə dövlətləri arasında münasibətlərin möhkəmlənməsi əsas şərtlərdən hesab olunur. Mümkündür ki, sözügedən maraqlı dövlətlər hər an alət kimi istifadə etdikləri Ermənistan vasitəsilə bölgədə sakitliyi pozmaq istiqamətində təxribatçı addımlar atsınlar. Məhz bu amillər nəzərə alınaraq gündəmə qonşu dövlətlərlə əməkdaşlığın tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi məsələsi gəlir. Söhbət yalnız siyasi münasibətlərdən, beynəlxalq təhlükəsizlik məsələrindən deyil, eləcə də iqtisadi amillərdən gedir.
Elə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi dövlət səfəri də iki dövlət arasında siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə hesablanıb. Sözssüz ki, bu səfər həm ölkələr arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir, həm də iqtisadi cəhətdən tərəflərə faydalı prespektivlər vəd edir. Məlumdur ki, Azərbaycan regionda həyata keçirilən bir sıra layihələrinin təşəbbüsçüsü və müəllifi kimi çıxış edir. Azərbaycanın təklif etdiyi layihələr təkcə ölkəmiz üçün deyil, eləcə də region dövlətlər üçün də səmərəlidir. Bu baxımdan Azərbaycan-İran əməkdaşlığı regional sülhün qorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən mühüm amillərdəndir. Eyni fikri səfər çərçivəsində baş tutan təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan və İran Prezidentlərinin mətbuata çıxış etdikləri birgə bəyanat da təsdiq edir. Belə ki, Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir. Dövlətimizin başçısı İran Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin yüksək səviyyəsinin təzahürü olduğunu vurğulayıb. Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq-aydın mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın, ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu vurğulayıb.
Məlumdur ki, bu gün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir.Azərbaycan və İran arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Bu baxımdan, Pezeşkianın ölkəmizə səfəri iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi. Qətiyyətlə demək olar ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini həm iki ölkə arasındakı gələcək əməkdaşlıq münasibətləri, həm regional, həm də qlobal münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Ancaq, mövcud durumda eyni tarixi və mədəni köklərə malik Bakı ilə Tehran arasında qonşuluq əlaqələrin inkişafına və dərinləşməsinə mane olan faktorlar var ki, ilk növbədə bunlar aradan qaldırılmalıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda Bakı-Tehran münasibətlərə toxunaraq qeyd edib ki, İran prezidenti Pezeşkianın ölkəmizə səfəri ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaq:
"Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla. Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Azərbaycan Orta Dəhlizlə yanaşı, həm də Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq. Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır". Bu baxımdan prezident Pezeşkianın səfəri ikitərəfli normal qonşuluq münasibətlərinin inkişaf perspektivi və mövcud gərginliklərin aradan qaldırılıb yeni mərhələyə qədəm qoyması və qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu müstəvidə qurulmasına təkan verə bilər.
Artıq Pezeşkianın səfərinə və səfər öncəsi münasibətlərin inkişaf tendensiyasına nəzər salsaq Tehran üzləşdiyi durumun vəziyyətini anladığı üçün Bakı ilə münasibətlərin yeni bir inkişaf mərəhələsinə qoymasında maraqlı görünür.Pezeşkianın Bakıda Qarabağın Azərbaycanın hüquqi ərazisi olması, nəqliyyat, iqtisadi-ticari, elmi-mədəni və digər sahələrdə bəyanatlar verməsi bunu deməyə əsas verir. Pezeşkianın Azərbaycana səfərində ən mühüm əhəmiyyət kəsb edən mesaj isə onun Azərbaycan dilində şeirlər səsləndirməsidir. Yəni, Tehranın Bakını seçmək zorunda qalması faktı kimi. Çünki Bakı-Tehran münasibətlərinin normal qonşuluq münasibətlərində inkişafı yeni dünya düzəninin formalaşması istiqamətində gedən mübarizədə siyasi, iqtisadi-ticari, logistik, turizm baxımından çox böyük əhəmiyyət kəsb edir. Münasibətlərinin inkişafı Tehranın Şimal-Cənub, Orta Dəhliz vasitəsilə Qərb-Cənub, Şimaldan Körfəzə və əks istiqamətdə yükdaşımalarda, enerji, "yaşıl enerji" sektorunun imkanlarından fayadlana bilər. Bakı-Tehran münasibətlərinin inkişafı yekun olaraq İranın üzləşdiyi xarici və daxili böhranların, digər region ölkələri ilə daha sıx əlaqələrin, həm də gərginliyin aradan qaldırılması, ziyanına olan geosiyasi proseslərin öz xeyrinə dəyişməsi istiqamətində mühüm rol oynaya bilər.
Nurlan