Yeniyetmə intiharlarının qarşısının alınması üçün nələrə diqqət edilməlidir?
16 Dekabr 2021 12:32 SosialYeniyetmə intiharlarının qarşısının alınması üçün ciddiyə alınmalı bir sıra məqamlar vardır.
Olaylar.az-a açıqlama verən psixoloq Mələk Kərimova bu mövzuda bir neçə faktorun vacibliyini qeyd edir.
"Məsələn, uşaq heç getmədiyi qohumlarının evinə gedir və bir də heç vaxt görüşməyəcəkmiş kimi davranırsa, çox dəyərli əşyalarını dostlarına paylayır, profilini, şəkillərini sosial mediadan silməyə çalışır və ya intiharla bağlı ətrafına vida mesajları ötürürsə, bu məsələlərə çox diqqətlə yanaşılması vacibdir.
Digər bir məsələlərdən biri riskli davranışların müşahidə olunmasıdır. Yəni, əvvəl etmədiyi hərəkətləri etməsi - özünə zərər verməsi, içki və ya maddə istifadə etməsi, maşın qaçırması, sürətli idarə etməsi, bıçaqla oynaması və s. kimi əvvəl etmədiyi hərəkətlər varsa, burda da diqqətli olmaq vacibdir.
Əgər emosional vəziyyətində duyğu durumu dediyimiz hissələrdə oynamalar varsa, məsələn, birdən özünü sanki, çox xoşbəxt hiss edir, xoşbəxt davranır və birdən də çox dərin qəmgin, üzgün olursa, yəni, emosional vəziyyətində çox kəskin dönüşlər varsa, diqqətli olmağımızda fayda olacaq.
Ümidsizlik düşüncəsi - uşaq özündən nifrət edirsə, "mən olmasam da bu dünyanın işləri dönəcək", "ham məndən yaxşıdır", "özümdən nifrət edirəm" kimi cümlələr istifadə edirsə, son dönəmlər çox aqressivdirsə, ətrafındakılara zərər verir, məktəbdə, ya da universitetdə qiymətlərində birdən-birə dəyişiklik varsa, sanki, diqqəti çox dağılır, sizinlə danışdığı zaman fikri başqa yerdədir, yuxusunda və qidalanmasında dəyişikliklər varsa, burada bizim bir ailə olaraq mütləq şəkildə diqqətli olmamızda fayda var.
Ümumiləşdirdiyimiz zaman, yeniyetmələrin, gənclərin emosional vəziyyətlərində ani eniş-çıxışların olması, yoldaşlarından uzaqlaşması, otağına qapanması, ümidsizlik hisləri, özünü sevməməsi, çox çarəsiz hiss etməsi, şiddətə məruz qalması (bu ailə içi və ya yoldaşları tərəfindən olan şiddət ola bilər) və s. bu kimi bütün əlamətlərin hamısı varsa, ailə bu mövzunu çox ciddiyə almalıdır. Dediyim kimi, çox vaxt intihar davranışında, niyyətin olması da psixiatrik pozuntulardan və ya depressiya ilə əlaqəli ola bilir. Ona görə də, burada da əgər bu tip cümlələr, sosial media paylaşımları varsa, mütləq mütəxəssisdən kömək alınmalıdır.
İntihar Assosasiyası intiharla bağlı davranışları, ya da siqnalları 3 sahədə qruplaşdırır. Bunlardan biri danışıqlardır. Məsələn, başqalarına yük olduğunu sıx-sıx dilə gətirmə, özünü bir qırağa sıxılmış hiss etmə, ümidsiz, çarəsiz hiss etmə, çox acı şeylər yaşadığını, həyatda yaşama gücünün olmadığını və ya yaşamağın bir mənasının olmadığını ifadə etmə kimi danışıqların bir siqnal ola biləcəyini qeyd edirlər. İkinci hissə davranışlar olaraq qruplaşdırılır ki, buna da bir az öncə sadaladığım maddə, içki istifadəsi, başqalarına zərər vermə, əvvəl sevdiyi işləri indi etməmək, yoldaşlarından uzaqlaşmaq yeməyində və yuxu rejimindəki dəyişikliklər və s. kimi davranışlar daxildir. Üçüncü olaraq da, ümumiləşdirsək, depressiya, aqressivlik, ani implusiv davranışlar, heç nədən həzz ala bilməmək və. s kimi faktorlar diqqətli olmağımız üçün siqnallardır. Əgər yeniyetmələrdə bu sadaladığım hissələrin bir çoxu varsa, ailə bilməlidir ki, uşaq yardım istəyir. Çünki, adətən intihar niyyəti olan və ya intihar davranışını reallaşdırmaq istəyən insanın eyni zamanda həyatda qalmaq istəyi olur. Yəni, həmişə bir çıxış yolu axtarır. Ona görə də, bəzən ailənin diqqətli olması, bir dostun sevgi ilə yanaşması, müalicənin aparılması da burada bir insanı həyata bağlamaq üçün böyük bir fürsət ola bilər. Çox ehtiyatlı yanaşılmalı, cəmiyyət olaraq çalışmalıyıq ki, bu həyəcan siqnallarına qarşı diqqətli olaq".
Röyalə Xəyal