İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi

Ötən gün təhsil naziri Emin Əmrullayev ali təhsilin əhatəliliyinin artırılması üçün işğaldan azad olunan ərazilərdə universitetlərin açılmasının uğurlu addım olacağını qeyd edib.

Nazir bununla həm də gənc nəslin həmin ərazilərə qayıdış prosesinin sürətlənəcəyini də sözlərinə əlavə edib.

Sözügedən təkliflə bağlı  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımından işğaldan azad olunan ərazilərdə universitetlərin yaradılmasının mühüm addım olacağını bildirib:

"İşğaldan azad olunan ərazilərdə universitetlərin tikilməsi ilə bağlı bir sıra təkliflər var. Hətta Qarabağ Universiteti şəklində bir ideya da mövcuddur. Bu baxımdan düşmən tapdağından azad olunan ərazilərimizə nəzər yetirdikdə, biz Ağdam bölgəsində regionun ən böyük şəhərinin salınmasının şahidi olacağıq. İşğaldan azad olunan ərazilərdə milyonlarla insanın köçürülmə ehtimalı nəzərə alsaq, həmin bölgələrdə

universitetlərin yaranması, elmin, tədrisin inkişaf etdirilməsi və ictimai mühitin formalaşması üçün mühümdür. Bu planların həyata keçirilməsi gənclərin müxtəlif layihələrdə iştirakı, həm də elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımdan uğurlu addım olacaq. Təbii ki, bunun üçün zaman lazımdır, qarşıda başqa hansısa problem yoxdur".

Deputat Bakıda fəaliyyət göstərən universitetlərin filiallarının işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcəyini qeyd edib:

"İşğaldan azad olunan ərazilərdə yeni universitetlərin yaradılması strateji problemlərin həlli istiqamətində olan addımlardır. Lakin Bakıdakı universitetlərin filiallarının bu ərazilərdə açılması daha rahat başa gələn texiki prosesdir. Zamanla icra strukturları və Təhsil Nazirliyinin planlaşdırması nəticəsində bu məsələ də həyata keçə bilər. Əhalinin məskunlaşdırılması yekunlaşdıqdan sonra bu kimi məsələlər öz həllini tapacaq".  

(sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31