«Media haqqında» qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək

Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir.

Respublikamızda ölkə başçımızın rəhbərliyi ilə bütün sahələrdə islahatlar aparılır. Bu islahatların aparıldığı istiqamətlərdən biri də mətbuat sahəsidir. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

Siyasi ekspert Tural Məmmədov deyir ki, MEDİA Agentliyi ənənələri qorumaqda maraqlıdır, lakin mühafizəkar deyil, yeniliklərə açıqdır. Onun sözlərinə görə, sağlam rəqabət üçün, əlbəttə ki, bu yanaşma çox vacibdir: "Çünki qarşıya qoyulan tələblərdən biri də budur ki, Azərbaycanın müasir qəzet oxucusu və xəbər saytlarının izləyicisi keyfiyyətli kontentlə təmin olunmalı, ölkənin media subyektləri inkişaf etməlidir. MEDİA Agentliyinin konseptual yanaşması da məhz bundan ibarətdir. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Ən əsası da odur ki, media sahəsində islahatların zəruriliyi ilə bağlı dövlətin iradəsi ilə media ictimaiyyətinin istəyi üst-üstə düşür. Bu isə islahatların media sferasında da effektiv olacağına, eləcə də keyfiyyət dəyişikliyi yaradacağına inamı artırır.

"Media haqqında" qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir."

Tural Məmmədov bildirib ki, "Əkinçi" qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb: "Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi" qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatlar dövlət başçısı tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər".

Natiq onu da vurğulayıb ki, şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi: "Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31