Bakıda yeni komissiyalar yaradıldı
1 May 18:21 SosialBakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.
Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.
Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.
Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.