Ramiz Mehdiyev AMEA-dan mütləq getməlidir

"Ramiz Mehdiyev getməlidirmi? Getməlidir. Onun AMEA-nın prezidenti vəzifəsinin öhdəsindən gələ bilməməsi göz qabağındadır. Ölkə ictimaiyyətinin əksəriyyəti tamamilə haqlı olaraq belə düşünür. Onun 2019-cu ildə bu elmi quruma rəhbər seçilməsindən sonra akademiyada elmi mühitin yerini yalnız intriqalar, qalmaqallar, həqiqi elm adamlarının buranı tərk etməsi kimi bir çox neqativ hallar tutub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri hesab edir ki, ona görə də istər elm adamları, istərsə də bütövlükdə cəmiyyət R.Mehdiyevin bu cür qeyri-elmi "macəra"larından yorulub:

"Deməli, Ramiz Mehdiyev AMEA-dan mütləq getməlidir. Bu qeydsiz-şərtsizdir. Ancaq Ramiz Mehdiyevə görə əsəbləri tarıma çəkilənlərin hətta AMEA-nın özünün də ləğv edilməsi tələbi ilə çıxış etmələrini isə heç də rasional yanaşma hesab etmirəm. Ümumiyyətlə, "AMEA bizə lazımdırmı?", "Bu qurum niyə ləğv olunmur?" kimi fikirləri gündəmə gətirməyi indiki mərhələdə zərərli mövqe kimi qiymətləndirirəm".

MHP sədrinin sözlərinə görə, vaxtilə nəhəng elm adamlarımız tərəfindən təməli qoyulmuş bu böyük elmi müəssisə son illərdə məhz Ramiz Mehdiyevin ucbatından iflic duruma düşübsə, indi bu bizə heç bir əsas vermir ki, AMEA-nı ləğv edək və onun tərkibindəki elmi-tədqiqat institutlarını da universitetlərin balansına verək:

"Çünki nə həmin tədqiqat instutları, nədəki universitetlərimiz birdən-birə bu cür transformasiyaya hazır deyil. Bununçün zamana ehtiyac var, tədrici islahatlara ehtiyac var. Öncə zəmin hazırlanmalıdır. Hazırkı məqamda isə əsas məsələ elmimizin başı üzərindən "Damokl qılıncı" kimi asılmış Ramiz Mehdiyevin AMEA-nın rəhbəri postundan dərhal uzaqlaşdırılmasıdır. Ramiz Mehdiyevin gedişi ilə elmimizin yolu açılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31