Həbsdə olan jurnalist və Ramiz Göyüşov məhkəmədə ifadə veriblər
13 Dekabr 2021 13:35 SosialNəsimi rayon məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az" MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov bildirib.
Vəkil deyib ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib: "Daha sonra Mahir Ələkbərov ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, Ramiz Göyüşova hədə-qorxu gəlməyib, bu yolla ondan pul tələb etməyib".
Vəkil bildirib ki, həmçinin prosesdə zərərçəkmiş Ramiz Göyüşov ifadə verib: "Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər yaranmışdı, bu ziddiyyətlərin məhkəmə istintaqının düzgün formada aparılmasına təsir edəcəyinə və obyektiv həqiqətin aşkar edilməsinə ümid edirəm".
Növbəti proses dekabrın 24-də davam edəcək.
Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.