Livan HƏMAS-ı xəbərdar etdi: “Milli təhlükəsizliyimizi təhlükəyə atmayın”- ÖZƏL
2 May 15:51 DünyaLivanın Ali Müdafiə Şurası cümə günü açıqlama verərək, Fələstinli silahlı qrup Haması ölkənin təhlükəsizliyini və suverenliyini pozacaq əməliyyatlardan çəkinməyə çağırdı.
Olaylar.az xəbər verir ki, bu xəbərdarlıq Livana ABŞ tərəfindən artan təzyiqlərin fonunda səsləndirilib. Vaşinqton Livanda dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupların tərksilah olunmasını tələb edir. Xatırladaq ki, ötən il İsraillə Livandakı silahlı şiə qrupu Hizbullah arasında baş verən müharibədən sonra əldə olunan atəşkəs razılaşmasında Livandakı bütün qeyri-qanuni silahlı qrupların silahsızlaşdırılması və qeyri-rəsmi hərbi infrastrukturun ləğvi tələbi yer almışdı.
Ali Müdafiə Şurasının baş katibi Məhəmməd əl-Mustafa jurnalistlərə bildirib ki, şura hökumətə bir sıra tövsiyələr təqdim edəcək, o cümlədən "Hamasın Livan ərazisindən istifadə edərək ölkənin milli təhlükəsizliyini təhdid edən hər hansı bir fəaliyyətə yol verilməməsi ilə bağlı xəbərdarlıq" da bu tövsiyələrə daxildir.
Hamas Livanda uzun illərdir mövcuddur. Qrupun üzvləri ölkə ərazisindəki fələstinli qaçqın düşərgələrində yerləşirlər. Bu düşərgələrdə Livan təhlükəsizlik qüvvələrinin səlahiyyətləri məhduddur.
2023-cü il oktyabrın 7-də Hamasın Qəzzadan başladığı hücumun ardından, Livandakı Hamas və Hizbullah döyüşçüləri İsrailin cənubuna raketlər ataraq fələstinlilərlə həmrəylik nümayiş etdirmişdilər. 2024-cü ilin əvvəlində İsrailin hava hücumları nəticəsində Hamasın Livandakı bir neçə komandiri, o cümlədən qrupun sədr müavini öldürülmüşdü.
Livan Prezidenti Cozef Aun bildirib ki, ölkədəki bütün silahlar dövlət nəzarətinə keçməlidir. Prezident ölkənin regional münaqişələrə cəlb olunmasının yolverilməz olduğunu vurğulayıb və fələstinlilərin hüquqlarının müdafiəsinin Livan sabitliyi bahasına olmamalı olduğunu qeyd edib.
Nazirlər Kabinetinin bəyanatında isə baş nazirin sözlərinə istinadla bildirilib: "Qeyri-qanuni silahların təhvil verilməsi vacibdir. Hamas və ya digər hər hansı bir qrupun Livanın milli təhlükəsizliyini və sabitliyini pozmasına imkan verilməməlidir."