"İndi insana “bunu et”, “bunu etmə” deməklə nəticə eldə etmək mümkün deyil"

"Hesab edirəm ki, bu qanunda dəyişikliklər xüsusi əhəmiyyət və önəm daşıyır. Ümumiyyətlə bilirsiniz ki, bu məsələ ilə bağlı cəmiyyətdə çox ciddi narazılıqlar, narahatlıqlar var. Belə bir addım atılması, belə bir qərarın qəbul edilməsi də cəmiyyətdə mövcud olan narahatlıqların aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

"Bu gün Azərbaycanda bu sahədə çox ciddi işlər görülür, addımlar atılır. Qarşıda duran vəzifələrdən biri də qanunvericiliyin tənzimlənməsidir ki, bunu da demək olar ki, dövlətimiz uğurla və böyük həssaslıqla həyata keçirdir. Artıq bir neçə qanuna dəyişikliklər edildiyini görürük. Bir daha qeyd edim ki, bu onu göstərir ki, dövlət bu məsələlərə kifayət qədər həssas yanaşır, öz mövqeyini bildirir".

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə isə, cəmiyyətdə xoşagəlməz halların qarşısının alınması üçün həm inzibati, həm geniş sosial texnologiyalardan istifadə etmək lazımdır:

"Düşünürəm ki, narkotika və cəmiyyətimizdə xoşagəlməz başqa məsələlər yalnız inzibati metodlarla arzu olunan nəticəyə gəlmək deyil. İndi bizim cəmiyyət o şəkildədir ki, biz həm inzibati metodlardan istifadə etməli, həm də daha geniş, əhatəli sosial texnologiyalardan istifadə etməliyik. Bunun içərisinə maarifləndirmə, qanunvericiliklə bağlı məsələlər, və.s. daxildir. Yəni, fəaliyyət proqramı olmalıdır. Bunlar olmadan yalnız inzibati metodlarla nəyisə dəyişmək mümkün deyil. Bu mənim sözüm deyil. İndiki cəmiyyət günü-gündən mürəkkəbləşir, həsasslaşır. İndi insana "bunu et", "bunu etmə" deməklə nəticə eldə etmək mümkün deyil. Gərək insanın özünü elə bir şəkildə optimallaşdırasan ki, özü o prosesdə iştirak edə, sənə kömək edə bilsin. Ona görə də, mən görəndə ki, inzibati metodlarla nəyisə əldə etmək istəyirlər bir mütəxəssis olaraq təəssüf hissi keçirdirəm. Çünki burada kompleks tədbirlərə ehtiyac var. Həm inzibati metodlara, həm maarifləndirmə, həm də başqa metodlara və bunların arxasında çox ciddi elmi-təhlillər əsasında hazırlanmış fəaliyyət proqramı, yol xəritələri olmalıdır".

Mehriban Xəlilli   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31