Azərbaycanda da "Omicron" aşkarlandı
10 Yanvar 2022 14:42 SosialÖlkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd edilib ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır:"Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır".
Eyni zamanda bildirilib ki, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır: "Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".