"Mən hesab edirəm ki, bu qanun bütün sahələri əhatə edə biləcək və sıxıntılar aradan qalxacaqdır"- Mübariz Göyüşlü

"Mən hesab edirəm ki, "Media haqqında" qanun Azərbaycan Respublikasında bütün media strukturlarının, qurumlarının, istər televiziya, istər saytlar, çap mətbuatları, hər kəsi, jurnalistləri, Azərbaycan jurnalistikasının fəaliyyətini əhatə edən bir qanun layihəsi olacaqdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında Yeni Media Qrupunun rəhbəri Mübariz Göyüşlü deyib.

"Bu gedən müzakirələrdən və qanun layihəsinə diqqət edərkən məndə yaranan ilk təəssüratlardır və düşünürəm ki, buna çox ciddi ehtiyac var idi. Çünki, əvvəlki "KİV haqqında" qanun köhnəlmişdi və o, müasir dövrdə internetin gətirdiyi yeniliklər, xüsusilə, media, sosial şəbəkələrlə bağlı bir sıra məqamları tənzimləyə bilmirdi, bu da çox ciddi sıxıntılara səbəb olurdu. Mən hesab edirəm ki, bu qanun bütün sahələri əhatə edə biləcək və sıxıntılar aradan qalxacaqdır. 
Digər baxımdan, jurnalistikada bir nizam-intizam obrazıdır desək, bir az səliqə-səhmana salmaq baxımından faydalı olacağını zənn edirəm. Yəni, demək olar ki, ölkədə hər yerindən qalxan bir sayt açır, qazet yaradır, özünü jurnalist elan edir və bu sahəyə atılmağa çalışır. Mən hesab edirəm ki, bu qanun layihəsi qəbul olunacağı təqdirdə bir səliqə-sahman görə biləcəyik.
Eyni zamanda, bu qanun jurnalistlərin informasiya almaq, onu ictimailəşdirmək, kütləvi şəkildə yaymaq imkanlarını bir az da genişləndirəcəkdir. Çünki, aidiyyəti qurumların üzərinə bir öhdəlik kimi qoyulur ki, onlar fəaliyyətin ictimaiyyətə aid olan hissəsi ilə bağlı məlumat verilməlidirlər, jurnalistlərə dəstək olmalıdırlar ki, bu informasiyaları biz jurnalistlər yaya bilək.
Xüsusən, mən bir məqamı qeyd etmək istəyirəm ki, bu həssas dönəmlərdə, deyək ki, fövqəladə hallar yaranarkən, müharibə və digər hallarda Azərbaycan jurnalistlərinin üzərinə düşən, Azərbaycan mediasının fəaliyyətini tənzimləyən bəzi müddəalar öz əksini tapır və bu çox mühümdür. Biz 44 günlük Vətən müharibəsində, ondan daha öncə Tovuz, 2016-cı il aprel döyüşlərində bu sahədə müəyyən çətinliklərlə, medianın fəaliyyətində problemli məqamlarla qarşılaşmışdıq. 
Bütün bunların hamısının bu qanun layihəsində və digər yadımıza düşməyən, qeyd etmədiyimiz məqamlar da daxil olmaqla qanun layihəsində əksini tapmasını mən müsbət hesab edirəm. Təbii ki, mən düşünmürəm ki, bir qanun layihəsi ilə bütün jurnalistikanın, Azərbaycan mediasının problemləri həll olunacaq, hamısını əhatə etmək mümkün olacaqdır. Azərbaycan mediasının problemləri var, hələ də o problemlər bu və ya digər şəkildə özünü büruzə verir. Bu problemlərin həlli üçün gələcəkdə çox ciddi çalışmalar həyata keçirilməlidir. Aidiyyəti qurumlar, media qurumları, mütəxəssislər bu istiqamətdə çalışmalıdır. Ən ciddi problem təbii ki, reklam bazarının yox səviyyəsində mövcudluğudur. Yəni, reklam bazarı yox səviyyəsindədir. Bu işin tənzimlənməsi çox vacibdir. Çünki, reklam bazarı olmazsa, müstəqil media, müstəqil media olmazsa da, arzuladığımız, gözlədiyimiz normal vətəndaş cəmiyyəti quruculuğundan danışa bilmərik. 
Bütövlükdə bu qanun layihəsinin perspektivdə irəliyə doğru bir addım atılmasını düşünürəm. Bu məsələnin də daha faydalı nəticələr doğuracağına inanıram".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31