Sözün güzgüsündə Qarabağ: Vaqif Yusiflinin “Qarabağ şeirimizdə, nəsrimizdə” kitabı haqqında
07:42 ƏdəbiyyatElnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi
Fil.f.d., dosent
Qarabağ mövzusu 30 ildir ki, ədəbiyyatımızdan qırmızı xətt kimi keçir. Birinci Qarabağ müharibəsi dövründə və sonra ədəbiyyatda bu mövzu daha çox ağrı, niskil və kədərlə əks olunurdu. Həmin dövrdə yaradılan əsərlərin qələbəmizdə mühüm rolu oldu, ədəbiyyatın gücü ilə düşmənə nifrət, torpağa sevgi, vətənə sonsuz məhəbbət duyğuları daha da alovlandı. Aprel döyüşlərindən və Vətən müharibəsində qazanılan zəfərdən sonra ədəbiyyatımızda bu mövzu ilə bağlı dönüş nöqtəsinin əsası qoyuldu, yeni ədəbi əsərlərimizdə yalnız müharibə ağrıları deyil, qələbə notları da öz əksini tapmağa başladı. Qarabağ mövzusunda qələmə alınan əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, torpaq sevgisinin aşılanmasına xidmət etməklə yanaşı xalqımızın tarixini, mədəniyyətini, Vətən sevgisini, yurd uğrunda mübarizə əzmini dünyaya tanıtdırır.
Qarabağ mövzusunda ədəbi əsərlərin yaradılması qədər həmin əsərlərin araşdırılması, təbliği də böyük önəm kəsb edir. Bu məqamda ədəbiyyatşünaslığımız ədəbiyyatımızla çiyin-çiyinə çalışaraq Qarabağ mövzusunda yazılan əsərlərin gələcək nəsillərə ötürüləcək ən qiymətli miraslar məqamında olduğunu vurğulamalı, tarixin bədii söz güzgüsündə əksini elmin səhifələrinə həkk etməlidir.
Vaqif Yusifli müasir ədəbi prosesimizin əsas araşdırmaçılarından, ədəbi tənqidin aktivliyi ilə seçilən ustad qələm sahiblərindən biridir. Ədəbi prosesə daxil olan yeni əsərlər, yeni tendensiyalar daim onun nəzərindədir, bir sıra yeni əsərlər məhz onun qələminin təqdimatı ilə ədəbiyyatşünaslığın diqqətinə çatdırılır. Vaqif Yusiflinin yeni çapdan çıxmış "Qarabağ şeirimizdə, nəsrimizdə" kitabı ədəbiyyatşünaslığımızın önəmli bir probleminə - ədəbi mətnlərdə Qarabağ mövzusunun əksinə həsr edilib. "Qarabağ şeirimizdə, nəsrimizdə" kitabında müəllifin poetik mətnlərdə və nəsrdə mövzunun janrlar üzrə işlənmə səviyyəsi, diqqət yetirilən əsas məqamlar, poetik elementlər və nəsr tendenesiyaları ilə bağlı dəyərli qənaətləri öz əksini tapmışdır. Kitabın strukturundan da göründüyü kimi ədəbiyyatşünas alimin mövzu ilə bağlı araşdırmaları silsilə şəklindədir. Bu araşdırmalar sırasında əlbəttə ki, poeziya ilə bağlı tədqiqlər üstünlük təşkil edir. Çünki hər zaman olduğu kimi bu məqamda da poeziya daha mütəhərrikdir və mövzuya daha aktiv reaksiyası ilə seçilir. Qeyd etməliyik ki, təqdim edilən kitabda Vaqif Yusiflinin nəsrdə Qarabağ mövzusu ilə bağlı araşdırmalarının yalnız bir qismi yer alıb. Ədəbiyyatşünasın mövzu ilə bağlı araşdırmaları bir kitab çərçivəsinə sığmayacaq qədər genişdir və çoxrakursludur. Daha çox Qarabağ zəfərinə qədər olan məqamları əks edirən əsərlərlə bağlı araşdırmaları kitaba daxil edən ustad ədəbiyyatşünasın mövzunu davam etdirəcəyi, Zəfər və Zəfərdən sonrakı Qarabağın əks olunduğu ədəbi nümunələrlə bağlı araşdırmalarının yer alacağı növbəti kitabın dərcinin də "Qarabağ şeirimizdə, nəsrimizdə" toplusu kimi həm ədəbi mühit, həm də ədəbiyyatşünaslıq üçün önəmli bir xidmət olacağı qənaətindəyik.