Şəfalı əlləri ilə möcüzə yaradan insan
9 Dekabr 2021 11:11 SosialÖmrünü elmə, elmini insanların sağlamlığına sərf edən kəs daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən insan camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də ali dərəcəli həkim-fitiziatr Xanım İbadulla qızı Feyziyevadır. Nəcib, alicənab, humanitar peşə sahibi olan Feyziyeva neçə-neçə insanı həyata qaytarıb, xəstəyə şəfa verib. "Sabahlar insanlara bu günün hədiyyəsidir" hikmətini özünə həyat devizi seçən həkim Feyziyeva uzun müddət vərəm dispanserində çalışıb. Xanım həkim işlədiyi müddətdə təkcə tibb ictimaiyyəti arasında deyil, eləcə də Sumqayıt sakinləri arasında hörmət və nüfuz sahibi olub. Ömrünü insanların sağlamlığına həsr edən Xanım həkim "alim qocaldıqca ucalar, ucaldıqca da qocalar" deyiminin hikmətini insanlara xidməti ilə, xəstələrinin yaddaşında şəfalı əllər sahibi kimi qalmaqla doğruldub.
Ömrünü həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara sevinci bəxş etməyə həsr edən həkim indi ömrünün müdriklik çağını yaşayır. Hippokrat andı içərək həkim kimi fəaliyyətə başlasa da, tibbin ən çətin bölməsində biliyini sınamağı qarşısına məqsəd qoyan Xanım həkim keçdiyi həyat səlnaməsinin şərəfli səhifələrini ömrünün ən xoş anları kimi xatırlayır.
Alicənablığı ilə xəstələrin qəlbini sevindirməyi, darda qalanların ehtiyacını ödəməyi, həyat verdiyi xəstəlirin sevincini birgə yaşamağı bacaran Xanım həkim dövlət və cəmiyyət tərəfindən ona göstərilən etimadı da doğrultmağı bacarıb. Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verən, dəfələrlə ilklərə imza atan, insanlara bəxş etdiyi şəfaya görə "Sumqayıtın briliyyantı" titulunu qazanan Xanım Feyziyeva Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilib.
Nofəl və Almaz Abbasovlar ailəsi adından Xanım həkimə yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşamağı arzu edirlər: "Uğur həmişə sizinlə olsun, daim belə mehriban, gülərüz və gözəl qalasınız! Həyatının sevincinin göydəki ulduzların sayı qədər çox, günəşin parıltısı qədər işiqlı olması arzusu ilə..."