Bakının taksi problemi....
19 May 2022 14:36 Sosialİnkişaf etməkdə olan ölkələrdə özəl şirkətlərin işində nöqsanlara daha çox rast gəlinir.
Azərbaycanda taksi şirkətlərində həddən artıq çox problem olduğu danılmazdır. Bu həm sürücü-sərnişin, həm də şirkət-sürücü arasında baş verən anlaşılmazlıqdır. Yeni yaranan taksi şirkətləri ilə birlikdə problemlər ikiyə qatlanır. Taksi şirkətlərinə sürücülərin qəbul prosesində böyük əskikliklər olduğu üçün problemlərin ardı-arası kəsilmir. Sürücü-sərnişin arasında baş verən problemlərin sadəcə sosial mediada ictimailəşən hissəsini görürük. Bilmədiyimiz yüzlərlə bu cür problem var. Deyə bilərikmi, şirkət sürücünü, sürücü isə sərnişini istismar etməyə çalışır?
Şirkət özünə daha çox müştəri cəlb etmək üçün endirimli xidmət haqqı təklif edir. Bu isə sürücünün narazılığına səbəb olur. Sürücü ünvana çatdıqdan sonra təklif olunan qiyməti görür. Buna görə sərnişinlə münaqişə yaşanan hallar da az deyil.
Sürücülər haqqında ən çox şikayət qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət etmələri olur. Buna görə şikayət edilsə də, sürücünün hansı cəzaya tabe tutulduğu haqqında müştəriyə məlumat verilmir. Müştəri belə olan halda ikinci dəfə həmin şirkətə etibar etməkdə çətinlik çəkir. Bütün hallarda proseslər müştərinin mənafeyinə uyğun şəkildə aparılmalıdır. Problemin ən başlıca səbəbi sürücülərin peşə etikası haqqında məlumatsız olmasıdır.
Taksi fəaliyyətinin əsas üstünlüyü insanlara zamandan qənaət etmək şansını tanımasıdır. Sərnişinin rahatlığını təmin etmək üçün taksi şirkətlərinin sayının artırılması məqsədəuyğun deyil. Sistemsiz, nəzarətsiz şəkildə artan taksi xidmətləri nəinki rahatlığı təmin etmək, tıxac yaradır.
İşəgötürmə prosesi necə aparılır?
Tıxacın qarşısını necə almaq olar?
Qeyri-peşə davranışları zamanı sürücünü hansı cəzalar gözləyir?
Sürücülər nəyə görə bir çox hallarda gediş haqqı ilə razılaşmır?
Suallarımıza cavab tapmaq üçün müsahiblərimizin fikirlərini aldıq.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Olaylar.az-a açıqlamasında qeyd edib:

"Ehtiyac olmasa, bu qədər taksi şirkətləri yaranmaz. Yaranırsa, deməli, tələbat var. Tələbat varsa, xidmət yüksək səviyyədə, rəqabət mühitində olmalıdır. Əgər, xidmət yetərincə deyilsə, rəqabət yoxdursa, kiməsə, hansısa imtiyaz verilirsə, onda arzulanan səviyyədə, bu prosesi aparmaq mümkün olmayacaq. Ona görə də, daha keyfiyyətli xidmət barədə düşünmək lazımdır. Orada birinci növbədə taksi sürücülərinin işə qəbulu ilə bağlı, daha dəqiq standartlar olmalıdır. Hansı tələbə cavab verir, müştəri ilə davranışlarından tutmuş, dürüstlük və müəyyən dərəcədə bu, öz şirkətin maraqlarına ziyan vurmamaq, eyni zamanda vətəndaşın maraqlarını gözləmək tələb olunmalıdır. Burada, həm də taksi sürücüləri arasında, müəyyən qədər narkotik aludəçiliklə bağlı, müəyyən siqnallar gəlir. Bunu da, aradan qaldırmaq lazımdır. Bir çox məsələləri paralel olaraq, həll etmək lazımdır. Çünki, bu şirkətlərin özləri də, bütövlükdə öz funksiyalarını yerinə yetirərkən, vətəndaşın qanunu mənafelərinə ziyan vurmamalıdır. Vətəndaşa yüksək səviyyədə xidmət göstərməlidir. Onsuz da rəqabət olanda, insanlar yaxşı xidmət göstərməyən şirkəti, digəri ilə əvəz edirlər. Burada əsas, aldatmamaqdır. Bizdə bir problem də əsasdır ki, taksiçilərin "həmkar ittifaqı" deyilən modeli, inkişaf etdirmək lazımdır ki, peşə əxlaqına, həm də peşə həmrəyliyinə əməl olunsun. Bu olsa, daha yaxşı olar. Bir də, bizdə taksiçilər yollarda dururlar. Heç bir sığınacaq yeri yox, yağışdan qorunmaq yeri yox, yaxud da vaxt gözləyərkən, hansısa bir şəkildə maşında oturmaqdan başqa seçimləri yoxdur. Mədəni ölkələrdə, ayrıca taksi parkları olur. Kiçik də olsa, mini parklar düzəldilir. Orada, taksiçilər də, həm də özləri, öz vəsaiti hesabına orada "dispetçer" saxlayırlar və "dispetçer" vasitəsilə də idarə edirlər. Harasa taksi göndərmək lazım olanda, onu həyata keçirirlər. Bütün bunlar, bizdə çatışmayan cəhətlərdir. Amma, bütövlükdə xidməti yüksəltmək və rəqabətin olması, hər şeyi özlüyündə həll edir".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə,

