Mediada peşəkar məsuliyyət mühiti, reketlərin  " sistem xofu", şantaj üsulunun sonu ...- Aydın Quliyev yazır...

Direktiv və normativ sənədlərlə az- çox işləmək  təcrübəsi olanlar yaxşı bilir ki, bu səpkidə istənilən sənədin sonsuzluğa qədər təkmilləşmək şansı var və heç bir sənəd heç zaman dəyişməyəcək qədər mükəmməl hesab edilə bilməz.Çünki sözü gedən sənədlər poeziya və publisistikadan tam fərqli  olaraq praktika ilə ayrılmaz şəkildə bağlıdır və əsasən hansısa sahədə  praktik dəyişikliyə nail olmağı hədəf seçir.
    Hazırda geniş ictimai və peşəkar müzakirəsi gedən  Yeni Media qanunu layihəsinə də məhz bu aspektdən baxılmalıdır.Yeni qanun layihəsinin köhnə ilə müqayisədə fərqli və özəl xüsusiyyətlərindən çox danışılıb.Bunu ictimaiyyət də yaxşı bilir.Sübuta ehtiyac yoxdu ki, əksəriyyət yeni qanunun qüsursuz  icra ediləcəyi halda praktikanı köklü şəkildə dəyişmək gücündə olduğunu anlayır.
    Bəlkə də elə buna görədir ki, köhnə qanunun yaratdığı boşluqlardan sui- istifadə imkanlarının əldən çıxacağını hiss edən dairələrin narahatlığı özünü qabarıq təzahür etdirməkdədir.Qanun layihəsini tənqid və ya təftiş etmək , təqdir etmək normal münasibətdir və hər kəs bu mənada qanuni imkanlarından istifadə edir.
   Lakin məsələ burasındadır ki, qanun layihəsinə anarxist və sistemli yanaşmanın məzmununda əsaslı fərqlər olduğu kimi əldə olunan nəticə və qənaətlərdə də ciddi fərqlər var.Anarxist təfəkkürlə yanaşanlar nəinki media sahəsinə, hətta bütün digər ictimai- dövlət sferalarına da sistemli, məntiqli və məsuliyyətli baxış üslubuna malik deyillər.Belələri media azadlığı və media məsuliyyətliliyi kimi tənzimləyici  praktik məzmunu olan kateqoriyaları adi sözlər hesab edir , belə dar bucaqdan baxmağın nəticəsində media sferasında təhlükəli xaosun tərəfdarına çevrilir və ya tərəfdarı olduğunu nümayiş etdirir.Xüsusilə media sferasinda sistemliliyin , nizam - intizamın ,  qeydiyyat və uçotun zəruriliyini necə dərk etməmək olar?!
   Neçə həftədir ki, özünü qabarıq göstərən təzahürlərdən biri yeni media qanunu layihəsinin  tənqidçiləri arasında " reket  mediaçılıq" üslubunun tərəfdarları üstünlük təşkil etməsidir.Mənim özümün də ictimai müzakirələrdə Media qanunu barədə tənqidi çıxışlar etdiyim məqamlar var və olub.Tənqidlərimin qəbul ediləni də olub, müəyyən izahatlarla qarşılananı da olub.Bütün hallarda tənqid və təftişlərimdə sağlam  motivin şübhəli görünməsinə və ya inkarçılığa çevrilməsinə heç cür imkan verməmişəm.Çoxlu sayda həmkarlarımız  və ekspertlər də özlərini bu mövqedən göstərirlər.Maraqlıdır ki, " reket mediaçılıq" üsuluna yaxınlığı ilə seçilənlər bu sahədə sistemin formalaşmasına imkan vermək istəmir , bundan narahat olurlar.Özlərinin yanlış və ziyanlı mövqelərini guya azad media prinsiplərinə ən uyğun ideya kimi təlqin edirlər, əslində isə media sektorunda qanuni və mütərəqqi yaradıcı sistemliliyin inkarı mövqeyinə yuvarlanırlar.Diqqətlə təhlil etdikdə bu cür dairələrin mediada sistem yaratmağa hesablanmış maddələri daha çox hədəfə aldıqlarını görürük.