Özbək tarixçisi universitetin tələbələri qarşısında Azərbaycan həqiqətləri ilə bağlı mühazirə oxuyub
21 Mart 2022 14:52 SosialÖzbək tarixçisi Şuxrat Barlas Özbəkistan Jurnalistika Universitetinin tələbələri qarşısında Azəərbaycan həqiqətləri ilə bağlı mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, Şuxrat Barlas təxminən 30 il əvvəl Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsində torpaqların azad olunması, 20 yanvar və Xocalı faciələri haqqında məlumat verib.
Ermənistanın təcavüzkar siyasətindən danışan Ş.Barlas təxminən 30 il əvvəl birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 20 min azərbaycanlının şəhid olduğunu, 50 min adamın yaralandığını və əlil edildiyini, 4750 nəfərin itkin və əsir düşdüyünü diqqətə çatdırıb.
O bildirib ki, ermənilər 877 şəhər, qəsəbə və kəndi dağıdıb və yandırıb. İşğal olunan Azərbaycan ərazilərində məscidlər, tarix-memarlıq abidələri məhv edilib.
Alim vurğulayıb ki, Azərbaycanın işğal olunan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 30 ilə yaxın bir müddətdə icra olunmayıb.
Ş.Barlas deyib:"Ermənistanın təxribatlarından cana doyan Azərbaycan öz torpaqlarının müdafiəsinə qalxıb və 2020-ci il sentyabrın 27-də əks- hücuma başlayıb. Azərbaycan ancaq hərbi obyektləri vurduğu halda Ermənistan Azərbaycanın şəhərlərini və mülki obyektləri dağıdıcı raketlərlə atəşə tutub. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Siyəzən və digər şəhər və kəndlərimizə 227 raket, 30 min mərmi atılıb. Bu hücumlar nəticəsində 100 mülki şəxs ölüb, 450 adam yaralanıb, bunun da 11-i uşaqdır. Ərazilərimizdə 12 min mülki ev, infrastruktur obyektləri və vətəndaşların mənzilləri dağıdılıb. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı konvensiyaya ziddir".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib. İndi azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinə start verilib.

20 yanvar faciəsindən danışan alim deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilib, dinc əhali güllələnib. 20 Yanvar xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədilə yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılıb. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət idi.
Xocalı faciəsi haqqında məlumat verən Ş.Barlas bildirib ki, 30 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alıb. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutdular. Ş.Barlas Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralılar və itkin düşənlər haqqında məlumat verib.
Alim deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın "Xocalıda nə baş verib" sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla belə cavab verib: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib".
Ş. Barlas qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda dünyanın 17 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb.
Ş.Barlas mühazirənin sonunda bildirib ki, Özbəkistan Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edib.
Sonra alim tələbələrin müxtəlif suallarına cavab verib
Qulu Kəngərli