işə qəbul prosesi əmək qanunvericiliyi bəndlərinə uyğun aparılmalıdır. Bu günəmuzd da ola bilər. Aylıq maaş da ola bilər. Reallıqda isə həqiqəti əks etdirmir. Bakı şəhərində sürücülərin xüsusən gündəlik "plan" qaydalarına riayət edirsə, işə götürülür. Burada tələb kimi sürücülük vəsiqəsinin olması göstərilir. Bu tələb də Baş Dövlət Yol Polisi idarəsinin əsas tələbidir. BDYPİ bunu hər bir işəgötürənin qarşısına tələb kimi qoymuşdur. Başqa ciddi bir tələb ortaya qoyulmur. Həkim müayinəsi, sürücünün gündəlik vərdişləri, psixolojik vəziyyəti nəzərə alınmır. Ümid edirəm, gələcəkdə bu tənzimləmələr mövcud olacaq.
İctimai nəqliyyat balanslaşdırılmış şəkildə metro, avtobus, taksi fəaliyyəti ilə tənzimlənir. Taksi fəaliyyəti burada ciddi şəkildə nəzərə çarpmır. Çünki, fərdi taksilərdən istifadə vətəndaşların çox zaman büdcələrinə uyğun gəlmir.
Son illərdə taksi tarifləri var ki, müəyyən məsafəni 1-2 manat civarında daşınma haqqı ilə həyata keçirirlər. İnsanlar bununla zamanlarına qənaət edirlər. Bütün bunların fonunda tıxac məsələsini həll etmək üçün taksilər üçün daha ciddi tənzimləmələr aparılmalıdır.
Sosial şəbəkələrdə mütəmadi olaraq qarşımıza çıxan qeyri-etik davranışlar olur. Xüsusən, sürücü-sərnişin arasında baş verir bu hallar. İş prosesində hər zaman rast gəldiyimiz hallardır. Zənn etmirəm ki, gələcəkdə bu halla rastlaşmayacağıq. Çünki, burada insan amili var. İnsanların maariflənməsi, bir-birinə qarşı daha nəzakətli olması lazımdır. Ondan sonra bu hallar səngiyəcəkdir.
Çox zaman məsələ gündəm olarsa, hüquq mühafizə orqanlarına qədər gedib çıxa bilir. Məhkəmə prosesinə qədər gedən problem yoxdur. Mühafizə orqanları inzibati tənbehlə, cəza tədbiri ilə və ya bir neçə günlük həbs ilə sürücünü cəzalandırır.
Qiymətlər bazar tənzimlənməsi ilə müəyyən edilir. Sürücülərin narazılığı təbii haldır. Bir halda ki, vətəndaşlar məmnundursa, sürücülər də bunu əsas götürməlidir. Şirkətlər daha qənaətcil avtomobillərin gətirilməsi ilə məşğul olmalıdır. Ən əsas məsələ isə təyin olunan qiymətlərin real qiymətlə uzlaşdırılmasıdır. Məsələn, bir kilometr məsafə 70-80 qəpik dəyərindədirsə, işçinin maaşını da əhatə etməlidir. Nəqliyyat vasitəsinin icbari təmir işləri nəzərə alınmalıdır. Gəlir bir neçə yerə bölüşdürülür. Şirkətlər bəzən sürücünü istismar edə bilir".
Azərbaycanın ən çox istifadə edilən taksi şirkətlərindən biri olan "Bolt"dan Olaylar.az-a şirkətin fəaliyyət prinsipləri haqqında açıqlama verilib.

-İşə qəbul zamanı sürücüdən nələr tələb olunur?
İşə qəbul prosesi mütləq sənədlər (sürücülük hüququ və şəxsiyyəti təsdiq edən sənəd, avtomobilin sənədləri, VOEN və s.) tələb etməklə və sürücü olmaq istəyən şəxslərin müəyyən kriteriyalara (yaş həddi, təcrübə, və digər amillər) cavab verməsi əsasında aparılır. Qeydiyyat prosesi xüsusi təlim və testlər əsasında tamamlanır.
-Sürücü-sərnişin arasında yaranan problem necə həllini tapır?
Sərnişinlərə 5 ulduzlu xidmət göstərmək şirkət olaraq qabaqcıl missiyalarımızdan biridir. Sərnişinlər tərəfindən daxil olan şikayətlər əsasında araşdırma aparılır və həmin sürücülər barəsində müvafiq tədbirlər görülür, habelə, onlar arasında əməkdaşlığı sonlandırdığımız sürücülər də mövcuddur.
-Hazırda rəsmi şəkildə nə qədər taksi sürücüsü "Bolt"da fəaliyyət göstərir? Digər bölgələrdə də fəaliyyətə başlamaq planda varmı?
Təəssüf ki, platformamızdakı rəqəmlər "Məlumatların Qorunmasına dair Ümumi Qaydalar"a əsasən ikinci tərəflərlə paylaşıla bilməz. Hal-hazırda Bolt şirkəti Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Şəki və Qəbələ, şəhərlərində fəaliyyət göstərir və gələcəkdə xidmət sahəmizi daha da genişləndirməyi planlaşdırırıq.
Əfsanə Kamal