“Elə şəhid ailəsi, əlil var ki, qapısı illərnən döyülmür” - Deputat
27 Dekabr 2021 11:52 SosialDeputat Razı Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında şəhid ailələrinə edilən köməkliklərdən danışıb. Olaylar xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycanda Birinci Qarabağ müharibəsinin 20 minə yaxın, İkincinin isə 3 minə yaxın şəhidi var:
"Dövlət tərəfindən onların ailələrinə, habelə müharibə əlillərinə dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir".
Razı Nurullayev bir şahid ailəsinə, bir əlilə beş-on dəfə kömək edildiyini desə də, elə şəhid ailəsi, əlil var ki, heç qapısınin döyülmədiyini vurğulayıb:"Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət Reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun. Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə şəhid ailəsi və müharibə əlili və ya yararlısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər".