Hekayə yazdıqlarını düşünən əhvalatçı yazarlar – Oğuz Ayvaz yazır

Ədəbiyyatın ən çətin janrlarından biri heç şübhəsiz hekayədir. Dərin psixologizm, lakoniklik, müəyyən atmosfer, ab-hava yaratmalı, eyni zamanda da başqa müəllifdən təsirlənməməli, təkrar etməməlisən. Bundan başqa hekayə yazan yazıçı əvvəl yazılan mətnlərdən fərqli, yenilik gətirməyi bacarmalıdır. İstedad, zəhmət və mütaliə mükəmməl hekayə yazmaq üçün körpü rolunu oynayır.

Yaxşı hekayə yazıçının gücünü, nəyə qadir olduğunu göstərən amildir. Yazıçı var, romanlar yazır, povestlər yazır, ancaq hekayədə axsayır. Hekayədə yazmaq istədiyi mətn əhvalata çevrilir. Xüsusən bu cür mətnləri gənc yazarların hekayələrində görürəm. Hekayələşə bilməyən çoxlu əhvalat yazılar yaranır və hekayə janrı qarşılığını tapa bilmir.

Əgər yazdığın janrın nə olduğunu bilmirsənsə, oyuna uduzmuş başlayırsan deməkdir. Düşünün, futbolçudur, amma futbolun nə olduğunu bilmir. Təbii ki, o, oyunda biabır olacaq. Hekayə əhvalat deyil. Bəli, içində əhvalatı var. Ancaq yazılan hekayələrin əksəriyyəti sadəcə əhvalatdan ibarətdir. Hekayədən daha çox ovqat yazılarına, xatirəyə bənzəyir. Bir az da oçerkə yaxud novellaya. Yəni hekayədən başqa hər şeyə oxşayır. Ən böyük problem məhz budur: yazdığın janra bələd olmamaq.

Çexovun hekayələrini xatırlayın. Onun hekayələrinin süjetləri çox sadədir. Personajları həyatda məğlub olmuş, mübarizələrini sona yetirmiş adamlardır. Yazıçı adətən belə insanları təsvir edərkən onların mənəvi fəlakətlərini göz önünə gətirir, ancaq oxucu bu fəlakətləri oxuduqca elə hesab edir ki, bu, adi bir hadisədir.

Çexovun güclü qələm sahibi olmasının bir səbəbi də budur. O, adi oxuculara qeyri-adi gələn hadisələrə çox normal yanaşır, fəlakətləri təsvir edərkən bayağı ifadələrdən qaçır. Bu da Çexovun nəsrini yüksək zirvəyə qaldırır.

Mario Varqas Lyosa "Gənc yazıçıya məktublar"ında belə yazırdı:

"Ədəbiyyat - vaxt keçirmək vasitəsi, idman və ya rahatlıq gətirən əyləncəli oyun deyil. Ədəbiyyatla daimi məşğul olmaq gərəkdir. O, təkcə insanın oturub yazdığı saatlara yox, bütövlükdə həyatın özünə nüfuz edir. Ədəbiyyat bütün digər işləri öz təsir dairəsinə salır, insan bədənindəki iri soliter kimi, yazıçının həyatını "yeyir".

Hekayə yazmaq, onu yazmaqdan əlavə yaratmaq tələb edir. Hekayə bir nəfəsə yazıla bilər, amma həmin gün çap oluna bilməz. Üzərinə müəyyən vaxtdan sonra qayıtmalı və yenidən oxumalısan.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31