Pandemiya hələ sona çatmayıb
9 Dekabr 2021 13:30 SosialTəyyar Eyvazov: "Bu gün virusun daha çox mutasiyaya uğramış yeni ştamı- "omicron" ştamı peyda olub"
Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparılır: "Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdədir. Bu müddət ərzində xəstəlik haqqında bilgilərimiz xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq. Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir". Onun sözlərinə görə, ölkəmiz infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başladı və hazırda yetkin əhalinin 60%-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır: "Artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb. Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan isanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir. Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib. İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir".
T.Eyvazov onu da bildirib ki, pandemiya hələ sona çatmayıb: "Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı- "omicron" ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb. İlkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir. Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcəkdir. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik".
Alim