Həddini aşma... Züleyxa Nadir yazır
6 Yanvar 2022 15:03 SosialZüleyxa Nadir
Televiziyanın maqazin proqramları, qəzetlərin, saytların şou biznes mövzusu, müğənnilər haqqında yazıları məni heç vaxt cəlb etməyib. Çox az hallarda bu cür xəbərlər diqqətimi çəkib. Amma bu o demək deyil ki, musiqi zövqüm yoxdu, mahnı dinləmirəm, qulaq asmıram. Yox, əlbəttə. Sevə-sevə qulaq asdığım, yeri gələndə zümzümə etdiyim mahnılar var ki, ruhumu oxşayır, kədərimə sığal çəkir. Səsinə heyran olduğum və şəxsiyyətinə hörmət etdiyim müğənnilər var. Şəxsən tanıdıqlarım da var ki, onlarla müxtəlif mövzuda söhbət etmək, dərdləşmək çox xoşdu. Amma bunların fonunda, dediyim kimi, şou dedi-qodusuna, müğənnilərin yalançı qalmaqallarına vaxt ayırmağa heç vaxt həvəsim olmayıb.
Dünən isə istisna olaraq çox sevdiyim rəfiqəmin məsləhəti ilə bir videoya baxdım. Həmin görüntüdə müğənni Sevinc Musayeva həmkarı Miryusifin ona qarşı sərgilədiyi xoşagəlməz hərəkətdən, müğənninin tərbiyəsizliyindən, kobud davranışından söz açaraq qarşı tərəfi ittiham edir. Aydın hiss olunur ki, xanım müğənni sakit bir tonda əsəbilərini cilovlamağa çalışır. Bəs, Sevinc Musayevanın əsəbilərini yerindən tərpədən məsələ nədi? Dediyinə görə bir neçə gün əvvəl hər ikisi Vətən Qazilərindən birinin toyunda oxumaq üçün dəvət olunublar. Toyun gedişatında öncə səhnəyə çıxan Sevinc Musayevanın oxuduğu mahnı bitməmiş mikrafonunu Miryusifin tələbi ilə söndürərək, səsini kəsiblər. Səbəb də bu olub: Miryusif tələsirmiş, daha doğrusu, dəhlizdə oturub Sevinc Musayevanı gözləyə bilməzmiş, üşüyürmüş. Xalq artisti olduğu üçün hamının diqqəti onda olmalı, yuxarı başa çəkilməli, heç bir fəxri adı-sanı olmayan müğənniyə bu qədər vaxt verilməli deyilmiş və s. və i.a. bu kimi iddialar, hikkələr...
Yazıya başlamamışdan əvvəl Miryusif haqqında internetdə axtarış etdim. Çünki bu müğənninin adını eşitsəm də özünü tanımıram. Düşündüm ki, görüm bu adam nə oxuyur, nə çalır? Qarşıma çıxan mənzərə bu oldu: müğənni, aktyor, bəstəkar, rəssam olmaqla yanaşı reggi, şanson, caz, R&B və flamenqo janrında oxuyan xalq artisti. Niyə dinləmədiyim, tanımadığım aydın oldu: mənim zövqümdə olmayan musiqi növləri... Amma məni çox təəccübləndirən o oldu ki, adamın bəstəkar, aktyor, rəssam olmasından da xəbərim yoxmuş. Niyə, əcəba? Mənmi geridəqalmış, cahil biriyəm, yoxsa Miryusifmi çox irəli gedib? Çox güman ki, o, "irəli gedib". Əks halda həmkarına qarşı o cür kobud davranmaz, özünü hər kəsdən üstün tutmazdı. Sevinc Musayeva hər şeydən əvvəl xanımdı, Azərbaycan qadınıdı. Əcnəbi deyil, çin-çuat deyil, sadə Azərbaycan qadındı, toya dəvət olunmuş müğənnidi. Özbaşına gəlməyib ki?! Gəlib ki, Vətən Qazisinə olan mənəvi borcunu qismən də olsa ödəsin.
Bu qədər "vəzifəsi" olan, xalq artisti titulu ilə "yüklənən" Miryusif bunları nəzərə almırsa, deməli, bu yük ona ağırlıq edir, daşıya bilmir. İnsan daşıya bildiyi qədər yük götürməlidi. Miryusifin adındakı peyğəmbərlik dərəcəsi onu hər zaman səbrli, dözümlü olmağa sövq etdiyi halda, nədən həmin şərəfin uca məqamından yan keçir? Heç olmasa Yusif adının sanbalına uyğun öz davranışına çəki-düzən verməli, çevrəsindəkilərə qarşı münasibətdə ali duyğular sərgiləməlidi. Amma görünən o ki, Miryusif təkcə öz adındakı peyğəmbər ucalığına laqeyd deyil, həm də xalq artisti adının çəkisini daşıya bilmir.
Miryusif tək deyil, bu adın şərəfini daşıya bilməyən, ağırlığı altında əzilən başqa müğənnilər də var. Eləsi var ki, özünü əvəzolunmaz sayır, as hesab edir. Xalq artisti olduğu üçün ona meydan verlməli, bütün bağlı qapılar üzünə sözsüz açılmalı, hər kəsdən üstün tutulmalıdı. Xub! Lap yaxşı! Edərik, istəklərini də yerinə yetirərik. Amma sən də gəl xalq artisti olaraq xalqın aliminin, ziyalı təbəqəsinin övladının toyunda pulsuz oxu. Oxuyarsanmı? Oxumazsan. Halbuki məhz həmin təbəqə sənin varlığının, yaşam tərzinin bu gününü, sabahını elm işığı ilə aydınlatmağa çalışır. Heç bir zaman pul alma, gəl xalqın sadə, kasıb təbəqəsinun toyunda təmənnasız oxu. Oxuyarsanmı? Oxumazsan. Halbuki bu xalqın hesabına villalar, avtomobillər əldə etmisən, sərvət qazanmısan. Hamısı özünün olsun, amma xalqı aşağılamaq, yekəxanalıq sərgiləmək, ziyalını ucuz tutmaq sənin həddin deyil. Həddini aşma...
Televiziyalar durmadan özünü hamıdan üstün tutan bir çox xalq artistini reklam edir. Məhz həmin ekrandan xalqın ünvanına xoşagəlməz söz işlədənləri də xalq tanıyır. Amma xalq özünü xalq artistindən üstün tutmur, ona hörmətlə yanaşır, diqqətini və qayğısını əsirgmir. Onlar isə az qala özlərini bu xalqın başçısı yerində görürlər. Bəlkə də bu səbəbədən özlərini siyasətçi kimi aparır, ictimai-siyasi hadisələrə münasibət bildirməyə çlışırlar. Əsasən də sosial yönümlü verilişlərdə ekspert rolunda çıxış edir, təkcə iştirakçılara deyil, tamaşaçılara da dərs verir, yüksək mənəviyyatdan bəhs edirlər. Halbuki müğənninin vəzifəsi tamaşaçını, dinləyicini əyləndirməkdi. Əgər insanlara musiqi zövqü bəxş edə bilmirlərsə, xalqı əyləndirməyə çətinlik çəkirlərsə xalq artisti adından şəxsi mənafeləri üçün istifadə etməməlidirlər. İstər xalq artisti olsun, istərsə də əməkdar artist, ya da heç bir titul daşımayan müğənni olsun - fərq etmir - heç kim onlara ixtiyar verməyib ki, Sevinc Musayevanın, ya da bir başqasının sözünü ağzında qoysun, səsini kəssin. Hər kəs yerini bilməlidir.
Kimsə həddini aşmamalıdır...