Kimlər oruc tuta bilməz?
7 Aprel 2022 12:48 SosialOruc tutanlar hansı qaydalara riayət etməlidirlər?
İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə "qədir" və ya "ehya" gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin "Qədir" surəsində qədir gecəsi haqqında belə yazılmışdır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir". İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər, hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ramazan insanın mənəvi cəhətdən təmizlənməsi üçün ən gözəl fürsətdir. Çünki bu ayda həyatın gözlə görülən zövqlərindən imtina və mənəvi gözəlliyə çatmaq üçün yolçuluğa çıxılır. Bütün bunlar Ramazan haqqında zaman-zaman bizlərə ötürülən məlumatlardır. Bəzən ərəb dilindən o qədər də fərqlənməyən izahla ramazan ayı bir qədər qarışıq şəkildə izah olunur insanlarımıza. Bəzən isə bu mübarək ayın fəziləti sadəcə ac qalmaq məsələsi ilə qabardılır. Düzdür, gün ərzində yeməklərdən imtina etmək insanın sağlamlığına yönəlik bir addımdır. Qidanın azaldılması dolayısıyla beynimizn daha yaxşı çalışmasına, dünya zövqlərinə eytiyacın azalmasına gətirib çıxarır. Orqanizmini yüngülləşdirən insan özünün daha çox mənəvi tərəflərini, yaradılışını, Yaradanını, onun istəklərini düşünməyə başlayar. Kamillik yolunda məsafə qət edər ki, bu da Yaradanın bizdən istədiyi ən vacib əməllərdəndir. Daha bir vacib amil ondan ibarətdir ki, aclıq əziyyətin çəkən insan bu yolla ətrafındakıların halını daha yaxşı anlamağa başlayar. Peyğəmbərimiz (Səllələhu Aleyhi Vəsəlləm) belə buyurmuşdur: "Oruc tut, sağlamlıq tap". Bəs Ramazanda orucu necə tutmalı?
Doktor Fizuli Hüseynov qeyd edib ki, oruc insan üçün həqiqətən bir nemətdir. Və ya oruc sağlamlıqdır: "Zaman-zaman orucun faydaları haqqında yazsaqda, indi isə oruc zamanı insanın necə cavan və sağlam qalmağı haqda danışacam. Oruclu vaxtı məlumdur ki, bədən hüceyrələrimiz tam qidalana bilmir və qida axtarışına başlayırlar. Əvvəlcə hüceyrə ətrafı maye təmizlənir, sonra magistral və kapilyar damarların içinə yığılmış artıq yağlar, lipidlər, xolesterin və s. yavaş-yavaş əriyib, parçalanır və hüceyrələrə yem olurlar. Bundan başqa zaman-zaman davam edən günlərlə oruc zamanı zəif, qoca və xəstə hüceyrələr dözə bilməyib məhv olurlar və bu hüceyrələr də sağlam hüceyrələr tərəfindən qida kimi mənimsənilir. Bunu da unutmayaq ki, zəif, xəstə hüceyrələr özləri bölünərək xəstə hüceyrələrin sayını artırdığından bədənimizdən müstəqillik tələb edən şiş (yəni, xərçəng) hüceyrələrinin əsasını qoyurlar. Deməli, oruc tutmaqla biz həm də xərçəng olmaqdan qorunuruq. Xəstə hüceyrələr insanın tez yaşlanmasına səbəb olduğundan orucla daha cavan qalmağımız mümkündür, çünki xəstə hüceyrələrin yerini kök hüceyrələrdən əmələ gəlmiş yeni, cavan və sağlam hüceyrələr tuturlar".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova qeyd edib ki, Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsaq və iftar zamanı qəbul etdiyimiz qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur. Bunun orqanizm üçün böyük faydası var. Gün ərzində tez-tez çay və qəhvə kimi içkilərə üstünlük verənlər oruc tutarkən bəzən kofein çatışmazlığından özlərini narahat hiss edirlər. Bu vəziyyət başlanğıcda baş ağrısı və yorğunluğa səbəb olsa da, bir müddət sonra orqanizm buna alışır". Onun bildirdiyinə görə, Ramazan ayında mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər: "Oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur. Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur". Ekspert onu da qeyd edib ki, sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir, çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş etmək orucun əsas şərtlərindən biridir. Bu həm aclıq hissini azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək edəcək: "İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd, ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər istifadə etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu isə uzun zaman ac qalmağa kömək edir. İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu tövsiyə olunmur".
Ekspert qeyd edib ki, iftar zamanı mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir: "Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkər yüksəlməsinə səbəb ola bilər. Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür".
Alim