Əlbəttə, burada sistem deyəndə hamının sağdan, soldan, arxa və qabaqdan məhdudlaşdırılmış bir çərçivəyə salınmasından söhbət getmir.Ondan gedir ki , media sektorunda mürtəce və dağıdıcı təzahürlərdən mümkün qədər yan keçmək üçün hər şeyin qanun maddəsi ilə  tənzimlənməsinə nail ola bilək.Məsələn, yeni qanunda Media reestri, vahid kartlar kimi yeniliklər nəzərdə tutulur.Heç bir media qurumu və jurnalistin məcburi qaydada həmin reestrə salınmayacağını yüz dəfələrlə demişik.Onu da deyiblər ki, heç kimin cibinə dövlətin tanıdığı jurnalist vəsiqəsini zorla gətirib dürtməyəcəklər.Hər şeyin könüllü qaydada baş verəcəyini daha nə qədər izah etmək lazımdır?! Üstəlik  jurnalistin bir cibində dövlətin, o biri cibində isə  öz media orqanı rəhbərinin təsdiqlədiyi vəsiqəni gəzdirmək hüququ da rəsmən tanınır.Həm də bunlar onun üçün edilmir ki, bəzilərinin hay- küy qopardığı kimi , media və jurnalistlər nəzarətə götürülsün.Qətiyyən.Məgər " Spravoçniklərə" öz media qurumumuzun ünvanı, əlaqə kordinatları , bioqrafiyası və sair barədə anket göstəriciləri daxil etmirik? Məgər bunları məsələn, Vikipediya kimi sosial şəbəkələrdə yerləşdirmirik? Bunun bizim üçün xeyirdən başqa ziyanı var ki?! Media reestrinə də məhz bu sorğu- anket məlumatları daxil ediləcəksə bundan xortdan obrazı yaratmağın kimlərin marağında olduğu aydındır.Kimlərsə , əsasən də reket mediaçılar sektorda sistemin, qayda - qanun mühitinin yaradılmasına mane olmaq üçün belə şeylərdən istifadə edirlər.Həm də təkcə sistem  ənənələrinin yarsnmasına mane olmurlar.Eyni vaxtda dövlətin bütün media  orqanlarına və jurnalistlərə etibarlı hüquqi və sosial müdafiə mexanizmləri yaratmasına da mane olurlar.Dövlət medianı dəstəkləmək üçün bilməli deyilmi ki, neçə ədəd media ondan dəstək gözləyir? Və ya reket - meket yox, legitim jurnalistlərin dəqiq sayını bilmədən dövlət onların mənzil- məişət məsələləri ilə bağlı layihələri necə planlaşdıra bilər?!
Reket mediaçılıq üslubuna neylli və ya buna adət etmiş dairələr yeni qanunun ab- havasında köhnə "üslubçuluğun " işləməyəcəyini bilirlər.Yaxşı bilirlər ki, adı Media reestrində olmayan qurumların ən azı ictimaiyyət tərəfindən etimadla qarşılanması mümkünsüz olacaq.Adları dövlətin tanıdığı Reestrdə olanların isə " torbanı çiyninə keçirib qapılara  düşmək" şansları olmayacaq.Yeni media mühitinin məsuliyyət və peşəkarlıq kimi meyarların üstündə mütləq dayanacağı şəksizdir.Bu halda isə reketlərin yaxşı bildiyi köhnə üslublar işə yaramayacaq.
   Reket mediaçılığa yaxın dairələrin media sektorunda sistemli fəaliyyət mühitinin yaradılmasına qarşı mübarizəsi ümumi maraqlardan uzaq olmaqla sırf şəxsi və əsasən  marginallardan ibarət qrupun  mənafelərinə hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31