“Media haqqında” yeni qanun ciddi medianın inkişafı və peşəkar jurnalistlərin formalaşmasına təkan verəcək

Hazırda dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi, milli informasiyanın istehsalı, söz və ifadə asadlığının təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdən hesab olunur.  Bu baxımdan Azərbaycan mətbuatı informasiya mədəniyyətinin formalaşması, informasiya istehsalı və dağıdılması, eləcə də ümumi tərəqqinin təmin edilməsi işində  önəmli rol oynayır. Məhz bu səbədən medianın inkişafı, bu sahədə islahatların aparılması mütəmadi xarakter daşıyır. Sirr deyil ki, Azərbaycan mediası dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub, medianın inkişafına hərtərəfli dəstək göstərilir. Buna baxmayaraq ümumi dövlət təhlükəsizliyinin önəmli tərkib hissəsi kimi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində  islahatlar labüddür. Elə yeni hazırlanan "Media haqqında" qanun da bu amala xidmət edir.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, əslində qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun müharibə şəraitində olan ölkənin tələbatına adekvat deyildi. İnformasiya təhlükəsizliyindən tutmuş təxribat xarakterli məlumatların qarşısının alınmasında müasir tələblərə cavab verməyən qanunun təbii ki, yenilənməsinə ehtiyac duyulurdu:  "Xatırladaq ki, 44 günlük Vətən savaşı Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanun layihəsinin hazırlanması barədə tapşırıq verdi. Birmənalı şəkildə qeyd etmək olar ki, sözügedən tapşırıq milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Bu baxımdan media islahatları və onun əsas tərkib hissəsi olan "Media haqqında" qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Heç şübhəsiz ki, "Media haqqında" qanun ölkə mətbuatının inkişafına təkan verəcək. Əvvala onu qeyd edək ki, 44 günlük Vətən müharibəsi göstərdi ki, informasiya savaşında milli informasiyanın istehsalı vacib şərtdir. Medianın məsuliyyəti, ictimaiyyəti çaşdıran informasiyaların yayımının qarşısının alınması, müasir sosial şəbəkələr erasında medianın çevikliyi əhəmiyyətli məsələdir. Bu baxımdan "Müdia haqqında" qanunun məhz məsuliyyətli medianın inkişafına təkan verəcəyi şübhə doğurmur".

Onun sözlərinə görə,  "Media haqqında" qanunun qəbulunu Azərbaycan mediasında yeni mərhələ kimi dəyərlənrirmək olar: "Nəzərə almaq lazımdır ki, sözügedən qanunda əksini tapmış müddəalar medianın inkişafı üçün yeni imkan və prespektivlər vəd edir.  Belə ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun bu günə kimi 79 dəfə dəyişdirilib. Buna baxmayaraq həmin qanun  müasir çağırışlarla cavab vermir, medianın iqtisadi müstəqilliyinin təmin olunması, medianın dövlət və cəmiyyətdəki rolu, jurnalistlərin hüquq və vəzifələrinin müəyyən olunması, ümumilikdə media sahəsindəki münasibətlərin tənzimlənməsi baxımından müasir tələbləri qarşılamır. Yeni qanun layihəsi isə media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.  Bu isə o anlama gəlir ki, "Media haqqında" qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".

Hüquqşünas qeyd edib ki, "Media haqqında yeni qanun layihəsində bir sıra yeniliklər əksini tapıb. Onlardan ən vacibi jurnalistlərin Media Reyestrinə daxil edilməsi və onlara vahid vəsiqənin verilməsilə bağlıdır: " Layihədə nəzərdə tutulduğu kimi  Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Digər vacib məsələ informasiyaya dair tələblərin müəyyənləşdirilməsidir ki, bu zaman müəllif hüquqlarının qorunması məsləsi gündəmə gəlir. Daha dəqiq, yeni qanun layihəsində müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühitinin  formalaşmasına səbəb olacaq. Ümumilikdə "Media haqqında" yeni qanun ciddi medianın inkişafı və peşəkar jurnalistlərin formalaşmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək, medianın nüfuzunu özünə qaytaracaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31