Yeniyetmələrə də şəkilli şəxsiyyət vəsiqəsi veriləcək
3 Dekabr 2021 13:30 Sosial15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına da fərdi identifikasiya kartı deyil, şəxsiyyət vəsiqəsi veriləcək. Olaylar -ın məlumatına görə, bununla əlaqədar "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun ləğv edilir, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna müvafiq dəyişiklik edilir.
Başqa sözlə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli olan "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.