Məmur özbaşınalığı, yoxsa vəzifədən sui-istifadə?
16 Dekabr 2021 11:52 SosialÖlkədə mülkiyyət hüququnun pozulması halları hələ də müşahidə olunmaqdadır. Bu məsələyə vəzifəli şəxslər və oliqarx məmurların müdaxiləsi isə pozulmuş hüquqların bərpasını qeyri-mümkün edir. Nəticədə dövlət tərəfindən dəstək verilən sahibkarlar, eləcə də adi vətəndaşlar ömürlərini məhkəmələr qapısında çürütməli olurlar. Elə redaksiyamıza müraciət edən Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 52 A, mənzil 30-da yaşayan Müstəqil "Peyk" firmasının müdiri Xəlilov Fərəc Xəlil oğlunun da rastlaşdığı problem məmur özbaşınalığı ilə bağlıdır. F.Xəlilov müraciətində göstərir ki, 30 ilə yaxın müddət ərzində Nizami rayonu Azkeşlə elektrik dayanacağı stansiyasında Müstəqil "Peyk" firmasına məxsus çörək, kurtka təmiri, meyvə-tərəvəz köşkləri, yuma sexi və kafe olmaqla 5 obyekt fəaliyyət göstərib. Sözügedən obyektlər 30 il müddətində Azərbaycan Dəmir Yolları QSC ilə bağlanmış icari müqaviləsi əsasında Bakı şəgər İcra Hakimiyyətinin qeydiyyat şəhadətnaməsini əldə etməklə fəaliyyətdə olub. Bundan başqa, qurumun ictimai iaşə idarəsinə məxsus kafeni də eyni müddətdə əmlak idarəsi ilə bağlanmış icarə müqaviləsi əsasında işlədib. Son vaxtlar Dəmir Yolu İdarəsi ilə icarə müqaviləsi bağlanmasına icazə vermədiyinə görə, idarənin birinci müavini Əlirza Süleymanovdan razılıq məktubu alaraq Əmlak Komitəsinə müraciət edib. Komitədən rəsmi cavab verilib ki, müvəqqəti obyektlərlə icarə müqaviləsi bağlaya bilməzlər. Belə halda, F.Xəlilov dövlətə torpaq vergisi ödəmək məqsədilə Keşlə bələdiyyəsinə müraciət edib. Bələdiyyə onunla icarə müqaviləsi bağlamaq məqsədilə müvafiq sərəncam verib. Buna baxmayaraq Dəmiryol İdarəsində yeni yaranan Əmlak şöbəsinin müdiri və stansiya rəisi Zülfüqar Əsgərov ondan xəbərsiz ictimai iaşə kafesində bufetçi işləyən Səhifə Təhməzovanı aldadaraq, gələcəkdə ona əlavə kompensasiya ödəyəcəyini vəd edərək onunla icarə müqaviləsi bağlamağa nail olub. Beləlilklə də Müstəqil "Peyk" firmasının obyektləri ilə icarə müqaviləsi bağlamamaq və gələcəkdə Keşlə dəmir yolu stansiyasında yenidənqurma və abadlıq işi aparacağından xəbəri olduğundan firmaya kompensasiya ödəməmək və firmaya məxsus obyektləri əldə etmək məqsədilə qabaqcadan şərait yaradılıb: "Mənə Sabunçu dəmir yolu polis idarəsinin sahə müvəkkil İlqar müəllim zəng etdi ki, sənin obyektlərini götürmək istəyirik. Ona dedim ki, Keşlə bələdiyyəsi ilə mənim icarə müqaviləm olduğuna görə, həmin obyektləri ona aid torpaq torpaq sahəsinə köçürərəm. Bundan xəbər tutan stansiya rəisi Z.Əsgərov dərhal kafedə işləyən Səhifə Təhməzovanı dilə tutaraq onun komissiya üzvlərinə yanlış məlumat verməsini istəyib. Guya, Məşədi Fərəc deyib ki, "götürürlər, cəhənnəmə götürsünlər". Komissiya üzvlərinin fikrini dəyişdirən stansiya və sahə rəisləri mənə məxsus obyektləri iştirakım olmadan mənimsəyiblər". Bu barədə məlumat əldə edən Fərəc Xəlilov baş verən qanunsuzluq barədə Dəmiryol İdarəsinin birinci müavini Əlirza Süleymanova şikayət məktubu yazıb. Paralel olaraq Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Dəmir yolu QSC-nin sədri Cavid Qurbanova şikayət ərizəsi göndərib. C.Qurbanovdan cavab gəlmədiyi üçün şikayət ərizəsinin Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Bundan xəbər tutan kimi rəhbərlik stansiya rəisi Z.Əsgərovun cinayət əməllərini ört-basdır etmək üçün onu işdən çıxarır, yerinə Arzu adlı bir nəfəri təyin edib. Yenu "naçalnik" sələfinin qanunsuz əməllərini davam etdirərək bufetçi Səhifədən "Peyk" firmasına kompensasiya ödəmək adı ilə sənədlərin ona verilməsini xahiş edir: "Mən "Peyk" firmasına məxsus bütün sənədləri ona Təhməzova Səhifə vasitəsilə verdim. Mənə yaxın müddətdə kompensasiya ödəyəcəklərinə söz verdilər. Lakin, keçmiş stansiya rəisi Z.Əsgərovla yeni rəis Arzu əlbir olaraq sənədlərin içərisindən Müstəqil "Peyk" firmasının 5 obyektinin lazımi sənədlərini götürərək qalanını Səhifəyə qaytarıblar. Həmin sənədlərdən istifadə edərək Müstəqil "Peyk" firmasının obyektlərinə məxsus ictimai iaşə kafesinin bufetçisi Təhməzova Səhifə ilə bağladıqları icarə müqaviləsi əsasında kompensasiya yazaraq mənumsəyiblər. Bu cinayətin də izini itirmək məqsədilə yeni stansiya rəisi Arzunu da başqa işə keçiriblər. Həmçinin Sabunçu Dəmir Yolu Polis İdarəsinin sahə müvəkkili İlqarı da cinayət işinə şərait yaratdığına görə, işdən çıxararaq Dəmir Yolu Baş Polis İdarəsinə yüksək vəzifəyə göndəriblər". Şikayətçi ərizəsində qeyd edib ki, Dəmir Yolu İdarəsinin rəhbər şəxslərinin törətdikləri qanunsuz əməllər barədə etdiyi müraciətlər cavasız qalıb. Onlar barədə heç bir tədbir görülməyib, üstəlik ona dəymiş maddi ziyanın ödənilməsi məsələsi təmin edilməyib. Odur ki, F.Xəlilov onun 5 obyektinin əvəzinin və firmaya borcdayanmalar nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir.
Nurlan